Təbliğ ayəsi İmam Əli (ə) haqqındadırmı?
İzah: Əksər şiə və sünni alimlərinin fikrincə, "Bu gün sizin dininizi kamilləşdirdik, sizə olan nemətimizi tamamladıq və İslamı sizin üçün bir ayin olaraq qəbul etdik!" ayəsi Qədir günü nazil olmuşdur. Axı ayənin əvvəli və sonu halal-haram ətlərin bəyan etdiyi halda, onun orta hissəsində bu mövzu ilə qətiyyən uyğun olmayan bir məsələ bəyan edilə bilərmi? CAVAB Ayənin Qədir günü nazil olmasını Təbəri, İbn Mərdəveyh, Əbu Nəim İsfahani, Xətib Bəğdadi, Əbülqasim Həkim Həskani, İbn Əsakir Dəməşqi, Xətib Xarəzmi, İbn Kəsir Şami və bir çox başqa hədis və tarix ustadları təsdiq etmişlər. Əgər bu alimlərin mövqelərinə, Peyğəmbər Əhli-beytinin rəvayətlərinə əsaslansaq, bu ayənin Qədir günü nazil olması şübhə doğurmaz. Ayələrin bir çox mövzularda təfsirçilər üçün çətinlik yaradan tərtibi uyğun suala aydınlıq gətirir. Çünki ayələrin nazilolma tərtibi onların Qurandakı ardıcıllığından fərqlənir. Məsələn, Mədinədə nazil olmuş bir çox surələr Məkkədə nazil olmuş müəyyən surələrdən qabaq gəlmişdir. Elə surələr var ki, onun ayələrinin bir hissəsi Məkkədə, digər bir hissəsi isə Mədinədə nazil olmuşdur.Belə ayələr arasında illərcə zaman fasiləsinin olması aşkar bir həqiqətdir. Əgər ayələrin nazilolma şəraitini diqqətlə nəzərdən keçirsək, bir çox məsələlər aydınlaşar. Mədinə surəsi adlandırılan bəzi surələrin müəyyən ayələri Məkkədə nazil olmuşdur. Məsələn, əksər ayələri Mədinədə nazil olmuş "Ənfal" surəsinin 20-26-cı ayələri Məkkədə vəhy edilmişdir. Belə hallara "Şüəra", "Kəhf" və bəzi surələrdə də rast gəlmək olar. Demək, ayələrin bugünkü tərtibi onlar haqqında rəvayətdə deyilənləri gücdən sala bilməz. Onların hansı ardıcıllıqla nazil olması mötəbər rəvayətlərdə dəqiq göstərilmişdir və İslam alimləri Quran təfsirində bunu əsas götürürlər. İnsanlar kitab tərtib edərkən adətən onu mövzulara görə tənzimləyirlər. Bir mövzu başa çatdırılmamış o biri mövzuya keçilmir. Quran isə müxtəlif hadisələrlə bağlı tədricən nazil edilmiş bir kitabdır. Ona görə də eyni bir surədə müxtəlif məqsədlər və mövzular izlənilə bilər. Buna əsasən də, Qurandakı ayələrin mövzu baxımından uyğun gəlməməsi bizi şübhəyə salmamalıdır. Quranda ayələr bəzən zəncir kimi bir-birlərinə bağlı halda nazil olur, bəzən isə mövzu baxımından bir-birindən fərqlənirlər. Əgər deyilənləri nəzərə alsaq, qarşımıza çıxan bir çox problemlər həll olar. Bilməliyik ki, bir çox ayələr surələrin ortasında gəlmişdir və onların əvvəlki və sonrakı ayələrlə heç bir əlaqəsi yoxdur. Bəzi təfsirçilər ayələr arasında hansısa bir bağlılıq tapmağa çalışsalar da, olsun ki, boş yerə zəhmət çəkirlər. Çünki bir surənin bütün ayələri eyni bir şəhərdə nazil olsalar da, bir dəfəyə nazil olmamışdır. Hər ayə hansısa münasibətlə, hansısa bir şəraitdə vəhy edilmişdir. Hər bir ayənin özünəməxsus nazilolma səbəbi var. Buna görə də ayələr arasında əlaqə axtarmaq yersiz bir işdir. Bura qədər dediklərimiz surələr və ayələr arasındakı əlaqə haqqında idi və haqqında sual verilən ayə elə bir xüsusiyyətə malikdir ki, ötən izahlar məsələni aydınlaşdırmır. Yuxarıda deyilənlərdən aydın oldu ki, bir surədə olan ayələr bir-birləri ilə əlaqəli olmaya da bilər. Bəs, bir ayənin tərkibində olan surələr necə? Ola bilərmi ki, ayənin bir cümləsində bir mövzu, digər cümləsində başqa mövzu bəyan olsun? Əgər "Maidə" surəsinin uyğun ayəsində "Bu gün sizin dininizi kamil etdik" cümləsi özündən əvvəlki və sonrakı cümlələrlə uyğun gəlmirsə, bu uyğunsuzluğun səbəbini yuxarıdakı izahlar açıqlaya bilirmi? Bütün bu sualları cavablandırmaq üçün əvvəlcə ayənin mətnini yazıb, sonra şərh verməyə məcburuq. 1. Ayənin birinci hissəsində oxuyuruq: "(Kəsilmədən) ölmüş heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, vurulmuş, yıxılıb ölmüş, başqa bir heyvanın buynuzundan ölmüş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş, dikinə qoyulmuş daşın üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır. Canı çıxmamış kəsdiyiniz heyvanlar istisnadır."[1] 2. "Bu gün kafirlər sizin dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, məndən qorxun; Bu gün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və bir din kimi sizin üçün İslamı seçdim."[2] 3. "Aclıq vaxtı əlləri başqa bir qidaya çatmadıqda günaha meyil göstərməyərək (haram edilmiş şeylərdən yeyə bilərlər) Allah bağışlayan və mehribandır."[3] Uyğun ayənin bu üç hissəsindən aydın oldu ki, onun ikinci hissəsi həzrət Əliyə (ə) aid olub-olmamasından, Qədir günü nazil edilib-edilməməsindən asılı olmayaraq, birinci və üçüncü hissədən fərqli, müstəqil bir mövzudur. İndi isə dəlilləri göstərək:/rizvan/ Ardı var... [1]"Maidə" surəsi, ayə: 3. [2]"Maidə" surəsi, ayə: 3. [3]"Maidə" surəsi, ayə: 3. Oxşar xəbərlər
|