Səmada yaşayan peyğəmbərlər (ə)
Allah Təala bəzi peyğəmbərlərinin (ə) ruhunu almamış və onları bədənləri ilə bir yerdə səmaya qaldırmışdır. Bu peyğəmbərlərdən biri də Həzrət İsadır (ə). Təfsirçilərin nəzərinə görə Allah Təala Həzrət İsanı (ə) bədəni və ruhu ilə bir yerdə səmaya qaldırmışdır. O, İmam Zamanın (ə.f) zühuru zamanı yerə enəcək və İmamın (ə.f) arxasında namaz qılacaqdır. Ona görə də bütün xristianlar İmama (ə.f) iman gətirəcəklər və bütün Yer üzündə tək din olan İslam dini hakim olacaqdır. “Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni Həzrət İsanın surətinə saldı və dostları Həzrət İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi). (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərindən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son İlahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam»”. (“Ali-İmran” 54-55). Bəs onun səmadakı həyatı necədir? O, maddi və cismi ehtiyaclarını necə ödəyir? Bu suallara sadə bir cavabımız vardır ki, o Allah ki, İsanı (ə) atasız dünyaya gətirmişdir, onun maddi bədəninin ehtiyaclarını səmada təmin etməsi də Onun üçün sadə bir işdir. Baxmayaraq ki, bu işin keyfiyyəti bizlər üçün aydın olmasa belə. Səmaya qalxan başqa peyğəmbərlər də vardır ki, onlardan biri də İdris (ə) peyğəmbərdir. “Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq)”. (“Məryəm” 57). Bu ayənin İdris (ə) peyğəmbər haqqında nazil olduğunu bəyan edən təfsirçilərimiz vardır. Bəziləri deyir ki, bu ayə onun dünyada olan zaman məqamının ucaldılmasından bəhs edir, lakin bəzi təfsirçilərin nəzərinə görə, bu peyğəmbər də Həzrət İsa (ə) kimi səmaya qaldırılmışdır. İlyas (ə) peyğəmbərlə də bağlı eyni nəzər mövcuddur. Bəzilərinin əqidəsinə görə Allah Təala İlyas peyğəmbəri də səmaya qaldırmışdır. Lakin bu mövzunu təsdiq edən dəlilimiz yoxdur. Sadəcə alimlər bu mövzuda şühud və kəşf ediblər. Həzrət İlyasın Quranda üç dəfə adı çəkilmişdir. İki dəfə İlyas adı ilə bir dəfə isə İlyasin adı ilə. Onunla bağlı 6 nəzər vardır. Bir nəzər deyir ki, İlyas – həmin İdris peyğəmbərdir. İkinci nəzər deyir ki, Həzrət İlyas - Bəni-İsrayil peyğəmbərlərindən olmuşdur və Harun peyğəmbərin nəvəsi Yasinin oğludur. Üçüncü nəzərə görə Həzrət İlyas həmin Xızr peyğəmbərdir. Xızr (ə) peyğəmbər də sağdır. Başqa bir adı İlyasdır. Dördüncü nəzərə görə o, Həzrət Xızırın (ə) dostlarındandır. Həzrət Xızr səhra və quruluqda olduğu halda, o, dəniz və adalarda yaşayır. Beşinci nəzər deyir ki, Həzrət İlyas - həmin İliyadır. Bəni-İsrayilin peyğəmbərlərindən biridir ki, Bəni-İsrayil (ə) padşahlarından olmuşdur. Altıncı nəzər isə deyir ki, o, həmin Yəhyadır. Lakin görünən budur ki, bu nəzərlərdən heç biri doğru deyildir. Çünki Quran həm İdrisin adını çəkmişdir, həm də İlyasın. Əgər eyni insan olsaydılar, onların adını ayrı-ayrı çəkməyin mənası olmazdı. Ona görə də deyə bilərik ki, İlyas da peyğəmbər olmuşdur. Həzrət (ə) elə bir qəbiləni hidayət edirdi ki, Bəəl adlı bütə sitayiş edirdilər. Ona görə də şəhərin adı Bəlbək idi. Lakin bu insanlar peyğəmbəri inkar etdilər və ona qulaq vermədilər. Ona görə də deyə bilərik ki, İlyas (ə) peyğəmbər də sağdır və Həzrət Xızrla (ə) bir yerdədir. Onun sağ olduğu məlumdur, səmada olduğu məlum deyildir. Bir nəzər belə idi ki, Həzrət İlyas (ə) - İdris peyğəmbərdir (ə). Əslində Həzrət İdris (ə) Həzrət Nuhun (ə) babası olmuşdur. Yəni, Nuhdan (ə) əvvəl yaşamışdır. İlk insan olmuşdur ki, qələmlə söz yazmışdır. İlk insan idi ki, paltar tikməyi öyrətmişdir. O, peyğəmbər olmaqla yanaşı, ona həm də başqa elmlər, o cümlədən astronomiya elmi, hesab elmi vəhy olunurdu. Həzrət Xızr (ə) da sağ olan peyğəmbərlərdəndir. Quran sadəcə iki peyğəmbərin səmaya qalxmasına işarə edir. Ancaq Həzrət Xızr (ə) və Həzrət İlyas (ə) yer üzərində yaşayırlar. /Deyerler.org/ Oxşar xəbərlər
|