İmam Zaman ağanın (ə.f) başqa İmamlara (ə) bənzər xüsusiyyətləri
Bütün Məsumlar (ə) bir nurdan xəlq olublar. Onların hamısının bir hədəfi vardır: insanları hidayət etmək və ürəklərinə iman nurunu salmaq. İmam Zaman ağa (ə.f) Məsum İmamların (ə) sonuncu üzvü kimi Əhli-beytin (ə) hədəf və zəhmətini sona çatdıracaqdır. Ona görə də İmam Məhdidə (ə.f) bütün peyğəmbərlərin (ə) və İmamların (ə) sifətləri cəm olmuşdur. İmam Zamanın (ə) İmam Səccada (ə) bənzərliyi. İmam Səccadın (ə) ən bariz sifəti - ibadətidir. Ona görə də o Həzrətə (ə) Zeynəlabidin ləqəbini veriblər. İmam Zaman ağa (ə.f) da belədir. İmam Musa Kazım (ə) onun haqqında buyurur: "O palıdı simasına gecə yatmamağın sarılığı qarışmışdır. Atam o kəsə fəda olsun ki, gecəni səcdədə, rükuda, ulduzları saymaqda (oyaq qalmağa işarədir) keçirəcəkdir". İmam Zaman ağanın (ə.f) İmam Baqirə (ə) bənzərliyi. İmam Baqirin (ə) ən bariz sifəti – Həzrət Peyğəmbərə (s) bənzəməsidir. Cabir ibn Abdullah Ənsari Həzrəti (ə) görən zaman demişdi: "Kəbənin Allahına and olsun ki, Peyğəmbərin (s) şəklidir". (Yəni, ona bənzəyir). Həzrət Peyğəmbər (s) özü İmam Zaman ağa (ə.f) haqqında buyurur: "Adı – mənim adım, künyəsi – mənim künyəm, xilqət və rəftar cəhətdən mənə ən çox bənzəyəndir". İmam Zaman ağanın (ə.f) İmam Sadiqə (ə) bənzərliyi. İmam Sadiqin (ə) ən bariz xüsusiyyəti – insanlara elmi və əhkamı bəyan etmək olmuşdur. Bu fürsət başqa İmamlar (ə) üçün yaranmamışdır, ancaq İmam Sadiqin (ə) zamanında bütün elmlərin qapısı açılmışdı. İmam Zaman ağa (ə.f) da zühur edən zaman əhkamı bəyan edəcək, insanlara bütün həqiqətləri tanıdacaqdır. İmam Sadiq (ə) buyurur: "Elm 27 hərfdir. Bütün İlahi peyğəmbərlərin (ə) gətirdikləri – iki hərfdən çox deyildir. İnsanlar indiyə qədər iki hərfdən başqasını tanımayıblar. Ancaq o zaman ki, Qaim (ə.f) zühur edər, qalan 25 hərfi də aşkar edəcəkdir". İmam Zaman ağanın (ə) İmam Kazıma (ə) bənzərliyi. İmam Kazım (ə) atalarından daha çox təqiyyə etməyə məcbur qalmışdı. İmam Zaman ağa (ə.f) da belədir. İmam Sadiq (ə) buyurur:"Müntəzir İmam (ə.f) zühurundan əvvəl bir müddət gözlərdən qeyb olacaqdır. Səbəbini soruşan zaman buyurur: "Canına görə ehtiyat edər"". İmam Zaman ağanın (ə) İmam Rzaya (ə) bənzərliyi. Allah Təala İmam Rzaya (ə) zahirdə elə bir məqam vermişdi ki, o biri İmamlara (ə) verməmişdi. Təqiyyə ehtiyatını ondan götürmüşdü. İmam Zaman ağa (ə.f) da belədir. Allah onun ehtiyatını rahatlığa çevirəcəkdir. Ona yer üzündə iqtidar verəcəkdir. İmam Zaman ağanın (ə) İmam Cavada (ə) bənzərliyi. İmam Cavad (ə) İmamət kürsüsünə əyləşən zaman 8 yaşı var idi. İmam Zaman ağa (ə.f) da uşaq yaşlarından İmam olmuşdur. İmam Zaman ağanın (ə) İmam Hadiyə (ə) bənzərliyi. İmam Hadinin (ə) elə bir heybəti var idi ki, onun kimisini görən olmamışdı. Düşmənləri ona heybətinə görə təzim və ehtiram edirdilər. İmam Zaman ağa (ə.f) da belədir. Düşmənlərin ürəyində xüsusi heybəti vardır. İmam Zaman ağanın (ə) əziz atasına bənzərliyi. İmam Həsən Əsgəri (ə) də atası İmam Hadi (ə) kimi heybətə malik bir insan idi. İmam Zaman ağa (ə.f) da bu cürdür./Deyerler/ Oxşar xəbərlər
|