Yaxşı qonşuluq etmək ömrü uzadar, ruzini artırar...
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qonşusunun möhtac olduğu şeyi ondan əsirgəyərsə, Allah Qiyamət günü Öz xeyirini ondan əsirgəyər və onu özbaşına buraxar”.
Bu gün göydələnlərin sakinləri necə qonşu ola bilirlər? Qonşuluq haqqına riayət edə bilirlərmi? İslam dini qonşuluq haqqına xüsusi əhəmiyyət verən bir dindir. Bəzən çətinliyə düşən zaman onlar bizə hamıdan daha çox yardım edərlər. İmam Səccad (ə) bizlərə qonşuların bəzi haqlarını tanıtmışdır. O cümlədən: 1. Əgər hazır olsa, onunla söhbət edəsən. 2. Eyblərini axtarmayasan. 3. Çətinliyə düşən zaman tək qoymayasan. 4. Onunla ədəblə rəftar edəsən. Həzrət Peyğəmbər (s) buyurur: “Cəbrayil (ə) qonşuluqla bağlı o qədər tövsiyələr vermişdir ki, təsəvvür edirdim ki, qonşu insandan irs aparır”. Göydələnlər gərək insanların qonşuluq etməklərinə mane olmasın. Bu binalarda yaşayan insanlar bir-birini tanımalı və bir-birinə əziyyət verməməlidirlər. İmam Sadiq (ə) buyurur: “Dörd tərəfdə olan dörd ev: üzbəüz, arxa, sağ və sol tərəf qonşu hesab olunur”. Qonşuya yaxşılıq etmək imandandır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Qonşunla yaxşı rəftar et ki, mömin olasan”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mənə iman gətirməz o kəs ki, qonşusu ac olduğu halda, özü gecəni tox yatar. Mənə iman gətirməz o kəs ki, geyimli yatar bir halda ki, qonşusunun paltarı olmaz”. Hədislərin birində oxuyuruq ki, əgər insan qonşusuna əziyyət verməzsə, Allah Qiyamət günü günahlarını bağışlayar. Yaxşı qonşu olmaq ruzini artırar. İmam Sadiq (ə) buyurur: “Yaxşı qonşuluq ruzinin artmasına səbəb olar”. Yaxşı qonşu insanın rahat və hüzurlu olmasına səbəb olar. Həzrət Peyğəmbər (s) yaxşı qonşunu bəşərin səadətindən bilir. Yaxşı qonşu olmağın bərəkətlərindən biri də ömrü uzatmasıdır. İmam Sadiq (ə) buyurur: “Qonşuların bir-birinə yaxşılıq etməsi evləri abad və ömürləri uzun edər”. Allah Təala qonşuya əziyyət vermək barəsində buyurur: “Qiyamət günü iki nəfərə rəhmət gözü ilə baxmaram: o kəs ki, qohumları ilə əlaqəsini kəsər və o kəs ki, qonşusuna pislik edər”. O kəs ki, yersiz yerə qonşusuna əziyyət verər, Allah behiştin qapısını üzünə bağlayar. İslam dairəsindən xaric olar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər qonşunun itinə daş atsan, ona əziyyət vermək hesab olunar”. Beləliklə hədislərimizdən belə nəticəyə gəlmək olur ki, qonşu bir dost və yoldaş kimi böyük əhəmiyyətə malikdir. Hər kəs qonşu haqqına riayət etməlidir ki, dünya və axirət səadətinə çata bilsin. Oxşar xəbərlər
|