Şeytanın (lən) insanla oynadığı təhlükəli oyun – ümidsiz etmək
Yəqin ki, bu hadisə sizin də başınıza gəlib ki, bir xata işlədəndən sonra vicdan əzabı çəkib, tövbə edirsiniz. Ancaq ürəyiniz rahat olmur və şeytan (lən) sizi vəsvəsə etməyə başlayır ki, sən hələ də günahkarsan və çox pis insansan, sən düzələsi deyilsən... Bu rəzil düşmən hər kəsi zəif yerindən incidər və əziyyət verər. Hər kəsi özünəməxsus kəndirlə quyuya atar. İnsan tövbə edən zaman belə, ondan əl çəkməz. Onu ümidsiz etməyə çalışar. Deyər ki, sən günahkarsan və sənin üçün qayıtmaq yolu yoxdur. Sən düzələsi deyilsən, ona görə də elə həmin günahına davam et. Ona görə də insan gərək şeytanın bu məkrinə diqqət etsin. Bu təhlükəli düşməni tanıyıb, ona aldanmasın. Bu and içmiş düşmən hər kəsi aldadar, muxlislərdən başqa. Nə zaman insana hücum etsə, gərək o, Allaha pənah aparsın. “Əgər şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir. Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 200-201). İnsan Allaha pənah aparan zaman bir qüdrətə malik olur və Allah Özü insanın qəlbinə rahatlıq nuru səpir. Şeytan da vəsvəsədən başqa bir şey edə bilmir. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99). Əgər tövbə etmişiksə, ümidsiz olmayaq və şeytanın (lən) bu vəsvəsələrinə inanmayaq. Çünki Allah bizlərə buyurur: “Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur”. (“Şura” 25). Başqa yerdə buyurur: “De: «Ey, Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53). “Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün”. (“Təhrim” 8). Allah Təala bizlərə buyurur ki, əgər günah etmisənsə, tövbə et və əgər tövbən nəsuh tövbəsidirsə, nigaran olmağa yer qalmaz. Ona görə də ey insan! Əgər xata işlədib büdrəyərsənsə, Allahın rəhmət və bağışlanmağından ümidsiz olma. Çünki Allah buyurur: “Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır”. (“Tövbə” 118). /Deyerler.org/ Oxşar xəbərlər
|