Quran həqiqətən, Allah sözüdürmü?
Quranın Allah sözü olmasına birinci dəlil elə onun özüdür: bədii gözəlliyi, səlisliyi, rəvanlığı, xüsusi ritmlərə uyğun ahəngdarlığı, əsrarəngiz harmoniyası, eyni zamanda zəngin məzmunu. Və nəzərə alaq ki, bütün bunlar 23 il ərzində nazil olaraq yazılmış bir kitabın bütün hissələrində yüksək səviyyədədir. Halbuki hər bir insan, nə qədər istedadlı olsa da, yaza-yaza püxtələşir, onun 23 ilin əvvəlində yazdığı sonunda yazdığı ilə müqayisəyə gəlmir. Amma Quranda belə bir şey yoxdur, forma və məzmun sarıdan o qədər mükəmməldir ki, təkrar-təkrar oxumaq da ürəkaçandır və əsla yormur, bezdirmir. Təbii ki, bunları daha yaxşı dərk etmək üçün ərəb dilinin incəliklərinə vaqif olmaq lazımdır. Və məhz buna görədir ki, Quran 1400 ildən artıqdır inadkar inkarçıları mübarizəyə çağırır: “Yoxsa: “(Peyğəmbər) onu özündən uydurdu!” – deyirlər. De: Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın” (Yunus-38). Məlum məsələdir ki, bir insan özünə bu qədər güvənib bütün tarixə meydan oxuya bilməz. Gələcəyə dair bəzi xəbərlər də uyğun iddiaya növbəti arqumentdir. Belə xəbərlərin birində deyilir: “Rumlular (Ərəbistana) ən yaxın bir yerdə (iranlılara) məğlub oldular. Lakin onlar məğlubiyyətlərindən sonra bir neçə ilin içində qalib gələcəklər” (Rum-2-4). Quranın həqiqətən Allah kitabı olduğunu sübut edən əsas dəlillərdən biri də onu gətirənin, yəni Məhəmməd peyğəmbərin (s) dürüstlüyündən, düzdanışanlığından və əmanətdarlığından ibarətdir. O hələ cahiliyyət dövründə əmanətdar adını qazanmışdı, dövrünün adamlarından seçilir, heç bir yaramaz işə yaxın durmurdu. Bunu onu tanıyanların hamısı, haqqında yazan bütün tarixçilər təsdiqləyirlər. Bu qədər qəti məsələni inkar etmək isə alimlik deyil, skeptiklikdir, şəkkaklıq xəstəliyidir. Hansı səbəbdən bütün İslam tarixçilərinin – İbn İshaqın, Yəqubinin, Məsudinin, Təbərinin, İbn Hişamın, digər alim, səhabə və rəvayətçilərin yekdilliklə qəbul etdikləri məsələ doğru sayılmasın?! Əgər belə bir məsələ qəbul olunmasa, hansı tarixi məsələ qəbul oluna bilər?! Bu növ yanaşma hansı elmi meyarlara uyğundur?! Məhəmməd peyğəmbərin (s) xüsusiyyətləri arasında onun yazıb-oxuma bilməməsi bu baxımdan özəl diqqətə layiqdir. Bu məsələ də elmi və tarixi baxımdan, şübhəsizdir və onun hətta peyğəmbərlikdən sonra da nəsə oxuyub-yazması qeyd olunmamışdır. Belə bir insanın forma və məzmun etibarilə bu qədər zəngin bir kitab yaza bilməsi isə əsla ehtimal olunmur. İddiaya başqa bir dəlil Peyğəmbərin buyurduğu hədislərin Quranla müqayisəsidir. Bu hədislər üslub, bədiilik və zənginlik baxımından Qurandan çox-çox geridə durur və bu kitabın məhz Allah kəlamı olduğunu bir daha təsdiqləyir. Oxşar xəbərlər
|