Tövbə nədir?
Mьəllif: admin1
Tarix: 26-12-2020, 10:56
Tövbə nədir?

Tövbə insanın keçmiş əməllərindən peşman olmasıdır. O kəsə həqiqi tövbəkar demək olar ki, doğrudan da, səmimi qəlbdən keçmiş günahlarından peşman olsun.

Peyğəmbər (s) buyurur: “(Günahdan) peşman olmaq tövbədir.” (“Həqaid” səh. 386)

Düzdür ki, Allah tövbəni qəbul edir və günahları bağışlayır, lakin, təkcə dildə “əstəğfirullah” deməyi, yaxud peşmançılıq izhar etməyi, yaxud da bəzən ağlamaq kimi işləri həqiqi tövbəyə dəlil hesab etmək olmaz. Yalnız üç əlamətin varlığı ilə tövbəni həqiqi hesab etmək olar:

1.Keçmiş günahlardan qəlbən peşman olub onlara nifrətlə yanaşsın. Öz-özlüyündə qəmlənib peşman olsun və xəcalət hissi keçirsin.

2.Gələcəkdə günaha batmamaq barədə ciddi şəkildə qərar qəbul etsin.

3.Əgər günah nəticəsində bərpa olunmağı mümkün olacaq bir iş görmüşsə onun əvəzini ödəməyə qərara alsın. Məsələn, camaatın haqqını qaytarsın.

Əgər bir kəsin malını qəsb etmişsə, yaxud, oğurlamışsa, yaxud, tələf etmişsə yaranan ilk fürsətlərdə onu sahibinə qaytarmağa dair qərara gəlsin.

Əgər onu verə bilməzsə mümkün olan hər bir yolla sahibini razı salsın. Əgər kiminsə qeybətini etmişsə, ardınca pis sözlər danışmışsa ondan halallıq istəsin.

Əgər bir kəsin haqqını tapdalayıb ona zülm etmişsə məzlumun razılığını cəlb etsin. Əgər mal-dövlətinin vacib hüquqlarını (xums, zəkat, və s.) verməyibsə versin.

Əgər namaz və oruc kimi əməllər fövtə gedibsə qəzasını yerinə yetirsin.

Belə bir şəxs barəsində demək olar ki, o, doğrudan da keçmiş günahlarından peşman olmuşdur və tövbəsi də qəbul olunur.

Amma sadəcə “istiğfar” kəlməsini deyən, lakin, qəlbdə peşman olmayan və gələcəkdə onu tərk etməyə dair qərara gəlməyən, yaxud, bərpa olunası günahların əvəzini çıxmayan şəxs tövbə etməmiş olur və o, dua məclisində iştirak etməsinə, atifələrdən təsirlənməsinə, göz yaşı axıdıb ah-nalə etməsinə baxmayaraq tövbəsinin qəbul olmasını gözləməməlidir.

Bir nəfər Əmirəlmöminin Əliyyibni Əbitalib (ə) hüzurunda istiğfar kəlməsini dilinə gətirdikdə Həzrət (ə) buyurdu: “Anan matəmində otursun! Bilirsənmi istiğfar nə deməkdir?

İstiğfar İlliyyin dərəcəsidir və onun altı mənası vardır:

1. Keçmiş günahlardan peşman olmaq.

2. Həmişəlik olaraq günahı tərk etmək qərarına gəlmək.

3. Camaatın haqqını ödəmək. Belə ki, qiyamətdə Allahın hüzuruna gələn zaman üzərində başqasının haqqı olmasın.

4. Tam dəqiqliklə tərk etdiyi ibadətlərin qəzasını yerinə yetirsin.

5. Günahlarına o qədər qəm-qüssəli olsun ki, haram yeməklərdən bədənində əmələ gələn ətlər əriyib aradan getsin və dəri bədəninə yapışsın, sonradan (onun yerinə) təzə ət gəlsin.

6. Əvvəllər günahın şirinliyini daddığın kimi, itaətin çətinlik və əzabını da bədəninə dadızdırasan. Bundan sonra «əstəğfirullah» de!” (“Vəsailuş-şiə”, 11-ci cild, səh. 361)

Şeytan o qədər hiyləgərdir ki, insanı hətta tövbə barəsində belə aldadır. Mümkündür günahkar insan dua məclisində iştirak edib təsirlənsin, göz yaşı axıdıb nalə etsin.

Bu zaman şeytan deyər: “Bəh-bəh, nə qədər yaxşı hal tapmısan! Artıq sən tövbə edib günahlardan paklanmısan.”

Halbuki qəlbən günahlardan peşman olmayıb, gələcəkdə günahların tərk olunmasına dair qərar qəbul etməyib, camaatın və Allahın haqqını ödəməyi qərara almayıb.

Belə bir əməl həqiqi tövbə sayılmır və insanın nəfsinin paklaşmasına, axirətdə xoşbəxt olmasına səbəb olmaz. Belə insan günahlardan qayıtmamış və Allah dərgahına üz tutmamışdır.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930