Şeytanın varlığı nemətdir yoxsa bəla?
Şeytan nə üçün yaradılmışdır? Şeytan olmasaydı insan günah etməzdimi? Bütün varlıqlar, yəni "Allahın yaratdığı" hər bir şey, Allahdan olduğu üçün xeyir sayılır. Bu cəhətdən də əgər şeytanın mahiyyətini nəzərə almasaq xeyir varlığıdır, çünki şeytan, kafir, donuz... ümumiyyətlə Allahın yaratdığı hər bir varlıq xeyirdir. Allahdan olan hər bey şey yalnız xeyirdir. Elə kafiri nəzərdə tutun, kafirin varlığı xeyirdir, çünki varlıq cəhətindən insandır. İnsan isə yaradılış cəhətindən müqəddəs və xeyirdir. Qurani-kərim Bəqərə surəsinin 30-cu ayəsində buyurur: وَ إِذْ قَالَ رَبُّكَ لِلْمَلَئكَةِ إِنىّ جَاعِلٌ فىِ الْأَرْضِ خَلِيفَةً "O zaman sənin Rəbbin mələklərə dedi: Mən yer üzündə (insan adlı) xəlifə (canişin) yaradıram." Qurani-kərim başqa bir ayədə, İsra surəsinin 70-ci ayəsində buyurur: وَ لَقَدْ كَرَّمْنَا بَنىِ ءَادَمَ وَ حَمَلْنَاهُمْ فىِ الْبرَّ وَ الْبَحْرِ وَ رَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَ فَضَّلْنَاهُمْ عَلىَ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا "Biz, insanları şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik." Bəli, kafir vücud baxımından insandır, insan isə varlıq və yaradılış cəhətdən müqəddəs və xeyirdir. Amma onun mahiyyəti isə Allaha qarşı çıxdığına görə kafirdir, kafir isə şərr və ziyanlıdır. Eləcə də şeytan. Şeytan varlıq cəhətindən cinndir, cinn isə Allahın yaratdığı varlıqdır. Qurani-kərim Zariyat surəsinin 56-cı ayəsində buyurur: وَ مَا خَلَقْتُ الجْنَّ وَ الْانسَ إِلَّا لِيَعْبُدُونِ "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" Amma Allahın əmrinə qarşı çıxdı və kafir oldu. Qurani-kərim Kəhf surəsinin 50-ci ayəsində buyurur: إِلَّا إِبْلِيسَ كاَنَ مِنَ الْجِنّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ " İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı." Şeytan varlıq cəhətindən cin idi, lakin Allaha kafir olduğu üçün mahiyyəti şərr və ziyandır. Burada sual soruşula bilər ki, əgər cin kafirliyi nəticəsində şeytan olacadısa bəs nə üçü yaradılırdı? 1- Əvvəlcə onu deyək ki, bu sual özümüzlə əlaqədar da verilə bilər. Əgər insan Nəmrud, Firon, Əbu Cəhl, Yezid, Həccac, Həsən Bəsri, İbn Teymiyyə... olacaqdısa, Allah insanı nə üçün yaradırdı?! Allah insanı yaratdı ki, o insan Muhəmməd (s), Əli (ə), Fatimə (ə), Malik, Muxtar, Xacə Nəsirəddin, Fizuli... olsun. O da oldu, bu da oldu. 2- Bir neçə il bundan əvvəl ölkələrdən birində təyyarə qəzası oldu. Təyyarə meşəliyə düşdü. Meşənin və onun yaxınlığında olan kəndin bağ və tarlalarının bir hissəsi yandı. Bundan əlavə kəndin əhalisi həmin təyyarəni mehmanxana etdilər. Sınmamış şüşələrini, eləcə də evdə və ya həyatda nələrəsə işlənəcək şeylərini camaat evlərinə daşıdı. Sizcə təyyarə bunun üçün yaradılmışdı?! Əlbəttə ki, yox. Təyyarə müsafirləri bir şəhərdən başqa bir şəhərə az vaxt sərf etməklə aparmaq üçün yaradılmışdı. Bax elə şeytan da indiki durumu üçün yaradılmayıb. Cinin yaradılması Allaha ibadət və itaət etməsi, kamilliyə çatması üçündür. Təyyarə xüsusi bir hədəf və məqsəd üçün yaradıldığı kimi, şeytan da xüsusi bir hədəf və məqsəd üçün yaradılmışdır. Süqut etmiş təyyarənin insanlara mənfi və müsbət təsirləri olduğu kimi, süqut etmiş şeytanın da insanlara mənfi və müsbət təsirləri vardır. Hərçənd özləri üçün yalnız mənfi oldular. 3- Yuxarıda Qurani-kərimin Bəqərə surəsinin 30-cu ayəsini qeyd etdik, o ayəyə əsasən insan elə yer üzündə yaşamaq üçün yaradılmışdı. Şeytan insanın nəfsani istəklərini həyacana gətirərək onun yer üzünə enməsinə vasitə oldu. Məsələn, siz dostunuzla saat 3-də 28 May metrosunun yaxınlığında görüşməlisiniz. Görüş yerinə 88 saylı marşurutla gedirsiniz. Görüşünüzə vasitə həmin marşurutdur, lakin bu o demək deyil ki, 88 saylı avtobus olmasaydı siz görüşməyəcəkdiniz. Sizin görüşəcəyinin yerin özünə ya yaxınlığına onlarla marşurut gedir, hələ taksi və sairi demirik. Eləcə də şeytan. Əgər şeytan olmasaydı insan yer üzünə gəlməyəcəkdimi?! Təbbi ki, gələcəkdi. Sadəcə vasitə şeytan yox, başqası olacaqdı. Onun nəfsi istəkləri vasitə ola bilərdi, onun həmişə yaşamaq arzusu vasitə ola bilərdi və sair. Çünki Allah Taala insanı azad və muxtar yaratmışdır. Qurani-kərim Dəhr surəsinin 3-cü ayəsində buyurur: إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَ إِمَّا كَفُورًا "Biz insana yolu göstərdik, (indi o, azaddır) istəyir şükür etsin, istəyir küfür etsin" Məsələn, biz deyə bilmərik ki, filankəs xəstələnməsəydi, ya avtomobil qəzası olmasaydı, ya ilan sancmasaydı... ölməyəcəkdi. Axır bir səbəblə insan ölməlidir. 4- İnsanın günah etməsi və haramlara meyl etməsi onun azadlığı və ixtiyar sahibi olmasından irəli gəlir. Bizim hər birimizi hansısa işə (zavoda, fabrikə, firmaya) başçılıq üçün və ya vəzifəyə təyin etsələr və "sən tam azadsan, bütün ixtiyarlar öz əlindədir" desələr, biz düzmü işləyəcəyik?!... Eləcə də şeytan. Şeytan nə üçün Allaha qarşı çıxdı?! Şeytanın Allaha qarşı çıxması onun azadlığı və tam ixtiyar sahibi olmasına görə idi. Axı şeytanı ki, vəsvəsə edən yox idi. O öz azadlıq və ixtiyarından sui istifadə etdiyi üçün yolunu azdı. 5- Bundan başqa müsəlman alimləri bu əqidədədirlər ki, Adəmdən əvvəl də yer üzündə insan nəsilləri olub. Amma onların hamısı fitnə-fəsad və qan tökmələri nəticəsində həlak olublar. Onların zamanında ki, şeytan olmayıb. Bəs onları kim vəsvəsə edib?! Allah yer üzündə insanı yaradacağını bildirəndə mələklər dedilər: قَالُواْ أَ تجَعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَ يَسْفِكُ الدِّمَاءَ "(mələklər): " Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- söylədilər." 6- Bu bəhsimizə kömək edə biləcək məsələlərdən biri də budur ki, bir mövzunun varlığı ilə onu başa düşmək fərli şeylərdir. Körpə uşaq suyun qaynar və soyuq olmasından xəbərsizdir, əlini qaynar suya vurduqda əli yanır. Hərçənd qaynarlığı dərk etmək üçün onu soyuqla müqayisə etmək lazımdır. Deməli, xeyir və şərdən söhbət düşdükdə onların varlığının səbəbi ilə onları dərk etməyin fərqini unutmamalıyıq. Elə isə, insan hər bir xeyir və yaxşılığın, eləcə də günah və şərin mövzusunu tam mənada dərk etməlidir. Körpə uşaq əlini qaynar suya salaraq yandırdığı kimi, günahların mahiyyətindən xəbərsiz insanlar da əllərini günahda yandırırlar. Uşaq hərçənd ikinci dəfə əlini suya vurmur, qorxudan soyuq sudan da ehtiyat edir. Amma günahkar insan həqiqi mərifətdən məhrum olduğuna görə günahların odunu və yanğısını dərk edə bilmir. /axlaqimaarif/ Oxşar xəbərlər
|