Quranın nəzərinə görə evliliyin faydaları
Mьəllif: admin1
Tarix: 4-04-2021, 11:13
Quranın nəzərinə görə evliliyin faydaları

"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız". ("Bəqərə" 187)...

Aqil insan bir məsələni qəbul edən və ya rədd edən zaman həmin məsələnin zəif və qüvvətli tərəflərinə nəzər salar. Evlilik məsələsi də bu cürdür. Bir müsəlman üçün evliliyin də fayda və zərərlərini müəyyən edən meyar - Quran və sünnətdir.

Qurani-Kərimdə evliliyin bir çox faydaları bəyan edilmişdir ki, onların bəzisinə nəzər salaq:

Evlilik ərlə arvadın rahatlıq mənbəyidir. "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

Evlilik saleh övladları tərbiyə etmək və insan nəslini hifz etmək üçün bir vasitədir. "(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!" ("Şura" 11).

Qadınla kişi bir-birini tamamlayır. Bu məsələ də evlilik ilə həyata keçər."Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız". ("Bəqərə" 187)..Libas insanı soyuqdan və istidən qoruduğu, eyblərini örtdüyü kimi, həyat yoldaşları da bir-birini hər bir eybdən qoruyur və bir-birinin rahatlıq vasitəsidirlər. Hər biri o birisinin zinətidir.

İnsanın evliliyə olan ehtiyacı fitri və təbiidir. İnsan elə xəlq edilmişdir ki, istər-istəməz müxalif cinsə meyl edər. Allah Təala da ona görə qadınla kişiyə evlənməsini əmr etmişdir. Ona görə də evlilik insanın fitri ehtiyacını təmin edən bir vasitədir.

"(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz genişlik sahibi və biləndir". ("Nur" 32).

Əxlaqi fəsaddan uzaq olmaq üçün evlilik bir çıxış yoludur. "Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar". ("Nur" 33).

Ona görə də subay cavanlarımızı evləndirək. Çünki evlilik cavanlarımızın iffətini qoruyar, fitri ehtiyaclarını təmin edər. Ərlə arvad bir-birinin libasıdır. Gələcək nəslin davam etməsi üçün evlilik bir vasitədir. Eyni zamanda evlilik ərlə arvadın rahatlıq ocağıdır.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930