3 qıfılın 1 açarı barədə – böyük arif ayətullah Noxudəkidən əməl meyarları
Şeyx Həsənəli İsfahani nəfsini tərbiyə etməyə hələ kiçik yaşlarından atasının yardımı ilə başlamışdır. Şeyx Həsənəlinin atası Molla Əli Əkbərdir. O, oğlunu hər səhər çağı yuxudan oyadar və onu namaz, dua, Allahı yada salmaqla tanış edərdi.
O, gecələrin çoxunda oyaq qalardı, on beş yaşından bərəkətli ömrünün sonuna qədər hər il Rəcəb, Şəban və Ramazan aylarını oruc tutardı. Alimin böyük şəxsiyyət kimi formalaşmasında mərhum Hacı Seyyid Mürtəza Kəşmirinin böyük rolu olmuşdur. O, Ayətullah Noxudəki haqqında belə deyir: "Mərhum Şeyx Həsənəli Noxudəki İsfahani Məşhəd şəhərində dörd il hər gecə səhərə qədər Quran xətm edir və İmam Rzaya (ə) hədiyyə edirdi. Ta o zamana qədər ki, bu məqama gəlib çatdı”. Şeyx Həsənəli Noxudəki öz ürfan yolu barəsində deyir: "Bilin ki, bizim yolumuzun meyarı üç şeydədir: gecə oyaq qalmaq, halal tikə və namaza diqqət etmək. Xüsusilə də namazın əvvəl vaxtına və onu qəlb hüzuru ilə qılmağa”. Alimin oğlu deyir: "Atam Məsum İmamların (ə) pak ruhundan və həmçinin İlahi övliyaların pak ruhundan yardım istəməyi suluk yolunun şərtlərindən hesab edirdi. Ona görə də etikafa, Məsumların (ə) hərəmini ziyarət etməyə, alimlərin qəbrinə getməyə çox səy göstərirdi”. Alim kiməsə dua öyrədən zaman deyərdi: "Biz bəhanədən başqa bir şey deyilik. Şəfa verən Odur. Çünki bu aləm oyun-oyuncaq yerdir”. Alimin bizlərə verdiyi dəyərli nəsihətlər: "Bil ki, məkruh əməlləri yerinə yetirmək Allah bəndəsinin məqamını tənəzzül etdirər. Əksinə, müstəhəbləri yerinə yetirmək məqamını tərəqqi etdirər. İnsanın səadət və xoşbəxtlik amili təqvadan başqası deyildir. Əgər bu yolda təqva olmazsa, çəkilən əziyyətlər ziyandan başqası olmaz. Nəticəsi də Allahdan uzaqlaşmağa gətirib çıxardar. O kəs ki, Allah rizası üçün xəlqə xidmət edər, gərək vaxt təyin etməsin. Bil ki, əgər seyr və suluk yolunda bir yerə çatmışamsa, gecə oyaq qalmağın, müstəhəb əməlləri yerinə yetirməyin və məkruhları tərk etməyin bərəkətindəndir. Ancaq bütün əməllərin ruhu – Peyğəmbərin (s) dəyərli övladlarına xidmət etməkdədir. Oğlum, sənə bu şeyləri vəsiyyət edirəm: 1. Gündəlik vacib namazlarını vaxtında yerinə yetirəsən. 2. İnsanların hacətlərini yerinə yetirməkdə bacardığın qədər səy göstərəsən. Heç bir zaman düşünmə ki, filan iş böyükdür və mənim əlimdən gəlməz. Əgər Allah bəndəsi haqq yolunda addım atarsa, Allah da ona yardım edəcəkdir”. Alimin oğlu deyir: "Atacan! Bəzən başqalarının hacətini yerinə yetirmək insanın rüsvay olmasına səbəb olur”. Atası cavab verir: "Necə də gözəldir ki, insanın abırı Allah yolunda tökülmüş olsun”. "3. Seyyidlərə xüsusi hörmət və ehtiram göstər. Hər nəyin varsa, onların yolunda xərclə və sərf et. Bu yolda yoxsul olmağı əsirgəmə. Əgər ehtiyaclı olsan, o zaman vəzifən olmaz. 4. Gecə namazını qılmaqdan qəflət etmə, təqvalı ol”. Alim namazı əvvəl vaxtda qılmağa xüsusi əhəmiyyət verər və buyurardı: "Əgər insan bir ərbəin (40 gün) əziyyət çəkər, ancaq bir sübh namazını qəzaya verərsə, həmin ərbəinin nəticəsi hədər gedər”. Bir nəfər alimin yanına gəlir və deyir: "Həyatımda üç qıfıl vardır və sizdən üç açar istəyirəm. İlk qıfıl budur ki, sağlam bir evliliyim olsun, ikinci qıfıl budur ki, istəyirəm ki, işimin bərəkəti olsun, üçüncü qıfıl budur ki, istəyirəm aqibətim xeyirli olsun”. Şeyx deyir: "İlk qıfıl üçün namazını əvvəl vaxtda qıl. İkinci qıfıl üçün namazını əvvəl vaxtda qıl. Üçüncü qıfıl üçün də namazını əvvəl vaxtda qıl”. Cavan deyir: "Üç qıfıl və bir açar?”. Şeyx deyir: "Namazı əvvəl vaxtda qılmaq – şah açardır”. Oxşar xəbərlər
|