Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə
Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz!
Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki, iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını, zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür ne'mətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat, mal-dövlət və vəzifə, həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa, yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə də'vət edir, digər tərəfdən də təzyiqlərə mə'ruz qaldıqları üçün nə təkcə öz və'dlərini (də'vətlərini) unudur, üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli, bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki, Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər. Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş, onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yə'ni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı, səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi, yoxsa Əli əleyhissəlamın qızı? Bəli, danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi. İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan, İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır: «Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki, Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: "Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?" Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı, ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki, bütün əlindəkiləri əyirir, sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var, nə də andınızın bir e'tibarı! Sizin öyünmək, kənizlər kimi yaltaqlanmaq, boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız –Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, Allaha and olsun ki, siz ağlamağa layiqsiniz. Çox ağlayın, az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki, onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki, sizin yolunuzun çırağı, dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz, gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki, az qaldı göy yerə tökülsün, yer yarılsın və dağlar parça-parça olsun. Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki, onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki, Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa, bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.» Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cü'fi qəbiləsindən olan, saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şe'r dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.» nardaranpiri.com Oxşar xəbərlər
|