İmam Səccad (ə) İbn Ziyadı (lən) və Yezidi (lən) belə susdurdu
İmam Səccad (ə) Kərbəlada xəstə və zəif olduğu üçün əsirlərin məsuliyyətini Həzrət Zeynəb (s.ə) öz üzərinə götürmüşdü. Lakin buna baxmayaraq, dördüncü İmam Səccad (ə) Əhli-beytin (ə) hərəmini var gücü ilə qoruyurdu.
Əsirlər Kufəyə daxil olan zaman böyük insan toplumu onlara tamaşa etmək üçün yığılmışdı və onlar əsirləri görən zaman nalə çəkməyə və ağlamağa başladılar. İmam Səccad (ə) onlara buyurdu: “Siz bizim halımıza nalə çəkib ağlayırsınız, bəs bizləri kim öldürdü?!”. Əsirlər İbn Ziyadın (lən) sarayına aparılan küçələrdən keçəndə, Əhli-beyt (ə) insanlara moizə edirdi və İmam (ə) öz atasının kim olduğunu bəyan edərək, Kərbəla müsibətindən danışırdı. Kufəlilər İmam Hüseynlə (ə) bağladıqları əhdə vəfa etmədiklərinə görə xəcalət çəkirdilər. İmam Səccad (ə) onlara buyururdu: “Ey insanlar, hər kim məni tanıyır, məni tanıtmağa ehtiyac yoxdur. Hər kim məni tanımır, indi mən özümü tanıdacağam. Mən Əli ibni Hüseyn ibni Əli ibn Əbutalibəm (ə). Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç kimin haqqını tapdalamadığı halda başını kəsdilər. Mən o kəsin oğluyam ki, onu əziyyətlə öldürdülər. Ancaq o, səbir etdi və həmin iftixar bizim üçün kifayətdir. Ey insanlar! Sizi Allaha and verirəm, məgər unutmusunuz ki, sizlər atama məktub yazdınız və sizə tərəf gələn zaman ona hiylə qurdunuz?! Siz atamla əhd bağladınız və onunla beyət etdiniz. Ancaq beyətinizi sındırdınız və onu öldürdünüz. Ona görə siz həlak olun və axirətə göndərdiyiniz bu azuqə ilə həlak olun!”. Bu sözlərdən sonra insanların naləsi göyə ucaldı və bir-birinə dedilər: “Vay olsun bizə! Təəssüf olsun bizə! Peyğəmbərin (s) əziz oğlunu öldürərək və Əhli-beytini (ə) əsir tutaraq, özümüzü ən ağır cəzaya düçar etdik”. Sarayda İbn Ziyad (lən) İmama (ə) üz çevirib dedi: “Sən kimsən?”. Buyurdu: “Mən Əli ibn Hüseynəm (ə)”. “Məgər Allah Əli ibni Hüseyni (ə) öldürmədi?”. İmam (ə) susdu. İbn Ziyad (lən) dedi: “Nə oldu, niyə susdun?”. İmam (ə) buyurdu: “Bir qardaşım var idi ki, onun da adı Əli idi və insanlar onu öldürdülər”. İbni Ziyad (lən) dedi: “Allah onu öldürdü”. İmam (ə) yenə susdu. Məlun dedi: “Niyə danışmırsan?”. İmam (ə) buyurdu: “Allah canları ölən zaman alır. Heç bir nəfs Allahın izni olmadan ölməz”. İbni Ziyad (lən) dedi: “Allaha and olsun ki, sən də onlardansan”. Sonra yanındakı əsgərə dedi: “Vay olsun sənə, onu öldür!”. İbn Ziyad (lən) İmamın (ə) möhkəm məntiqi qarşısında heç nə deyə bilmədi və ona görə də onu bu yolla susdurmaq istədi. Lakin xanım Zeynəbin (s.ə) fədakarlığı nəticəsində İmam Səccad (ə) sağ qaldı. Yezid (lən) də İbn Ziyad (lən) kimi İmam Hüseynin (ə) ölməsini Allaha nisbət verir (nəuzubillah!). Sonra üzünü İmam Səccada (ə) çevirib, deyir: “Ey Əli! Allahın atan Hüseynlə (ə) etdiklərini necə görürsən?”. İmam (ə) buyurdu: “Allahın qəzasını səma və yerin xilqətindən əvvəl gördüm!”. Yezid (lən) də bir neçə nəfərin təklifi ilə onu öldürmək istəyir. İmam (ə) buyurur: “Ey Yezid! Onlar Fironun tərəfdaşlarının əksinə təklif verdilər. O zaman ki, Firon Musa (ə) və Harun haqqında onlarla məsləhətləşir, onlar deyirlər: “Musanı (ə) və qardaşını burax getsin! Fasiqlər belə peyğəmbərlərin övladlarını qətl etdirmir””. İmam (ə) bu yolla məluna başa salır ki, o, Firon və onun tərəfdaşları kimidir. Yəni, əgər İmamı (ə) öldürsə, öz fasiqliyini aşkar edəcək. Bu yolla Yezidi (lən) silahsızlaşdırır. İmam (ə) buyurdu: “Əgər Peyğəmbər (s) məni bu halda görsəydi, nə güman edərdin?”. Yezid (lən) əmr edir ki, onun zəncirlərini açsınlar. Sonra Yezid (lən) xətibə işarə edir ki, Müaviyəni (lən) tərifləsin və İmam Hüseyni (ə) təhqir etsin. Bu işi görən zaman İmam Səccad (ə) fəryad çəkdi və buyurdu: “Məxluqun razılığını Xaliqin qəzəbi qarşılığında satın aldın. Ona görə də yerini atəşlə dolu bil”. Sonra buyurdu: “Mən o kəsin oğluyam ki, öz qanına boyandı. Mən Kərbəlada başı kəsilənin oğluyam. Mən o kəsin oğluyam ki, zülmətdəki bütün pərilər ona ağladılar və səmadakı quşlar ona növhə dedilər”. Bu zaman insanların naləsi ucaldı və Yezid (lən) qorxuya düşdü. Azan deyənə əmr etdi ki, azan versin. O, deyir: “Allahı Əkbər!”. İmam (ə) buyurur: “Allah ondan da Böyük, Cəlil, Ali və Kərimdir ki, biz ondan qorxaq və çəkinək”. Azan deyən ilk şəhadəti deyəndə İmam (ə) buyurur: “Bəli, hər bir şəhadət verənlə şəhadət verirəm ki, Ondan başqa Məbud yoxdur və Ondan başqa Pərvərdigar yoxdur”. Azan deyən ikinci şəhadətə çatanda, İmam (ə) buyurur: “Muhəmmədin (s) haqqına səndən istəyirəm ki, sakit olasan ki, mən bu sözümü deyim”. Mübarək üzünü Yezidə (lən) çevirib, buyurur: “Bu əziz və kərim Rəsul (s) sənin cəddindir, yoxsa mənim? Əgər desən ki, sənin cəddindir, bütün insanlar bilir ki, yalan deyirsən. Əgər desən mənim cəddimdir, bəs niyə atamı zülmlə qətl etdirdin? Malını qarət etdin, qadınlarını əsir aldın! Vay olsun sənə, Qiyamət günü mənim cəddim sənin düşmənin olacaqdır”. Allah Təala İmam Hüseynin (ə) qatillərinə və bu cinayətə razı olanlara lənət etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|