Xristian kişi misirli hakimi necə Əhli-beyt (ə) davamçısı etdi
Ustad Ənsarian yazır: “Bir neçə il İngiltərəyə dərs verməyə gedirdim. Bir gün ərəb dilli bir Əhli-beyt (ə) davamçısının məclisində iştirak etdim. Çox gözəl və aydın dəlillərlə xütbə oxuyurdu. Soruşdum ki, bu kimdir? Hansı ölkədəndir? Dedilər: Qahirədəndir, özü məhkəmədə hakim olmuşdur. Ancaq Əhli-beyt (ə) məzhəbini qəbul edəndən sonra onu işdən çıxarıb, maaşını kəsdilər. Onunla görüşmək istədim və bu məzhəbi necə qəbul etdiyini öyrənməyə tələsdim. O, cavab verdi: Bir gün xristian ərlə arvad boşanmaq üçün mənə müraciət etdilər. Xristian dinində ər o zaman boşana bilər ki, arvadı ona xəyanət etmiş olsun. Qadınla söhbət etdim və onun danışığından və rəftarından başa düşdüm ki, o, günahsızdır. Əri ilə söhbət edəndə başa düşdüm ki, arvadına töhmət atır və boşanmaq istəyir. Kişiyə dedim ki, sizin dininiz də qəribədir, ömrünüzün axırına qədər gərək yana-yana yaşayasınız, ya da arvadınıza töhmət vurasınız. O, dedi: “Xeyr, sizin dininiz məntiqsizdir. Çünki xristian kişinin arvadına töhmət atmağını araşdırmaq üçün uzun zaman lazımdır. Ola bilsin ki, hətta qeyri-mümkün olsun. Ancaq sizin qanunlar deyir ki, arvadın ən kiçik təsiri olmadan siz kişilər bir dəfəyə üç dəfə “təlaq” deməklə onun bütün zəhmətlərini puç edə bilərsiniz. İllərlə sənin əziyyətini çəkmiş və övlad dünyaya gətirmişdir, ancaq sən bir anlıq onun bu zəhmətini yerə vurursan. Görəsən xristian dini məntiqsizdir, yoxsa sizin dininiz?”. Mən onun bu sözlərindən sonra fikrə getdim və məzhəbləri araşdırmağa başladım. Ən aydın və məntiqli məzhəbi Əhli-beyt (ə) məktəbində tapdım. Ona görə bu məzhəbi qəbul etdim. Hökumət mənim məzhəbimi dəyişdirdiyimi eşidəndə məni işdən çıxartdı. Ancaq Qahirə Əhli-beyt (ə) davamçıları məni diqqətlərinə aldılar. Məni məclislərdə çıxış etmək üçün dəvət etdilər. Allahın inayəti ilə həm Qahirədə və həm də xarici ölkələrdə Əhli-beyt (ə) davamçılarının məhəbbətini özümə cəlb etdim. Ramazan ayında, Məhərrəm və Səfər aylarında təşkil edilən məclislərin sayəsində həyatım hakim olduğum zamandan da gözəl keçir və hətta təqaüd almağa da ehtiyacım yoxdur”. Oxşar xəbərlər
|