Təqva nədir? Təqvanı necə gücləndirmək?
Təqvanın tərifində deyilir: “Zərər verməsindən qorxduğun hər şeydən nəfsi qorumaq”.
Zərərlərin bəzisini ağıl müəyyən edir, bəzisini isə dinimiz bizə söyləyir. İmam Sadiq (ə) buyurur: “(Təqva – yəni) o yerdə ki, Allah hazır olmağını əmr etmişdir – səni qaib görməsin, o yerdə ki, qadağan etmişdir – səni müşahidə etməsin”. Ona görə də təqvalı insan o kəsdir ki, fikirləri, əməlləri və danışıqları ağıl və din meyarı ilə tənzimlənmiş olsun və heç bir işini bu ikisi ilə məsləhətləşmədən görməsin. Ağıl və dinin əmrindən boyun qaçırtmasın. İslam əxlaqının əsasını təqva təşkil edir. Onsuz əxlaq və imandan söz belə, gedə bilməz. Əmirəl-möminin (ə) buyurur: “Təqva olmadan iman fayda verməz”. Təqvanın başqa üstünlükləri: 1. İnsan kəramətinin meyarıdır. Təqvanın dərəcəsi qürbi-İlahi dərəcəsi ilə birbaşa əlaqədədir. İnsan hər nə qədər təqvalı olarsa, Allaha daha çox yaxın olar. Dəyəri də çox olar. Quran buyurur: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz – sizin ən pəhizkarınızdır”. (“Hucurat” 13). 2. Əməllərin qəbul olmaq meyarıdır. Allah dərgahında iki amil əməllərin qəbul olmaq meyarıdır: biri ixlasdır və digəri təqva. Əgər bu iki amil birləşərsə, həmin əməl qəbul olunar. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27). 3. Səadətə aparan yoldur. Əbədi səadətə çatmaq – bütün insanların arzusudur. Ancaq onların çoxu səadət yolunu tapmaqda səhv edirlər. İslamın nəzərinə görə İlahi təqva səadətə aparan yoldur və sahibini hədəfinə çatdırır. İmam Əli (ə) buyurur: “Agah olun ki, təqva ram olmuş minikdir ki, sahibi ona minər və rəhbərliyini də əlinə alar və (bu minik) onu behiştə aparar”. 4. Yaxşı işlərə təhrik edəndir. Qurani-Kərim buyurur ki, təqva bir insan üçün yaxşılıqlara tərəf təhrik edən mühərrikdir. Təqva sayəsində: a) Ruhi, ictimai və iqtisadi çətinliklər həll olar. b) Möminə izzət bəxş edilər. c) Şeytanın vəsvəsələri qarşısında maneələr yaranar. d) Səma bərəkətini nazil edər. e) Sayəsində insan qalib olar. f) İnsan haqqı batildən ayıra bilər. g) İnsanın günahları bağışlanar. Bəs təqvamızı necə gücləndirək? İnsan zatən yaxşılıqlara meyl edən və pis işlərdən çəkinən bir varlıqdır. Təqva insana haqqı göstərib, batildən çəkindirər. Təqvanın gücləndirmək üçün insan ilk növbədə elmini artırmalıdır. Allahın hökmlərini və maarifini yaxşı bilməlidir və yaxşı və pis işləri tanımalıdır. Təqvalı insanın Allaha imanı güclü olar. Təqva, insanın Allaha iman bəsləməsi sayəsində məna əldə edər. Ona görə də təqvanı gücləndirmək üçün Allaha olan imanı gücləndirmək lazımdır. Təqvanı gücləndirmək üçün Allaha ixlasla ibadət etmək lazımdır. “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə (bununla) təqvalı olasınız”. (“Bəqərə” 21). Təqvanı gücləndirməyin bir yolu isə maddiyyata bağlılığı qırmaqdır. “De: «Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə hətta xurma çərdəyinin yarığındakı nazik tel qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir»”. (“Nisa” 77). Allah Təbarəkə və Təala bizləri təqva əhlindən qərar versin. Deyerler.org Oxşar xəbərlər
|