Kaş səninlə olardıq, ey Əba Əbdillah...
Kaş səninlə olardıq, ey Əba Əbdillah...
Səninlə olanlar necə də böyük bir səadətə qovuşdular... Xoş olsun səninlə olanların halına... Ey kaş, bizlər də səninlə olaydıq, dinini öz qanı ilə Qiyamətədək sığortalayan bu hərəkatda biz də yer alardıq.. Bizlər Kərbəlada səninlə ola bilməsək də, sənin ziyarətində keçən bu mətləblə səninlə olmağı arzulayırıq. Allahdan diləyirik səninlə olmağı. Günümüzdə yaşanan Aşuralarda yezidlərin (lən) zülmlərinə baş əyməməyi. Uca Allah zillətdən uzaq olmaq ləyaqətini bizlərə nəsib etsin. Aşura gecəsi (Tasua) idi. İmam Hüseyn (ə) ailəsini və səhabələrini ətrafına toplayıb, sözə başladı: "Mən öz əhli-beytimdən yaxşı əhli-beyt və səhabələrimdən vəfalı səhabə tanımıram...". Eyni zamanda buyurdu: "Hamınız bilirsiniz ki, bunların məndən başqa heç kəslə işləri yoxdur, onların hədəfi yalnız mənəm, onlar əgər məni ələ keçirsələr, daha heç kəslə işləri olmayacaq. Sizin hamınız gecənin qaranlığından istifadə edib, gedə bilərsiniz". İmam Hüseyn (ə) bu sözləri söyləyərkən hər tərəfdən nidalar yüksəlməyə başladı: "Ey Əba Əbdillah, biz belə bir iş görərikmi?!" Aşuranın bu səhnəsi həqiqətən insanı çox heyrətləndirir. Hər səhabə bir cümlə ilə İmama (ə) cavab deyirdi. Biri deyirdi: "Ey ağa! Məni öldürsələr və sonra bədənimə od vuraraq külümü göyə sovrulsalar, ikinci dəfə məni diriltsələr və yetmiş dəfə mənə belə işgəncə verib öldürüb diriltsələr, yenə səndən əl götürmərəm”. Səhabələrin birindən xəbər gəlir ki, oğlu düşmənin əlinə əsir düşüb. Bu xəbər İmam Hüseyn (ə) çatır. İmam (ə) həmin sahəbəsinə pul və hədiyyə verib, oğlunu əsirlikdən qurtarmağı təklif edir. Səhabə cavabında: "Əgər səndən ayrılsam, qoy məni yırtıcı heyvanlar diri-diri yesinlər. Oğlum çətinlikdədir, olsun, məgər oğlum mənə sizdən əzizdir?!". O gecə hamı öz vəfadarlğını göstərdi. Heç kəsin ondan ayrılmadığını görən İmam (ə), höccətini tamamladıqdan sonra buyurdu: "İndi ki, belədir, bilin ki, bizim hamımız öləcəyik". Hamı dedi: "Əlhəmdulillah, Allaha şükür edirik ki, bizə belə inayət edib və bu xəbər bizim üçün bir müjdədir". 13 yaşında olan bir gənc şübhə etdi. Düşündü ki, az yaşlı olduğuna görə birdən İmamın (ə) dediyi şəhidlərin içində olmaz. Buna görə o - İmam Hüseynə (ə) qardaşı Həsəndən (ə) tək yadigar, tək xatirə qalan 13 yaşlı Qasim sual verib, dedi: "Ey əmica, sabah mən ölənlərdən olacağam?". İmam Hüseyn (ə) çox kövrəldi, cavab verə bilmədi. Dedi: "Əvvəl sən mənim sualıma cavab ver. Ölüm sənin nəzərində necədir?". Həzrət Qasim cavabında: "Ölüm mənə baldan şirindir. Əgər desən ki, sabah sən də öləcəksən, mənə müjdə vermiş olarsan”. İmamın (ə) yanında olan hər bir kəs çox yaxşı bilirdi ki, İmam Hüseynlə (ə) olmaq – Allah razılığına, dinin diri qalmasına, dünya və axirət saədətinə, izəttlə yaşamağa dəlalət edir... Buna görə İmam Hüseyn (ə) üçün hər şeydən keçməyə hazır idilər. Aşura ziyarətindən bir hissə ilə yazını bitirmək istərdik: "Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağımın mükafatı və savabı çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm ki, Muhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) Əhli-Beytindən olan qalib İmamın (İmam Zaman ağanın (ə.f)) önündə sənin intiqamını almağı mənə nəsib etsin. İlahi, İmam Hüseyn (ə) xatirinə məni dünya və axirətdə Öz yanında abırlı-həyalı, uca şanlı et!". Amin! http://deyerler.org/ Oxşar xəbərlər
|