DÜNYANIN SONU DİNLƏRİN NƏZƏRİNDƏ NECƏDİR?
Bütün dinlərdə dünyanın sonu haqqında xəbər verilmiş və bu mühüm məsələyə toxunulmuşdur. İbrahimi dinlərində bu məsələyə xüsusi əhəmiyyət verilmişdir.
İslam dini Dünyanın sonu hədislərdə iki cür öz əksini tapmışdır. Birincisi, Peyğəmbərin (s) nübuvvət dövründən Qiyamətə qədər olan zaman nəzərdə tutulmuşdur. İkincisi isə Həzrət Məhdinin (ə.f.) zühur etdiyi və hərtərəfli dəyişikliklərin baş verdiyi zamana işarə olunur. Hədislərin birində deyilir ki, Peyğəmbər (s) buyurmuşdur: “Mənimlə Qiyamət arasında fasilə yoxdur. Necə ki, iki barmaq arasında fasilə yoxdur”. Müsəlmanlar keçmişdəkilərin bu dünyanın məhdud olmasına aid təsəvvürlərindən çox təsirlənmişdilər. Çünki onlar belə təsəvvür edirdilər ki, bu dünya yaranandan sonra bir neçə min il keçməyəcəkdir ki, sona çatacaqdır. Belə ki, maddi dünyanın ömrü qısa olur. Təbəri keçmişdəkilərin əqidəsi haqda yazır: “Onlar dünyanın yaranmasından sonuna qədər ömrünü 6 min il bilirlər. Bəziləri isə 7min il bilir. Ancaq mən bu müddətin 14 min il olduğunu bilirəm. 7 min il xilqətin başlanğıcından Adəmin (ə) yaradılmasına qədər olan zamandır və 7 min il də Qiyamətə qədər olan zamandır.” Müsəlman alimlər isə bu fikirdədirlər ki, Quranın “Loqman” 31, 34 və “Zuxruf” 43, 85-ci ayələrinə əsasən Allahdan başqa heç kimin dünyanın sonu haqqında xəbəri yoxdur. Onu qabaqcadan demək mümkün deyildir. Əhli-Beyt (ə) məktəbində isə İmam Zaman (ə.f.) ağanın zühuru haqqında xəbər verilir. Ondan sonra dünayada dəyişikliklər olacaqdır. Bu əsr haqqında danışanda dünyanın sonu kimi danışılır. Dəccalın zühuru, dördayaqlı nəhəng varlığın zühuru, Yəcuc və Məcucun hücumu və İsanın (ə) nazil olması kimi əlamətlər dünyanın sonunun əlamətləridir. Bu, elə bir şeydir ki, nə təxirə salmaq olar, nə də geridə qoymaq olar. Yəhudi dini Yəhudi aləmində bu fikir Miladdan əvvəl 2 və 3-cü əsrə təsadüf edir. Bundan əvvəl yəhudilər özünü Allahın seçilmiş qövmü hesab edirdilər. Onlar elə bir dövrün intizarında idilər ki, İlahi vədə həyata keçəcək və Allah seçilmiş bəndələrini üstün edəcək, düşmənlərini məhv edəcəkdir. Dünyada ədaləti bərqərar edəcəkdir. Davud və Süleymanın hökumətindən sonra bu millət ictimai, dini və əxlaq baxımından axsamağa başlayır və fəsada düçar olur. Aralarında şirk yayılır. Və buna görə onlar arzu edirlər ki, Musa, Davud, Süleyman rəhbərləri kimi rəhbərlərə malik olsunlar. Həmin rəhbər də onlara zülmət və fəsaddan nicat verəcəkdir. Daniyal peyğəmbərin kitabında dünyanın sonu, müjdəçinin zühuru və ölülərin dirilməsi haqqında açıqca məlumat verilmişdir. Bu kitab Fələstin və Suriya hakimlərinin zamanında yazılmışdır. Belə ki, yəhudilər xaricilərin təsiri altına düşmüş və əziyyət və işgəncələrə məruz qalmışdılar. Bu kitabda dünyanın gələcəyi haqqında məlumat verilmişdir. Belə ki, göy buludlarının üstündə zühur edəcək padşah haqqında və İlahi hökumət haqqında məlumat verilmişdir. Bu zaman ölülər torpaqdan qalxacaq, bütün insanların adı yazılmış kitab əsasında yaxşılar ilə pislər ayrılacaqdır. Hər kəs öz cəzasına və ya mükafatına çatacaqdır. “Yəhud gününün” yaxınlaşmasının bəzi əlamətləri vardır: yer üzərində dəyişikliklər olacaqdır, Günəş tutulacaq, ulduzlar töküləcək, dəhşətli tufan və zəlzələlər, qıtlıq və taunun yayılması, zalım və şər qüvvələrlə müharibələr kimi hadisələr baş verəcəkdir. Ən mühüm hadisə isə Yəcuc və Məcucun ordusunun hücumu, yalançının (dəccalın) zühurudur. Nəhayət İlahi qüdrət şeytana qalib gələcək və ədalətlə dolu bir hökumət başlayacaqdır. Burada ən mühüm əlamət isə müjdə verənin zühur etməsidir. Onu bəzi yerlərdə “Məsiha”, “seçilmiş”, “dindar”, “İnsan övladı”, “İnsan” adlandırmışdılar. Xristianlıq. Bu dində dünyanın sonu haqqındakı fikirlər eyni deyildir. Bunun da səbəbi odur ki, hər 4 İncil İsanın (ə) əməlləri və kəlamlarından danışır. Bu da şagirlərinin tərəfindən nəql edilmişdir. Nəql edənlərin təsəvvürlərinin fərqli olması və qulaq asanlarının mədəniyyətlərinin də fərqli olması bu yazılara təsir etmişdir. Ondan nəql edilən hər bir kəlamda o, özünü “Məsiha” adlandırmamışdır. Özünə xüsusi ləqəblər də qoymamışdır. Belə nəql edilir ki, sanki onun özündən deyil, başqa birindən danışılır. O, həmişə üçüncü şəxs kimi danışır. Ancaq eyni zamanda bəzi yerlərdə onun özünə işarə edilmişdir. İncildə İsadan (ə) nəql edilən bəzi kəlamlarda görmək olur ki, o, özünü dünyanın sonunun müjdəçisi, böyük dəyişikliklər edəcək insan kimi tanıtmışdır. Ancaq xristian aləmində hələ də bu məsələ üzərində mübahisələr davam edir. Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, dünyanın sonu gələcəkdir. Ancaq bəzi falçıların və ya “uzağı görənlər”in fikrincə 2012-ci ildə deyil, Allahın iradə edəcəyi bir zamanda baş verəcəkdir. Lakin dünyanın sonu gəlməmişdən qabaq müjdəçimiz olan İmam Zaman ağa (ə.f.) zühur edəcək və dünyanı öz nuru ilə işıqlandıracaq, ədalətə boyayacaqdır. Allah həmin günü tezləşdirsin və bizlərə həmin günü ağa ilə görüşmək tofiqi nəsib etsin. İnşaallah! (İslami saytlara istinadən) Oxşar xəbərlər
|