Müslim ibn Əqil kimdir?
Bəni-Haşimin ləyaqətli cavanları arasında Əqilin oğlu Müslim parlaq simalardan və mübariz şəxsiyyətlərdən sayılırdı... Onun atası Əqil Həzrət Əlinin qardaşı və Əbu-Talibin ikinci oğlu idi. Əbu-Talibin dörd oğlu vardı: Talib, Əqil, Cəfər və Əli. Müslim Əqilin, Hüseyn (ə) isə Əlinin (ə) oğlu idi. Müslim Həzrət Əlinin (ə) qardaşı oğlu və imam Hüseynin (ə) əmisi oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Müslimin dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusi ilə imam Həsən (ə) və imam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, isar və şücaəti çox yaxşı əxz etmişdi. Müslimin əcdadları Əbu-Talib və Fatimə binti Əsəd kimi insanlar idi. Onlar öz övladlarına şücaət, iman və qəhrəmanlıq miras qoymuşdular. Müslim bu nəsil ağacının çox bəhrəli bir budağı idi. Vərasət, genetik əsaslara görə o öz babalarından üstün xasiyyətlər götürmüşdü. Həzrət Peyğəmbər (s) hicrətin səkkizinci ili Məkkənin fəthində buyurmuşdur: "Əgər bütün insanlar Əbu-Talib nəslindən olsaydılar, hamısı şücaətli olardı." Müslim Həzrət Əlinin (ə) dövründə rəşadətli və pak bir cavan idi. O, Həzrətin (ə) kürəkəni olmaq iftixarını qazanmış, onun qızı Rüqəyyə ilə izdivac etmişdi. Bu izdivac Müslimin fəzilətlərini bir qədər də artırmış, onu haqqa və həzrətin (ə) xəlifəlik dövründə ilahi hökumətə daha dərin bağlılığa sövq etmişdi. Tarixçilərin bildirdiyinə görə Həzrət Əlinin (ə) hakimiyyəti dövründə (hicri 36-40) o, qoşunda müxtəlif hərbi vəzifələrə təyin olunmuşdu. Eləcə də, Sifeyyn döyüşündə həzrət Əmirəlmöminin öz qoşununu nizamlayarkən imam Həsən (ə), imam Hüseyn (ə), Əbdüllah ibn Cəfər və Müslim ibn Əqili sağ cinahda, Məhəmməd ibn Hənəfiyyə, Məhəmməd ibn Əbu-Bəkr və Haşim ibn Ütbəni sol cinahda, Əbdüllah ibn Abbas, Abbas ibn Rəbiə və Malik ibn Əştəri qoşunun ürəyində, mərkəzində yerləşdirmişdi. Oxşar xəbərlər
|