«Qəribçilikdə müşkülün həlli»
"Onun bu sözündən bir anlığa diksindim ki, ilahi bu nə danışır? Ərəb dilini hardan bilir?" Ayətullah Müfti Seyyid Təyyib Cəzayiri deyir: Səfərlərimin birində yenə də İslam dininin yayımı və təbliği üçün Kanadaya gedirdim. Bu səfərdə çox təəccüblü bir problemlə rastlaşdım ki, Allah-təalanın köməkliyi və Əhli-Beytin bərəkəti ilə bu müşkül çox asanlıqla həll oldu. Tehrandan Kanadaya uçuş proqramı elə idi ki, bir axşam Parisdə qalmalı idim. Paris hava limanı çox böyük bir yer idi və ucu-bucağı görünmürdü. Camaat fransız və ya başqa müxtəlif dillərdə söhbət edirdilər və mən heç bir şey başa düşmürdüm. Əlacsız qalıb bir oturacaqda oturdum. Əl çantalarımı yanıma qoyub fikirə getdim. Öz-özümə fikirləşirdim ki, sabaha qədər burda necə oturacağam. Kanadaya uçan təyyarənin dəqiq yerini də bilmirdim. Kim mənə yol göstərəcək? Mən ki, fransız dilini bilmirəm. Elə bu fikirdəydim ki, bir neçə iranlı qadın mənə yaxınlaşıb soruşdular: Ağa, siz burda neyləyirsiniz? Dedim: Kanadaya getmək istəyirəm. Biletimə baxıb dedilər: Siz gərək sabah Diqal hava limanından Kanadaya uçasınız və bu hava limanıyla Diqal arasında olan məsafə çox uzaqdır. Yenə də soruşdular: Məgər təyyarədə bu haqda sizə heç nə deməyiblər? Dedim: Xeyir! Çox təəccüblənib dedilər ki, təyyarə qanunu budur ki, bu cür hallarda hava yolları şirkəti bir nəfərə bu işi tapşırır ki, sizin kimilərə bələdçilik etsin və axşam qalmaq üçün hotelə aparıb, səhəri gün də o biri təyyarəyə mindirsin. Dedim: Mən İran Ayer-dən bilet aldım və heç kəs bu haqda mənə bir şey demədi. Həmin qadınlar gedib çox çətinliklə bir iranlı bələdçi tapdılar. Onunla mübahisə də etdilər ki, siz necə bu ağanı burda təkbaşına buraxıb getmisiniz. Həmin bələdçi mənə avtobus və dördulduzlu hotel bileti verdi. Müsafirlərdən fransız dili bilən bir nəfəri də mənə bələdçi qoydu. O müsafirlə hotelə getdim. Səhəri gün nə qədər ona dedimsə: Gəl tez hava limanına gedək, razı olmadı və mənim vaxtımı alış-veriş və boş şeylərlə tələf etdi. Axır ki, razı olub, avtobusa minib Diqal hava limanına yollandıq. Təqribən bir saat yolda olduqdan sonra hava limanına çatdıq. Mənimlə gələn şəxs biletini hava limanı məmuruna göstərəndə, o dedi: Siz səhv gəlmisiniz. Sizin uçuş 3 nömrəli terminaldan olacaq. Gərək ora gedəsiniz. Həmin yarımçıq yol-yoldaşım bunu eşidən kimi sağollaşmadan bir tərəfə qaçdı. İndi mən tək qaldım. Biletimi həmin qadın məmura göstərəndə dedi: Sizin uçuş 1-nömrəli terminaldan olacaq. Dedim: Bir nömrəli terminal haradadır? Dedi: Çox uzaqdır, gərək avtobusla gedəsiniz. Ora çoxlu avtobuslar gəlirdi. Amma üzərindəki bütün yazılar fransız dilində idi. Hər hansı bir avtobusa işarə edəndə ya saxlamırdı, saxlayanda da 1 nömrəli terminal deyən kimi tez sürüb gedirdi. Əl çantamda çoxlu kitab olduğundan çox ağır idi. Tamam tər içində yorulub əldən düşmüşdüm. Nəhayət əlim hər yerdən üzüldü, məyus və pərişan çəkilib bir kənarda dayandım. Anladım ki, yaman pis yerdə ilişmişəm. Saat 10-na qalmışdı. Uçuşum saat 11-də idi. Avtobus tapmalı olsaydım da yenə də xeyri olmayacaqdı, çünki bir saat yol getməli idim. Avtobusdan düşəsi, təyyarəyə giriş kartı alası − bu da heç olmasa yarım saat çəkəcəkdi. Öz-özümə dedim: Pərvərdigara! Özün mənə kömək ol! Məni Kanadada gözləyən camaatın yanında xəcalətli etmə! Mən camaata söz vermişəm. Bu anda bir nəfər mənə yaxınlaşıb dedi: Mərhəba! Dedim: Mərhəba! O ərəb dilində soruşdu: Hara gedirsən? Dedim: Kanadaya gedirəm. Uçuşum saat 10-da, birinci terminaldandır, amma avtobus tapa bilmədim, vaxtım da çox az qalıb. Dedi: Ardımca gəl, sənə maşın taparam. Məni avtobuslara tərəf apardı və fransız dilində söhbət eləməyə başladı. Ancaq məlum oldu ki, 1-ci terminala gedən avtobus yoxdur. Nəhayət o da məyus olub saata baxdı və dedi: Ağa! Siz belə getsə təyyarəyə çaata bilməyəcəksiniz, icazə verin sizi öz maşınımla çatdırım. Əvvəl fikirləşdim ki, mən burda qəribəm, bu adamı da yaxşı tanımıram, ola bilsin başqa bir məqsədi var, amma fikrimdən daşınıb maşına oturdum. Yol çox uzun çəkdi. Yolda ondan soruşdum ki, hansı ərəb ölkəsindənsiz? Dedi: Ərəb deyiləm! Dedim: Bəs, haralısınız? Dedi: Mən elə bu diyarın övladıyam, fransızam. Fikirləşdim yəqin taksi sürücüsüdür, nigaran oldum ki, məndə fransız pulu yoxdur, düşəndə ona nə verəcəyəm? Ondan soruşdum: İşiniz nədir? Dedi: Fransız ordusunun polkovnikiyəm. Onun bu sözündən bir anlığa diksindim ki, ilahi bu nə danışır? Ərəb dilini hardan bilir? Dedi: Təəccüblənmə, mən bir vaxtlar İordaniyada yaşamışam, ərəb dilini də o vaxtlar öyrənmişəm. Sizi də ona görə maşına mindirdim ki, sizin Allahınızla, bizim Allahımız birdir. Nəhayət, mümkün sürətlə maşını qovub, məni 1-ci terminala çatdırdı. Terminala yetişəndə tez maşından düşüb sandıqdan çamadanları endirdi və ən ağır olan çamadanı götürüb çıxışa yaxın bir yerə apardı. Xudahafizləşib getdi. Saata baxdım. Uçuşa hələ 20 dəqiqə qalırdı. Biletləri kontrol edən yerin qabağında uzun bir növbə düzülmüşdü. Hamı həmin yoxlama qapısından çıxıb minik bileti almaq istəyirdi. Dedim: İlahi bura qədər köməklik göstərmisən, əgər Sənin lütfün olmasaydı heç bura da gəlib çıxa bilməzdim. Yaxşı, indi bəs neyləyim? Qarşımda uzun bir sıra düzlənmişdi. Növbədə duranların çoxusu başqa uçuşların sərnişinləri idi. Bu halda kənarımdakı keçid məntəqəsinə baxdım, gördüm bir qadın tək oturub və həmin yerdən keçən yoxdur. Ağlıma gəldi ki, gedib problemimi ona deyim, bəlkə bir yol göstərdi. Yaxınlaşıb müşkülümü söylədim. Dedi: Biletini ver. Bileti verən kimi minik üçün kağız yazıb verdi. Dedim hansı tərəfdən gedim. Sağ tərəfə işarə edib dedi: Tez ol ki, qarşıda bir az da yol getməlisən, uçuşuna az qalıb. Nəhayət özümü təyyarəyə yetirdim və mən minəndən bir dəqiqə sonra təyyarənin qapıları bağlandı. Bu hadisə, Allahın bu cür təbliğ üçün getdiyim səfərlərdə mənə göstərdiyi xüsusi inayətlərdən biri idi ki, sizə nəql etdim. Və sədəqəllahul-Əliyul-Əzim. "Vəlləzinə cahədu fina, linəhdiyənnəhum subuləna və innəallahə məəl-muhsinin." Son. Oxşar xəbərlər
|