Dəryadan bir damla (1-ci hissə)
İnsanları azğınlıqdan hidayətə, qaranlıqdan nura və köləlikdən azadlığa çıxartmaq üçün göndərilən əziz Peyğəmbərimiz Həzrəti Rəsulullah (s.ə.a.s) buyurur:-"Dinin əvvəli Allah tanımaq, sonu isə işləri ona tapşırmaqdır". Bu mübarək hədis iki mühüm hissədən ibarətdir.1.Dinin əvvəli Allah tanımaq. 2.Dinin sonu işləri ona tapşırmaqdır (həvalə etmək)...Hədisin tam aydınlaşması üçün hər iki hissəyə ayrılıqda müraciət edək. Allah bütün varlıq aləmini onu tanımaq üçün yaratdı. Bu barədə keçən yazılarımızda ətraflı yazdığımız üçün təkrar etmirəm, amma yazımız və ağlımız nurlansın deyə, bir mübarək hədisi-qüdsi demək istəyirəm. Allahımız ,Xaliqimiz buyurur:-"Mən gizlin bir xəzinə idim, istədim ki, tanınam, yaradılışı yaratdım ki,tanınım". Yaradılışın hədəf və hikməti Allah tanımaqdır. Allah tanımaq iki əsas yol ilə əldə olunur. 1.Allahın yaratdığı əzəmətli kainatda təfəkkür etməklə. Necə ki, Qurani-kərimdə oxuyuruq, "Biz onlara kainatda və öz nəfslərində ayələrimizi göstərəcəyik , bununla da onlar üçün onun (Allahın) haqq olması aydınlaşsın". (Fussilət/53) 2.Düzgün və düşüncəli ibadət vasitəsi ilə. Allah müqəddəs Quranında buyurur:-"Mən cinləri və insanları mənə ibadət etmək üçün yaratdım". (Zariyat/56). İmam Sadiq (ə) bu ayənin izahında buyurdu ki, "məni tanımaq üçün yaratdım". Allaha ibadət etməklə onu tanımaq arasında ikitərəfli əlaqə var. Allahın əzəmət və əmrini tanıyan ona ibadət edər və Allaha düzgün və düşüncəli ibadət ilə Allah tanımaq kamilləşər. (İbadət Allah tanımaqdan asılıdır, Allah tanımaq ibadətlə kamilləşər. Bu Məntiq elmində olan batil "dövr" hesab olunmaz. Çünki ibadət "icmali Allah tanımaqdan", "təfsili Allah tanımaq" isə ibadətdən asılı olur---Məntiq elmini oxuyanların nəzərinə). Allah tanımaq bir mühərrikə bənzədilir ki, bütün həyatı hərəkətə gətirən odur. Allahdan yalnız onu tanıyanlar qorxar. İmam Əli (ə) buyurur:-"Allahım, kimdir o kəs ki, sənin əzəmətini tanısın , amma səndən qorxmasın"?!!!!!! Allahımız , Rəbbimiz isə müqəddəs kitabında :- "Allahdan yalnız və yalnız alim bəndələri qorxar" buyurur.(Fatir/28). Yuxarıda zikr olunan hədisin birinci hissəsi aydın oldu. Dinin əvvəli Allah tanımaqdır. İbadət, saleh əməllərə səy etmək, təqva (Allahdan qorxmaq) və ixlas yalnız və yalnız Allah tanımaqdan sonra hasil olur. Mübarək hədisin ikinci hissəsi.....Allah tanıyan insan bu dünyada tədricən müxtəlif ruhi və mənəvi mərhələlər adlayır. Allah tanımaq, ona yəqin etmək, Allaha təvəkkül etmək və sairə.... Hər bir insan üçün sonuncu ruhi və mənəvi mərhələ isə bu dünyada işləri Allaha həvalə etməkdir. (Buna ərəb dilində "təfvizul-əmri ileyh" deyilir). Bu mərhələ yəqin və təvəkkül mərhələsinin fövqündə duran bir mərhələdir. İnsanın mənəvi həyatının "segahıdır". Bu mərhələnin ən aşkar və bariz göstərisi Həzrəti İbrahim (ə)-ın oda atılma anında özünü göstərir......Böyük bir od hazırlanıb, odun atəşindən ona yaxın düşmək olmur, İbrahimi (ə) bir mancanağa əyləşdiriblər ki, onun vasitəsi ilə oda atsınlar. İbrahim (ə) mancanağda körpə uşaq ana qucağında əyləşən kimi əyləşib. Cəbrail (ə) nazil olur:-Ya İbrahim, sən Allahın ulul-əzm Peyğəmbərlərindənsən (ə)!!!!. -Bilirəm, deyir Allahın Xəlili. -Sən Allah tərəfindən varlığ aləminə təyin olunan rəhbərsən!!!!. -Bilirəm, cavab verir İbrahim (ə). -Səni oda atırlar!!!!. -Onu da bilirəm, ey Allahın müqərrəb mələyi. -Əgər insanlar sənə kömək etmirlərsə, sən quşları ,digər canlıları səsləsən , onlar bu odun sönməyində sənə yardımçı olarlar. -Mən istək və arzularımı Allahıma deyirəm. -Amma Allahdan da istəmirsən axı, dua edib demirsən axı, İlahi , məni oddan xilas elə!!? Həzrəti İbrahim (ə) bir cavab verdi:-"elmuhu bihali həsbi ən suali"-Allahın mənim halımı bilməsi, mənə kifayətdir..... Deməli əzizlərim, Allaha işləri həvalə etmək-bütün ixtiyarıvı onun əmrinə təslim etməkdir, başqa sözlə desək, "insanın dili ilə Allaha deyil, bütün varlığı ilə Allaha yalvarışıdır". Bunun əsl mənası Kərbəladə də öz əksini tapmışdır. İmam Hüseynin (ə) son sözü. "İlahi,sənin əmrinə təsliməm, hökmünə razıyam və səndən başqa ibadətə layiq olan yoxdur". Seyid Rəşid Ağa. Oxşar xəbərlər
|