Müqəddəs Ərdəbilinin (rə) İmam Zamanın (əc) hüzuruna yetişməsi
Müqəddəs Ərdəbilinin İmam Zamanın (əc) hüzuruna yetişməsi belə olub. Onun şagirdi belə nəql edib: Gecə yuxum gəlmirdi. Yataqdan qalxdım. Gördüm ki, ustadım əbasını başına çəkib və İmam Əlinin (ə) hərəminə doğru gedir. Mən də ustadın arxasınca getdim. Belə ki, hərəmin qapısına qədər getdi. Hərəmin qapısı bağlı idi. Amma, birdən qapı səsləndi və açıldı. Ustadım daxil oldu və bir neçə dəqiqədən sonra çölə çıxdı. Kufə məscidinə doğru yollandı. Kufə məscidinin qapısına çatdıqda qapı bağlı idi. Bu dəfə də, qapı bir səslə açıldı. Ustad məscidə girdi və bir neçə dəqiqə sonra çölə çıxdı. Sonra Nəcəfə doğru üz tutdu. Qayıdan zaman öskürdüm. Ustad öskürəyimin səsini eşitdi və qayıdıb soruşdu: -“Kimsən?” Dedim: -“Əmir Əllamam. Sizin şagirdiniz”. Dedi: -“Gecənin bu vaxtı burada nə edirsən?” Dedim: -“Ustad, siz burada nə edirsiniz? Mən saatlarla sizi təqib etmişəm. İmam Əlinin (ə) hərəminə getdiniz. Bağlı qapı üzünüzə açıldı! Sonra, Kufə məscidinə gəldiniz. Burada da qapı öz-özünə açıldı. Siz nə edirdiniz?” Müqəddəs Ərdəbili şagirdinin mənəvi sirlərə agah olma ləyaqətini gördü və bəzi alimlərin dediyinə görə, ondan söz aldı ki, diri olduğu müddətdə onun sirrini başqasına deməsin, sonra dedi: -“Uzun müddət idi ki, bir neçə mürəkkəb elmi məsələ barədə tədqiqat aparırdım. Bu gecə bir qədər düşündüm. Gördüm ki, istənilən cavabı əldə etməmişəm. Öz-özümə dedim: -Şeyx Əhməd xəcalət çəkmirsən? Sən ki, Əmirəl-möminin İmam Əlinin (ə) elm dəryasının kənarında əyləşmisən, niyə gedib suallarını öz mövlandan soruşmursan? “وَ كُلَّ شَيْءٍ أَحْصَيْناهُ في إِمامٍ مُبين” (“Yasin” surəsi, 12-ci ayə) (Biz hər şeyi hesaba alıb açıq-aydın imamda təsbit etmişik.) “وَ لا رَطْبٍ وَ لا يابِسٍ إِلاَّ في كِتابٍ مُبين” (“Ənam” surəsi, 59-cu ayə.) (Yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın!) “أی في إمام مبین” (Yəni, açıq-aşkar imamda) O, “وَ مَنْ عِندَهُ عِلْمُ الْكِتَاب” (“Rəd” surəsi, 43-cü ayə) (Kitabı bilənlərin şahid olması yetər!) ayəsinin sahibidir. Get, İmam Əlinin (ə) özündən soruş! Buna görə hərəmə gəldim. Lakin, hərəmin qapısı bağlı idi. İmam Əli (ə) özü qapını açdı. Suallarımı verdim. İmam Əlinin (ə) pak qəbrindən səs gəldi: -“Şeyx Əhməd Müqəddəs Ərdəbili! Sən övladım Məhdinin (ə) imamət və vilayət dövründə yaşadığın üçün, suallarının cavabını da ondan soruşmalısan”. Ərz etdim: -“Ey mənim mövlam! Mən sizin övladınızın harada olduğunu bilmirəm”. İmam buyurdu: -“Oğlum indi Kufədə namaz qılır”. Buna görə, Kufəyə gəldim və İmam Zaman (ə) mənim üçün qapını açdı. Suallarımın cavabını İmam Zamandan (əc) aldım və indi də qayıdıram”. Oxşar xəbərlər
|