Doğrusu nə vaxta kimi müsibətlər, bəlalar və fəsad içində, heç nəyə əhəmiyyət vermədən bu cür yaşayacağıq?
Mьəllif: admin1
Tarix: 18-12-2019, 11:37
Doğrusu nə vaxta kimi müsibətlər, bəlalar və fəsad içində, heç nəyə əhəmiyyət vermədən bu cür yaşayacağıq?
Əsrin imamı (ə.f) İshaq ibni Yəquba yazdığı məktubda buyurur: "Zühurun tezləşməsi üçün çox-çox dua edin. Çünki o dövr sizin nicat tapmağınıza səbəb olacaq (Bütün çətinliklərin həllinin yeganə yolu budur)."

Bu cür zülm dolu və qaranlıq bir zamanda qəlblərimizi İmam Zamanın (ə.f) vilayət və eşqi ilə nurlandıran Aləmlərin Rəbbinə sonsuz şükrlər olsun. Biz elə bir dövrdə dünyaya göz açmışıq ki, Allah-Təalanın yer üzərindəki sonuncu huccəti və canişini Həzrət Məhdi (ə.f) qeybə çəkilərək gözlərdən gizlin yaşayır.

Ətrafı zülm və qaranlıq öz əhatəsinə aldığından gözlər başqa şeyləri müşahidə edə bilmir.Özümüzə bu qaranlıq və bataqlıqdan nicat vermək üçün Allah-Təalanın bizə minnət qoyaraq əta etdiyi ağıl vasitəsilə düşünərək həqiqəti tapmalıyıq. Doğrusu nə vaxta kimi müsibətlər, bəlalar və fəsad içində, heç nəyə əhəmiyyət vermədən bu cür yaşayacağıq?

Bütün bunlardan nicat tapmağın yeganə yolu məgər İmam Zamanın (ə.f) zühurundan başqa bir şeydir? Bütün dünya əhlinin rahatlığı O əzizin fərəcinin vasitəsilə təmin olunacaq. Allah-Təala xoşbəxtlik və səadəti o parlaq günəşin zühurunda qərar verib. Bütün bərəkətlərin mənbəyi və çətinliklərin həlli bəşəriyyətin son ümidi olan Həzrət Məhdidir (ə.f).

Allah-Təala Rəd surəsinin 11-ci ayəsində buyurur: "İnsan üçün (onun əməllərini yazan Rəqib və Ətid adlı iki mələkdən başqa) onun önündə və arxasında (mələklərdən olan) nəzarətçilər vardır ki, Allahın əmri ilə daim onu qoruyurlar.

Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur."

Deməli çətinliklərdən nicat tapıb qurtulmağın yolu zühurun baş verməsi ilə mümkün olacaq. Yalnız o dövrdə ədalətsizlik aradan gedəcəyi üçün insanlar kamil rahatlıq içində həyat sürəcəklər. Zühuru tezləşdirəcək yollardan biri də qeyb dövrünün vəzifələrindən olan dua etməkdir.

Yaxşı olar ki, şiələr və Əhli-Beyt (ə) aşiqləri həmişəkindən daha çox Məsumlardan (ə) nəql olunanları diqqət edərək düşünüb və həyati əhəmiyyət daşıyan zühurun tezləşməsi üçün dua etməyi unutmasınlar.

Zühurun tezləşməsində duanın əhəmiyyəti.

Az insan tapılar ki, şəxsi işlərində çətinliklərlə üzləşdikdə əllərini səmaya tərəf qaldıraraq, İlahi övliyalara təvəssül edib Allah-Təaladan bunların həllini istəməsin.

Qeyd olunması mühüm olan nöqtə bundan ibarətdir ki, biz adətən şəxsi işlərimiz və istəklərimiz üçün duaya baş vuraraq, qəbul olunana kimi əl çəkmirik. Amma həyati əhəmiyyət daşıyan Zühurun tezləşməsi üçün lazım olduğu kimi və layiqli dua etmirik. Bir halda ki, bizim və bütün bəşəriyyətin maddi və mənəvi işlərinin həlli yalnız əsrin imamının Zühuruna bağlıdır.

Elə buna görə də Əimməyi-Əthar (ə) bizi bu cür həyati əhəmiyyət daşıyan işə tərəf yönləndiriblər. Əsrin imamı (ə.f) İshaq ibni Yəquba yazdığı məktubda buyurur: "Zühurun tezləşməsi üçün çox-çox dua edin. Çünki o dövr sizin nicat tapmağınıza səbəb olacaq (Bütün çətinliklərin həllinin yeganə yolu budur)." Kəmalud-din, 2/485

Həmçinin o həzrət (ə.f) Şeyx Müfidə yazdığı məktubda buyurur: "Əgər şiələrimiz-Allah-Təala onları öz itaətinə müvəffəq etsin-Öz əhdlərində möhkəm və bir olub, vəfalı olsaydılar, Bizim onlarla olan görüşümüz təxirə düşməzdi. Görüş səadəti və mərifətlə müşahidə etmək tezliklə onlar üçün hasil olardı. Və bundan daha tez Bizim görüşümüzə nail olardılar..." Biharul-Ənvar, 53/176

İmam Sadiq (ə) həyati əhəmiyyət daşıyan zühurun tezləşməsində duanın əhəmiyyəti və şiələri bu işə həvəsləndirmək barədə buyurur: "...Bəni-İsrailin əzab və çətinliyi uzandıqda qırx gün Allah-Təalanın dərgahına ağlayaraq nalə etdilər. Allah-Təala Musa (ə) və Haruna (ə) onları Fironun əlindən nicat vermələri üçün vəhy etdi. Bu, bir halda baş verirdi ki, dörd yüz illik əzabdan hələ yüz yetmiş ili qalırdı. Allah-Təala Bəni-İsrailin bu duasına görə həmin yüz yetmiş illik əzabdan keçdi."

Ardınca İmam Sadiq (ə) buyurur: "Həmçinin siz (şiələr) əgər bu əməli (yəni zühurun tezləşməsi üçün ağlayıb, dua etmək) yerinə yetirsəniz, Allah-Təala mütləq Bizim zühurumuzu həyata keçirər. Və əgər yerinə yetirməsəniz, (əlinizi əlinizin üstünə qoyaraq, laqeyd qalsanız) bu iş özü sonda həyata keçəcək." Təfsiri-Əyyaşi, 2/155

"Məkyaul-Məkarim" kitabının müəllifi bu hədisə istinad edərək deyir: Hədislərə əsasən İmamın (ə.f) zühurunun vaxtı irəli və geri düşə bilər. Yəni, dua etməklə əsrin İmamının (ə.f) zühurunu tezləşdirə bilərsən.

Məsumlarımız da (ə) insanları zühurun təcil olması üçün dua etməyə həvəsləndirərək, onun vaxtının hansısa zamana təyin olunmadığını və hər an baş verə biləcəyini çatdırıblar. Əgər camaat zühur məsələsinə laqeyd qalmayaraq onun təcilini Rəhman Allahdan istəyərlərsə, Aləmlərin Rəbbi bəşəriyyətin xilaskarının zühurunu həyata keçirəcək.

Beləliklə, əgər camaat qeybət dövründə toplum şəklində tövbə edərək əsrin İmamına (ə.f) kömək etməyə qəsd etsələr, Allah-Təalanın o Həzrətin (ə.f) zühurunu tezləşdirməsi ümid olunur.

Həzrət İmam Həsən Müctəba (ə) yuxu aləmində və ya mükaşifə halında mərhum Ayətullah Mirzə Muhəmməd Baqir Fəqih İmaniyə buyurur: "Mənbərlərdə camaata tövbə etmələri üçün göstəriş verin. Və Həzrət Huccətin (ə.f) zühuru üçün dua etsinlər.

O həzrətin (ə.f) gəlişi üçün edilən dua meyyit namazı kimi vacibi-kifayi deyil ki, bir dəstəsi onu yerinə yetirdikdə, digər dəstənin boynundan götürülsün. Bu, gündəlik vacibi namazlar kimidir. Həddi-buluğa çatmış hər bir şəxsə O Həzrətin (ə.f) zühuru üçün dua etməsi vacibdir." "Məkyaul-Məkarim" kitabının tərcüməsi, 1/438. səhifəyi-Məhdiyyə 51.

Mərhum Ayətullah Mirzə Muhəmməd Baqir Fəqih İmani öz kitabında yazır: "... Və bir çox hədislər, dualar və ziyarətnamələrdən istifadə olunan mətləblərlə O Həzrətin (ə.f) zühurunun İlahinin dəyişilməz vədəsi olduğu məlum olur. Amma zühurun vaxtı irəli və geri düşə bilər. Həmçinin hədislərə əsasən, möminlərin duası əgər layiqli şərait və ədəb ilə olarsa, zühurun təcilində böyük rol oynayar."

Həzrət (ə.f) buyurur: "Hər bir mömin əza məclislərində Həzrət Seyyidul-Şühəda (ə) müsibəti zikr olunandan sonra mənim üçün dua edərsə Mən onun üçün dua edərəm." Digər bir yerdə Əsrin İmamı (ə.f) belə buyurur: "Bizim şiələrimizə və dostlarımıza deyin ki, Allah-Təalanı bibim Həzrət Zeynəbin (s.ə) haqqına and verərək zühurun tezləşməsini istəsinlər.

Əsrin İmamının (ə.f) zühuru üçün edilən dua qeybət dövründəki zülmətdən nicat tapmağın yollarından biridir. İmam Həsən Əskəri (ə) buyurur: "Allaha and olsun, övladımın qeybət dövründə Allah-Təalanın əqidələrini onun imamətində möhkəm saxlayıb və zühurun təcili üçün dua etmək tofiqi verdiyi şəxslər istisna olmaqla heç kəs o dövrdə məhv olmaqdan nicat tapmayacaq."Kəmalud-din, 2/368

İmam Həsən Əskəri (ə) başqa hədisdə belə buyurur: "...Günlərin səhərlərinin birində Ali-Muhəmməddən (ə) olan bir İmamın qeybə çəkildiyini və onu müşahidə etmədiyinizi gördükdə Allah-Təalanın dərgahına tövbə edin (onun zühurunun tezləşməsini Aləmlərin Rəbbindən istəyin)... Fərəc və rahatlıq tezliklə sizə tərəf gəlsin..." Kəmalud-din, Bab 32, hədis 8
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031