Nəfsə nəzarət
İnsanın bütün pis və yaxşı hərəkət, danışıq və əməllərinin mənşəyi onun nəfsidir. Əgər nəfs islah olunarsa insanın dünya və axirəti təmin və abad olunar. Əgər fəsada, əxlaqsızlığa adət edərsə bütün pisliklərin mənşəyi olacaq, dünya və axirətdə insanı fəlakətə sürükləyəcəkdir. Əgər insaniyyət yolunda qədəm götürərsə Allah dərgahına yaxın olan mələklərdən də daha artıq yüksələ bilər. Yox əgər şərif insaniyyət gövhərini görməməzliyə vuraraq heyvaniyyət yolunda qədəm götürərsə heyvanlardan da alçaq olar, hətta şeytanlıq məqamına qədər süqut edər. Bu iki yoldan hər birini ötməkdə lazım olan səbəb və vasitələr insanın daxilində mövcuddur. Onun həm əqli vardır və fitri olaraq əxlaqi fəzilətləri, insani keyfiyyətləri istəyir, həm də bir heyvan kimi heyvani qüvvələrə və qərizələrə də malikdir. Amma heyvani qərizələr, qüvvələr və meyllərin də tamamilə batil və ziyanlı olması, insanı süquta çəkməsi düşünülməməlidir. Əksinə, onların varlığı insan həyatı üçün zəruridir. Əgər onlardan düzgün istifadə olunarsa insanın təkamülü və Allah dərgahına yaxınlaşması yolunda kömək olur. Amma əsas çətinlik bundan ibarətdir ki, heyvani istəklər və təmayüllər heç bir müəyyən həddə dayanmır və başqalarını nəzərə almır. Nə insani istəklərə diqqət yetirir, nə də sair qərizələri nəzərə alır. Əksinə, hədəfi yalnız onları tam mənada təmin etməkdən ibarətdir. Bundan başqa heç bir hədəfi yoxdur. Yemək-içməyə, cah-cəlala, məqama, şan-şöhrətə, vəzifəyə, rəisliyə və mal-dövlətə məhəbbət, güzəranda eyş-işrətdən və firavanlıq kimi şeylərdən ləzzət almaq, qəzəb və intiqamçılıq kimi xüsusiyyətlər heç bir həddə dayanmır, onlardan hər biri tamam-kamal surətdə təmin olunmağı tələb edir. Buna görə də insanın nəfsi həmişə müxtəlif qərizələrin çarpışmasına meydan yaradır. Onda heç vaxt aramlıq və sükunət yoxdur. Onlardan hansı biri qələbə çalsa nəfsi özünün kamil əsarəti altına alacaqdır. Lakin bu çarpışma əsnasında əql çox mühüm mövqeyə və qüdrətə malik olur. O, şəriətin göstərişlərindən istifadə edərək nəfsani qərizələri, meylləri və istəkləri nəzarət altına ala bilər, onları mö"tədil hala salaraq baş verəcək təfrit və ifratın qarşısını ala bilər, hakimiyyət məqamını ələ keçirərək qərizə və istəklərin arasında müvazinət yarada bilər. Bununla da "nəfs ölkəsini" hərc-mərclikdən, tüğyançılıqdan qurtararaq insaniyyətin düzgün yoluna və Allah dərgahına doğru seyr-süluka hidayət edə bilər. Amma əqlin hakimiyyət tapması o qədər də asan deyildir. Çünki o, çox güclü, hiyləgər və aldadıcı düşmənlə qarşı-qarşıya durur. "Nəfsi-əmmarə" adlanan bu düşmən həddindən artıq bəhanə gətirir. Onu himayə edən çoxlu köməkçiləri də vardır. Allah-taala Quranda buyurur: "Nəfs insanı daim pis yollara (ketməyə) əmr edir, yalnız Pərvərdigarımın rəhm etdiyi şəxslərdən başqa." ("Yusif" surəsi, 53-cü ayə) Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir." ("Biharul-ənvar", 70-ci cild, səh. 64) Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Əql və şəhvət biri-birinə ziddir. Elm əqli, həvayi-nəfs isə şəhvəti himayə edir. Nəfs bu iki qüvvənin çəkişdiyi, mübarizə apardığı meydandır; onlardan hər biri digərinə qələbə çalsa nəfsi öz ixtiyarına keçirir." ("Qurərul-hikəm", 1-ci cild, səh. 96) Həzrət Əmirəl-möminin Əli (ə) yenə buyurur: "Şər və pislik hər bir nəfsin daxilində gizlənmişdir. Əgər sahibi ona qələbə çalsa gizlənər, qələbə çalmazsa aşkar olar." ("Qurərul-hikəm", 1-ci cild, səh. 105) Deməli, əql çox gözəl hakimdir. Amma onun müəyyən qədər köməyə, həmkarlığa ehtiyacı vardır. Əgər bu batini çarpışmada əqlin tərəfini saxlasaq, nəfsani istəklərə, şəhvətlərə və həvayi-nəfsə həmlə etsək "bədən ölkəsinin" idarə olunmasını əqlin ixtiyarına vermiş oluruq. Bunun ardınca da böyük nailiyyətlərə, qələbələrə çatırıq. Bunu da şəriət, təriqət və həqiqət rəhbərləri – Peyğəmbəri-Əkrəm (s.ə.v.v), onun pak və ismətli Əhli-beyti (ə) bizdən istəmiş, bu barədə çoxlu təkidli göstərişlər vermişlər. Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: "Hər kəs özünün nəfsani istəklərini öz mülkiyyətinə (ixtiyarına) keçirməsə, öz əqlinin də maliki olmayacaqdır." ("Qurərul-hikəm", 2-ci cild, səh. 702) Əmirəl-möminin Əli (ə) buyurur: "Nəfsani istəklərin qələbə çalması ən böük həlakət (bədbəxtçilik), (insanın) ona qələbə çalması isə malikiyyətlərin ən yaxşısıdır." ("Qurərul-hikəm", 2-ci cild, səh. 507) İmam Cəfər Sadiq (ə) buyurur: "Hər kəs rəğbət, qorxu, şəhvət, qəzəb və razılıq anlarında öz nəfsinə hakim olsa Allah cəhənnəm odunu onun bədəninə haram edər." ("Vəsailuş-şiə", 6-cı cild, səh. 123) Əmirəl-möminin Əli (ə) buyurur: «Öz nəfslərinizə hakim olun və onu günahlardan çəkindirin ki, itaətə doğru çəkmək asan olsun." ("Qurərul-hikəm", 2-ci cild, səh. 908) Deməli, nəfsə hakim kəsilib onun istəklərini nəzarət altına almaq nəfsin saflaşdırılması üçün zəruri və həyati bir məsələdir. İnsanın nəfsi hələ minilməyən və ipə-sapa yatmayan inadkar bir ata bənzəyir: əgər riyazət vasitəsilə ram olub cilovlanarsa ona minib istifadə etmək olar. Amma əgər ram olmazsa və istədiyi hər tərəfə hərəkət edərsə insanı uçuruma salar. İnadkar və ipə-sapa yatmayan nəfsin ram edilməsi də çox çətindir. O, əvvəlcə sənin qarşında ciddi müqavimət göstərəcəkdir. Lakin sən də müqavimət göstərsən axırda təslim olacaqdır. Əmirəl-möminin Əli (ə) buyurur: "Əgər nəfsin sənin qarşında inadkarlıq göstərsə (tərslik edərsə) və təslim olmazsa sən də onun qarşısında ciddiyyət göstər ki, sənin üçün zəlil və ram olsun. Onunla hiyləgərliklə rəftar et ki, özünə itaət etdirə biləsən." ("Qurərul-hikəm", səh. 319) Əmirəl-möminin Əli (ə) yenə buyurur: "Nəfsani istəklər və şəhvətlər öldürücü xəstəliklərdir. Onların ən yaxşı müalicəsi də onların qarşısında səbr edib müqavimət göstərməkdir." ("Qurərul-hikəm", 1-ci cild, səh. 72) Kitabın adı: Nəfsin saflaşdırılması Oxşar xəbərlər
|