Dünya ruh üçün ana bətni kimidir
Bu dünya digər dünyaya nisbətdə, insanın ruhi orqan və sistemləri yaradılaraq onu başqa bir yaşayışa hazırlayan ana bətni kimidir... Bu dünyadan başqa bir dünyaya köçmək, uşağın ana bətnindən doğulmasına bənzəyir. Bu bənzətmə bir cəhətdən yetərli, digər cəhətdən isə yetərsizdir. Bənzətmənin yetərsizliyi dünya ilə axirətin fərqinin ana bətni ilə ondan xarici aləmin fərqlərindən daha dərin və əsaslı olmasındadır. Ana bətni ilə xarici aləmin hər ikisi təbiət aləmi və dünya həyatının bir hissələridir. Amma dünya həyatı ilə axirət aləmi, bir-birindən əsaslı fərqlənən iki həyatdır. Lakin bu bənzətmə digər cəhətdən, yəni şəraitlər arasındakı fərqləri göstərməsi baxımından yetərlidir. Uşaq ana bətnində olanda cift və göbək yolu vasitəsi ilə qidalanır, amma bu dünyaya ayaq basdıqdan sonra həmin yol bağlanır və o, ağız və həzm boruları vasitəsi ilə qidalanır. Onun ağ ciyəri ana bətnində olanda yaradılır, amma işləmir. Uşaq ana bətnindən xaric olan kimi onlardan istifadə olunmağa başlanılır. Uşağın ana bətnində olduğu müddətdə nəfəs boruları və ciyərindən kiçicik bir istifadə etməməsi çox maraqlıdır. Hətta bəlkə uşağın həmin orqanı, ana bətnində bir an işə düşsə, uşağın ölümünə səbəb olar. Bu vəziyyət, o, ana bətnində olduğu son ana kimi davam edir. Amma ana bətnindən xaric olan kimi tənəffüs orqanları işə düşməyə başlayır və bundan sonra onun fəaliyyəti bir an dayansa, onu ölüm təhlükəsi gözləyir. Doğuşdan əvvəlki həyat tərzi beləcə ondan sonrakı həyat tərzinə çevrilir. Uşaq doğulmamışdan qabaq bir həyat tərzində, ondan sonra isə digər bir həyat tərzində yaşayır. Ümumiyyətlə, tənəffüs orqanı uşaq ana bətnində olanda yaradılmasına baxmayaraq, ora üçün yaradılmır. Onun yaradılması ana bətnindən sonrakı həyat üçün əvvəlcədən olan hazırlıqdır. Görmə, eşitmə, dadma və qoxulama orqanlarının da heç biri bütün genişlik və mürəkkəbliyi ilə həmin yaşayış üçün deyil, ondan sonrakı mərhələ üçündür. Bu dünya digər dünyaya nisbətdə, insanın ruhi orqan və sistemləri yaradılaraq onu başqa bir yaşayışa hazırlayan ana bətni kimidir. İnsanın ruhi istedadları, bəsitlik və abstraktlığı, onun «mən»inin parçalanmazlığı və nisbi sabitliyi, sonsuz arzuları, geniş və sonsuz düşüncələrinin uzun, geniş və hətta əbədi həyat üçün lazım olan vasitələridir. İnsanı bu maddi və fani dünyada qərib və onunla «uyuşmaz» edən də bu şeylərdir. İnsanın bu dünyada «qamışlıqdan kəsilmiş, ah-naləsindən yer-göy ağlayan və həmişə vüsal dərdini demək üçün çox-çox geniş bir sinə axtaran «ney» halında olmasının səbəbi də budur. (İnsanın neyə bənzədilməsi Mövləvinin bir şerindəki təmsilə işarədir). İnsanın özünü «başda oturan şah» bilməsi və dünyanı özünə nisbətdə «mehnətlər küncü» adlandırmasının və ya «özünü müqəddəs gülüstanın quşu», dünyanı isə «hadisələr tələsi» kimi görməsinin səbəbi də həmin şeydir. Qurani-Kərim buyurur: «Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?» (Muminun-115.) İnsanın bütün bu təchizat və vəsaitlə Allaha, onun üçün geniş və münasib meydan olan dünyaya qayıtmaması, ana bətnindən sonra heç bir dünyanın olmamasına və bütün döllərin ana bətni dövrü qurtardıqdan sonra fani olmalarına bənzəyir. Belə çıxır ki, ana bətnində heç bir rol oynamayan və həmin bitgi mərhələsi üçün artıq bir şey olan bu görmə və eşitmə orqanları, beyin və sinir sistemi, ciyər, mədə və sairə boş yerə yaradılıb və onlar istifadə edilməmiş yoxluq diyarına göndərilirlər. Bəli, ölüm insan həyatının bir mərhələsinin sonu, digər bir mərhələsinin isə başlanğıcıdır. Yeni körpənin doğulması doğulduğu dünyaya nisbətdə doğulmaq, bundan əvvəlki dünyaya nisbətdə isə ölüm olduğu kimi, insanın ölümü də dünyaya nisbətdə ölüm, dünyadan sonrakı aləmə nisbətdə isə doğulmaqdır./nur-az/ Oxşar xəbərlər
|