YAXŞI AQİBƏT
İmam Əli (ə) buyurmuşdur: اذا ارادَ اللَّهُ بِعَبْدٍ خَيْراً وَفَّقَهُ لِانْفاذِ اجَله فى احْسَنِ عَمَلِه، وَ رَزَقَهُ مُبادَرَةَ مُهَلِه فى طاعَتِه قَبْلَ الْفَوْتِ؛ “Allah-Taala bəndəsinə xeyir yetirmək istəsə, ona ömrünün axırlarında əməllərini yaxşılaşdırmağa və ömrü sona yetməzdən qabaq (axirəti üçün) azuqə yığmağa müvəffəq edər.” (“Mizanul-hikmət”, 10-cu cild, səh. 591, fəsil 4145, hədis 21939.) ŞƏRH VƏ TƏFSİR Yaxşı aqibət böyük nemətdir. İnsanın aqibətinin yaxşı olması üçün dua etməsi də olduqca dəyərlidir. Əcəl sağlam-xəstə, qoca-cavan, kişi-qadın, gecə-gündüz, uşaq-böyük, alim-cahil tanımır. İnsan yaxşı aqibətə sahib olmaq üçün çirkinliklərdən qorunmalı, əməllərinə fikir verməlidir. Ölüm bəzilərini günah məclisində, sərxoş olduğu və oğurluq etdiyi halda haqlayır. Bəziləri isə namaz qılarkən, şükür səcdəsindən başını qaldırarkən, yaxud Kəbəni təvaf edərkən, yaxud oruc halında, yaxud da cihad meydanında düşmənlə döyüşərkən ruhunu Allaha tapşırırlar. Bizə tövsiyə olunur ki, həmişə ölümə hazır olaq. Əgər günah etmişiksə, tövbə edək, əgər boynumuzda birinin haqqı varsa, dərhal onun haqqını ödəyək, bu işi başqalarına və gələcəyə həvalə etməyək. Yaxşı aqibətə sahib olmaq üçün insan həmişə ölümə hazır olmalı, boynunda Allahın və insanların haqqı qalmamalıdır. İnsan nə qədər ki, həyatdadır, bir neçə damla göz yaşı ilə bir dərya atəşi söndürə bilər. Amma ölümdən sonra əməl dəftəri örtülür və onun pozuntularını pozmaq imkanı da sona yetir! Oxşar xəbərlər
|