Şəhadətdən xəbərdarlıq
“Sizdən kim mənə qoşulsa, şəhadət onun yolunu gözləyir. Hər kəs mənə qoşulmasa fəth və qurtuluşa yetişməz.” Bəzən soruşulur ki, imam Hüseyn (ə) öldürüləcəyini öncədən bilirdimi? Qətiyyətlə deyə bilərik ki, bəli, imam öz qətlgahına doğru getdiyini yaxşı bilirdi. Dünyaya gəldiyi gün, mövludundan öncə İslam peyğəmbəri (s) və əvvəlki peyğəmbərlər onun şəhid olacağını bildirmişdilər. Bunu Hüseyn ibn Əli özü də bilirdi. Əlbəttə ki, imam şəhadətə çatmaq üçün qiyam qaldırmamışdı. Onun məqsədi Allah dininin yaşaması, Quranın hifzi, cəddinin və atasının yolunun davamı idi. Ölüm bahasına başa gəlsə də, imam bu yolu gedirdi. Bir şəxs imam Sadiqdən (ə) soruşdu: “İmam Hüseynin (ə) Mədinədən çıxması, bəzilərinin ona qoşulması, bəzilərinin ona qoşulmaması necə izah olunur?” Həzrət buyurdu: “Bütün dediklərinə cavab olacaq bir cümlə deyirəm. İmam Hüseyn (ə) ona qoşulmayan Bəni-Haşim dəstəsinə belə yazdı: “Sizdən kim mənə qoşulsa, şəhadət onun yolunu gözləyir. Hər kəs mənə qoşulmasa fəth və qurtuluşa yetişməz.” İmam Hüseyndən (ə) sonra Bəni-Haşimin vəziyyəti çox çətin oldu. Yüklər bağlandı, gecə yarıdan keçən vaxt imam azsaylı karvan əhli ilə hərəkətə başladı. Bu karvanı Bəni-Haşimdən kiçik bir qrup (17, 18 kişi və qadın-uşaq) təşkil edirdi. Hərəkətə hazır olan vaxt imamın mübarək dodaqlarından Allahın Musa haqqında buyurduğu ayə eşidildi: “Musa Misir torpağından bir halda xaric oldu ki, qorxurdu və deyirdi: “Pərvərdigara, məni sitəmkarların şərindən xilas et.” (“Bihar”, c. 44, s. 332) Karvandakı Bəni-Haşimilər arasında Əbül-Fəzl Abbas, Əqilin övladları, imamın qardaşları, Osman, Cəfər və Abdullah vardı. Həcc üçün Məkkəyə gedən bir qrup Kufə əhli də bu karvana qatılmışdı. İmama yolda qoşulanlar da oldu. Kiçik bir qrup Kufədən hərəkət edib özünü imama çatdıra bildi. Bu karvandakılar böyük insanlardı. Onlara tay tapmaq mümkünsüzdür. Kərbəla hadisəsinədək Bədr və Ühüd əshabı ən böyük şəhidlər sayılırdı. Bədrdə 313 müsəlman mindən çox müşrikin qarşısında dayanmışdı. Yəni düşmən müsəlman qüvvələrindən üç qat artıq idi. Həmin vaxt peyğəmbər (s) öz dəstəsinə vəd etmişdi ki, Allah-təala mələklər vasitəsi ilə onlara yardım edəsidir. Bəs Kərbəlada neçə nəfər vardı? Əksər şiə alimləri yazır ki, Kərbəlada 72 nəfər olmuşdur. Ən məşhur rəvayətdə düşmən qoşununun 30 min döyüşçüdən ibarət olduğu bildirilir. Əgər Bədrdə düşmən müsəlmanlardan üç qat artıq idisə, bu nisbət Kərbəlada neçə idi? Otuz dəfəmi, yüz dəfəmi, üç yüz dəfəmi?! Bədrdə mələklər köməyə gəldi və öz yardımını göstərdi. Kərbəlada isə imam Hüseyn (ə) yardıma gəlmiş mələklərə “sizin köməyinizə ehtiyac yoxdur” buyurdu. Bədrdə su problemi yox idi. Amma burada şəhidlər təşnə halda can verdilər. Kərbəlada əslində bir nəfər 30 minə qarşı dayanmışdı. Çünki imamın yoldaşları meydana tək-tək çıxırdılar. Düşmən isə həmin bir nəfərə toplum halda hücum edirdi. Şuzəb və Abəs iki dost, iki şiə, Əli məktəbinin iki şagirdi, iki Quran qarisi istər Aşuradan öncə, istər Aşurada ilahi sınaqdan alnıaçıq çıxdılar. Müslim ibn Əqil beyət almaq istədiyi vaxt Abəs ayağa qalxdı və dedi: “Mənim Kufə əhli ilə işim yoxdur, öz tərəfimdən danışıram. Canım, malım, varlığım mövlam Hüseynin (ə) hədəfinə fəda olsun! Nə qədər gücüm var, vuruşacağam və sizi tərk etməyəcəyəm. Təki Hüseynin (ə) cəddi qarşısında üzüm ağ olsun!” O doğru deyirdi. Aşura günü öz dostuna dedi: “Nə etmək istəyirsən? Görürsənmi Müslim, Həbib, Büreyr kimi dostlarımız getdilər.” Dostu dedi: “Canımızı fəda etməkdən başqa yol nədir?!” Şuzəb imamdan meydan icazəsi istədi. Meydana çıxdı, bir dəstəni öldürüb, nəhayət yerə yıxıldı. Dostu Abəs imam Hüseynlə (ə) birlikdə onun cənazəsini meydandan çıxardı. Sonra Abəs imamdan meydan icazəsi istədi. O meydana çıxdı, Əşəs ibn Sədin sərkərdələrindən biri onu tanıyıb haray çəkdi: “Ey qoşun! Sizə doğru gələn şirlər şiridir. Məbada kimsə onunla döyüşə çıxa!” Abəs meydanda rəcəz oxudu, təkbir dedi və fəryad çəkdi: “Aranızda kişi yoxdurmu?” Hamı sakit dayanmışdı, cavab gəlmirdi. Ömər Səd dedi: “Əgər onunla meydana çıxmağa cürətiniz yoxdursa, onu daşqalaq edin, oxlayın. Qoşun onun üstünə daş və ox yağdırdı. Abəs dedi: “Məni ölümləmi qorxudursunuz?” O dəbilqəsini və zirehini çıxarıb atdı, qılıncını çəkib, zirehsiz bədənlə hücuma keçdi. Bir şəxs Kərbəlada gördüklərini belə nəql edir: “And olsun Allaha, gözümlə gördüm ki, iki yüzdən çox döyüşçünü keçi sürüsü tək pərən-pərən saldı. Qılıncının qarşısından başlar və qollar tökülürdü. Ömər Sədin qoşunu sızıldayaraq onun qarşısından qaçırdı. Nəhayət, onu mühasirəyə ala bildilər. bəziləri qılınc, bəziləri nizə ilə ona hücum etdi. Axır ki, taqətdən düşüb yerə yıxıldı. Onun başını bədənindən ayırdılar. Hər tərəfdən “Onu mən öldürdüm” sədaları ucalırdı. Ömər Səd dedi: “Sakit olun, onu bütün qoşun öldürdü.” (“Bihar”, c. 45, s. 28) Bu böyük insan kim idi? O hədisçi, Quran qarisi, Əli məktəbinin şagirdi idi. Belə bir əzəmətlə Kərbəla meydanına çıxmışdı. Oxşar xəbərlər
|