Aşura qatillərinin aqibəti
“Allahım, yer üzünün bərəkətini onlara haram et, onları dəstə-dəstə parçalayıb dağıt, ...onları zillətlə öldür, birini də sağ buraxma!”.
(Aşura günü Imam Hüseynin (ə) öz düşmənləri üçün etdiyi bəd-dua) Tarixdən məlumdur ki, Aşura faciəsi zamanı İmamın və səhabələrinin qətlində əli olan əksər şəxslər öz cinayətlərinə müvafiq şəkildə cəza almışar. İmamın intiqamını almaq şüarı ilə çıxış edən Muxtar bu şəxslərin hər birini ayrı-ayrılıqda ələ keçirib ən amansız üsullarla edam etdi. Kərbəla hadisəsində iştirakı şübhəsiz olan adamları öldürəndən sonra bir qayda olaraq bədənini yandırıb külünü havaya sovururdular. Sıravi adamları əl keçirəndə isə əvvəlcə onların bu cinayətdə əli olub-olmadığını yoxlayır, günahı olduğu təqdirdə öz cəzasına çatdırırdılar. Muxtar hətta Aşura qatillərini o qədər murdar bilirdi ki, ayaqqabısı ilə onlara toxunandan sonra ayaqqabının altını pak edirdi. Muxtarın əmri ilə cəzalandırılmış cinayətkarlardan bir neçəsinin aqibətini xatırladırıq: Ömər ibn Səd Əhli-sünnə rəvayətlərinə görə, cənnətlə müjdələnmiş on nəfərdən biri olan məşhur səhabə Səd ibn Əbu Vəqqasın oğludur. Rey şəhərinin valiliyini əldə etmək arzusu ilə Imam Hüseynə (ə) qarşı göndərilən qoşunun sərkərdəliyini öhdəyə almışdı. Ömər ibn Səd əvvəlcə qarşı tərəflə barışıq yaratmağa çalışırdı. Amma Ibn Ziyadın və Şimrin təhrikləri sayəsində o da sərt mövqeyə keçdi. Aşura günü Imam Hüseynə (ə) və silahdaşlarına qarşı vuruşan qoşunun komandanı Ömər ibn Səd idi. Aşura faciəsindən sonra Ömər ibn Sədlə Übeydullah ibn Ziyadın münasibətləri pozuldu. Qəzəblənmiş Ibn Ziyad Rey şəhərinin valiliyini ona verməkdən imtina etdi. Məqsədinə çatmayan Ömər ibn Səd üstəlik, camaatın da nifrətini qazandı və xanənişin oldu. Muxtarın əsgərləri Ömər ibn Sədi yatağında tapdılar. O, qaçmağa cəhd göstərsə də, yorğanı ayağına ilişib yıxıldı. Ömərin başını yataqda kəsib Muxtar üçün gətirdilər. Onun Həfs adlı oğlu da atasının cinayətlərində şərik olduğu üçün qətlə yetirildi. Şimr ibn Zil-övşən Bəni-Kilab qəbiləsindən idi, əsl adı Şərəhbildir. Şimr onun ləqəbidir, tərcüməsi təcrübəli, hər işdən başı çıxan və ya səxavətli deməkdir. Maraqlıdır ki, Şimr əvvəllər Həzrət Əlinin (ə) tərəfdarı olmuş, hətta Siffeyn savaşında o həzrətin tərəfində vuruşmuşdu. Sonralar Müaviyənin tərəfinə keçdi. Kərbəla faciəsində Şimrin mənfi rolu hadisələrin lap əvvəlindən başlayır. Yezid tərəfindən Ibn Ziyadın yanına göndərilən Şimr onu Imam Hüseynlə (ə) amansız davranmağa təhrik etdi. Ömər ibn Səd əvvəlcə tərəflər arasında barışıq yaratmaq istədiyi üçün Şimr onu vəzifəsindən uzaqlaşdırılacağı ilə qorxudub döyüşə sövq etdi. Aşura günündə Şimr qoşunun sol cinahının sərkərdəsi idi. Onun ən böyük cinayəti Imam Hüseynin (ə) başını xəncərlə diri-diri kəsib bədəndən ayırmasıdır. Şimr Muxtarın Kərbəla qatillərini tutub cəzalandırdığını eşidəndə Kufədən qaçdı. Muxtarın əsgərləri əvvəlcə onu ələ keçirə bilmirdilər. Nəhayət, Xuzistan əyalətindəki kəndlərin birində Şimri haqladılar. Döyüşdə Şimr öldürüldü. Onun başını kəsib, bədənini itlərin qabağına atdılar. Sinan ibn Ənəs Imam Hüseynin (ə) həyatının son anlarında Sinan nizə ilə o həzrəti vurub yıxmışdı. Bəzi rəvayətlərdə İmam Hüseynin (ə) başını bədənindən ayıran şəxsin də Sinan ibn Ənəs olduğunu yazırlar. (Əksər rəvayətlərdə bu cinayətin müəllifi Şimr sayılır). Dəqiq olan budur ki, Imam Hüseynin (ə) kəsik başını nizənin ucuna taxıb qaldıran və fəxrlə ətrafdakılara nümayiş etdirən Sinan olub. Muxtarın qiyamı başlayanda Sinan qaçıb Müsəb ibn Zübeyrə qoşuldu. (Müsəb Hicazda uzun illər hakimiyyət sürmüş Abdullah ibn Zübeyrin qardaşı idi. Sonralar Muxtarı məğlub edib şəhadətə çatdıran da Müsəb və əsgərləri oldu). Muxtar Sinanı ələ keçirmək üçün çox çalışırdı. Bir gün xəbər gətirdilər ki, Sinan Müsəbdən ayrılıb Qadisiyyə istiqamətinə yola düşüb. Müxtar tez adam göndərib yolda Sinanı əsir etdi. Sinanın əvvəlcə barmaqlarını, sonra əllərini və ayaqlarını doğradılar, axırda bədənini qaynar yağın içinə atdılar. Xuli ibn Yezid Əsbəhi O, Ömər ibn Sədin əmri ilə Imam Hüseynin (ə) kəsik başını Kufəyə – İbn Ziyada təqdim etmək üçün aparmışdı. Amma şəhərə gecəyarı çatmış və İbn Ziyadla görüşə bilməmişdi. Buna görə Xuli İmamın başını öz evinə aparıb səhərə kimi təndirin içində saxladı. Xulinin həyat yoldaşı Əyuf bint Malik ona etiraz edib, Peyğəmbərin nəvəsinə qarşı törətdiyi cinayətə görə danladı, hətta bundan sonra onunla bir yataqda yatmayacağına and içdi. Muxtarın hərəkatı başlayanda Xuli öz həyətindəki ayaqyolunda gizləndi. Muxtarın adamları onun evini mühasirəyə aldılar. Əyuf ərindən qorxduğu üçün ucadan əsgərlərə dedi ki, Xulinin harada olduğunu bilmirəm. Amma gizlicə əliylə onun yerini göstərdi. Muxtarın adamları Xulini tutub elə oradaca ölürdülər. Hərmələ ibn Kahil Əsədi Aşura günündə İmam Hüseyn (ə) altı aylıq körpə oğlu Əli Əsğəri qucağına alaraq düşmən qoşunun qarşısına çıxmış və heç olmazsa, körpəyə su vermələrini onlardan istəmişdi. Bu zaman sərrast atıcılıq məharətinə malik olan Hərmələ oxla Əli Əsğərin boğazından vuraraq onu şəhid etdi. Minhal ibn Əmr adlı şəxs rəvayət edir ki, Kərbəla faciəsindən bir müddət sonra, Muxtar qiyam qaldırdığı günlərdə mən yaşadığım Kufədən həccə getdim, Məkkədən qayıdanda Imam Zeynül-abidinlə (ə) görüşdüm. Imam məndən Hərmələ barəsində soruşdu. Dedim ki, mən Kufədən çıxanda Hərmələ sağ-salamat idi. İmam Zeynül-abidin (ə) əllərini səmaya qaldırıb buyurdu: “İlahi, ona dəmirin (yəni qılıncın) hərarətini dadızdır! Ilahi, ona alovun hərarətini dadızdır!”. Minhal Kufəyə gəlir, Muxtarla əvvəldən dostluğu olduğu üçün onun görüşünə gedir. Bu zaman Muxtara xəbər verirlər ki, əsgərlər Hərmələni ələ keçiriblər. Muxtar Hərmələnin gətirilməsini əmr edir, sonra onun əllərini və ayaqlarını kəsdirir, bədənini qamışdan hazırlanmış tonqala atıb yandırır. Minhal bu zaman Imam Zeynül-abidinin (ə) bəd-duasını yada salıb, qeyri-ixtiyari olaraq söyləyir: “Sübhan Allah!”. Muxtar onun niyə belə dediyini soruşanda, Minhal əhvalatı ona danışır. Muxtar İmamın bəd-duasını yerinə yetirdiyinə (özü də xəbərsiz halda) görə, atından yerə enib iki rükət namaz qılır, şükr səcdəsi edir. Minhal deyir ki, Muxtara təklif etdim evimə qonaq gəlib mənimlə birlikdə yemək yesin. O isə təəccüblə cavab verdi ki, sən bu gün mənim yemək yeyəcəyimi gözləyirsən? Mən onsuz da səhərdən heç nə yeməmişdim, İmamın duasını həyata keçirdiyimə görə bayaq şükr əlaməti olaraq dərhal oruc niyyəti etdim. Hüsayn ibn Nümeyr Kindi O, vaxtilə Müaviyənin silahdaşlarından olmuş, Siffeyn savaşında iştirak etmişdi. Aşura günündə Ibn Ziyadın qoşunundakı oxatanların başçısı idi. Həbib ibn Müzahiri qətlə yetirmişdi. Kərbəla faciəsindən sonra Yezidin əmri ilə Məkkəyə – Abdullah ibn Zübeyrin üzərinə göndərilmiş qoşunun sərkərdəsi də Hüsayn ibn Nümeyr idi. Onun əmri ilə Məkkə kənarındakı təpələrin üzərində mancanaqlar quraşdırıb şəhəri ağır daşlarla və yanar oxlarla atəşə tutdular, nəticədə Kəbənin divarları uçuldu, örtüyü yandı. Bundan sonra Hüsayn Kərbəla şəhidlərinin intiqamını almaq şüarı ilə çıxış etmiş təvvabin qiyamını yatırdı və minlərlə Əhli-beyt (ə) tərəfdarını qanına qəltan etdi. Muxtarın qiyamı zamanı Hüsayn ibn Nümeyr Übeydullah ibn Ziyadın tərəfində idi. Muxtar İbrahim ibn Malik Əştəri böyük qoşunla İbn Ziyadın üzərinə yolladı. Döyüş zamanı Muxtarın əsgərlərindən biri Hüsayn ibn Nümeyri İbn Ziyad zənn edib, öz yoldaşlarını onun üzərinə yönəltdi. Hüsayn ibn Nümeyr həmin döyüşdə həlak oldu. Əmr ibn Həccac Zibeydi O, beş yüz nəfərlik dəstə ilə Fürat çayının suyunu Imamın tərəfdarlarının üzünə bağlamışdı və su götürmək üçün gələnləri çaya yaxın buraxmırdı. Muxtarın qiyamı başlayanda Əmr Kufədən Bəsrəyə sarı qaçdı. Yolda suyu qurtardı və ətşan halda zəifləyib yıxıldı. Muxtarın əsgərləri onu bu halda tapıb öldürdülər. Həkim ibn Tüfeyl Tai O, Həzrət Abbasın sol qolunu qılıncla üzmüş, Imam Hüseynə (ə) ox atıb yaralamışdı. Muxtarın göndərdiyi əsgərlər Həkimi ələ keçirib Muxtarın hüzuruna gətirdilər. Həkimin qohumları onunla eyni qəbilədən olan Ədiyy ibn Hatəm Taidən (səxavəti ilə məşhur olan Hatəm Tainin oğlundan) xahiş etdilər ki, Muxtarın yanında şəfaət etsin. Muxtarın əsgərləri vəziyyətdən xəbər tutanda qorxdular ki, Ədiyy öz məqsədinə nail olub Həkimi azadlığa çıxarar. Ona görə onlar tez Həkim ibn Tüfeyli öldürdülər. Ədiyy Muxtarın yanına gəlib məqsədini ona bildirəndə, Həkimin öldürülməsi barədə xəbəri onlara çatdırdılar. Bəcdəl ibn Süleym İmam Hüseyn (ə) şəhid olandan sonra Kufə qoşununun əsgərləri o həzrətin geyimini və silahını əynindən çıxarıb qarət etdilər. Bu zaman Bəcdəl ibn Süleym İmamın barmağındakı üzüyü mənimsəmək istədi. Amma üzük Imamın barmağından çıxmırdı. Bunu görən Bəcdəl Imam Hüseynin (ə) barmağını kəsib üzüyü çıxartdı. Bəcdəli tutub Muxtarın hüzuruna gətirəndə etdiyi cinayəti ona xatırlatdılar. Muxtar əmr verdi ki, Bəcdəlin əllərini və ayaqlarını kəssinlər. Onu al-qan içində buraxıb getdilər, Bəcdəl ağrıdan və qan itkisindən öldü. Übeydullah ibn Ziyad Onun kimliyi və aqibəti barədə ötən məqalələrin birində məlumat vermişdik. Burada yalnız bir nüansı qeyd edirik. Deyirlər ki, İbn Ziyad öz sarayında İmam Hüseynin (ə) kəsik başını çubuqla vuran zaman o həzrətin mübarək qanının bir damcısı budunun üzərinə düşdü. Qan damlası onun şalvarını dəlib bədəninə keçdi, budunu da deşib dərinə işlədi. Bu hadisədən sonra İbn Ziyadın həmin budunda yara əmələ gəldi. Çirk etmiş yaradan dözülməz üfunət qoxusu gəlirdi. İbn Ziyad bu qoxunu aparmaq üçün ovcunu müşklə doldurub buduna səpirdi, amma qoxu çəkilmirdi. Hicri 67-ci ildə Muxtarın sərkərdəsi İbrahim ibn Malik Əştərlə Übeydullah ibn Ziyadın tərəfdarları arasında qızğın döyüş baş verdi. Döyüşdə İbrahim Übeydullahı qılıncla iki yerə bölüb cəhənnəmə vasil etdi. İbn Ziyadın meyiti başqa ölülərin cəsədinin altında qalıb görünməz olmuşdu. Döyüşdən sonra onun cəsədini budundakı yaranın üfunət iyindən tapdılar. Bunlardan əlavə onlarla Aşura qatili də Muxtarın əsgərləri tərəfindən amansız şəkildə cəzalandırıldı. Amma daha bir neçə nəfər bundan əvvəl Allahın birbaşa müdaxiləsi ilə öz layiqli cəzasını almışdı. Bunların çoxusu Kərbəla şəhidlərinin, o cümlədən, İmam Hüseynin (ə) silahlarını və geyimini qarət edib mənimsəmiş adamlardır. Mənbələrdə xəbər verilir ki, Ishaq Həzrəmi İmam Hüseynin (ə) köynəyini cəsədin əynindən çıxarıb geyindi, bədənini bərəs xəstəliyi (ağ ləkələr) bürüdü, saçı və saqqalı töküldü. O həzrətin əmmaməsini Əxnəs və ya Cabir adlı şəxs çıxarıb öz başına qoydu, amma az sonra ağlını itirib dəli oldu. Qeys ibn Əşəs İmamın xəz əbasını qarət etdi, Allah onu cüzam xəstəliyinə düçar etdi. Hətta ömrünün sonunda ailə üzvləri onu evdə saxlamaqdan bezib zibilliyə atdılar, zibillik itləri Qeysin ətini yeyib dağıtdılar. Ömər ibn Sədin qoşunundan on nəfər İmam Hüseynin (ə) və silahdaşlarının nəşi üzərində at çapıb mübarək bədənləri təhqir etmişdilər. Muxtar həmin on nəfəri ələ keçirəndən sonra əmr etdi ki, onları yerə uzatsınlar və əl-ayaqlarını mismarla yerə bərkitsinlər. Sonra Muxtarın əsgərləri bu on nəfərin bədənini atların tapdağı altında tikə-tikə etdilər. Mənbə:İslam.az Oxşar xəbərlər
|