Niyə bəzi qəlblər daşdan da bərk olur?
Allah insanı gildən xəlq etmiş və ruhuna da Öz ruhundan üfürmüşdür. İnsanın ruh və cismini təkamülə çatmaq üçün bir vasitə qərar vermişdir. Bu ikisi bir-birindən ayrılmadan hidayət yolunu gedə bilər.
Quşların iki qanadına bənzəyir ki, biri olmasa, uça bilməz. Ona görə də insanın həm cismi və həm də ruhu öz həqiqi inkişafına çatmalıdır. Hər biri inkişafdan qalsa, təkamül naqis olacaqdır. Qurani-Kərim insanın ruh və canından bəhs edən zaman qəlbinə işarə edir. Ürək, qəlb elə bir bədən üzvüdür ki, bədənə qan ötürmə və bədəni qanla təmin etmə vəzifəsi onun üzərinə qoyulmuşdur. Onun əsl işi bədəni qanla təhciz etməkdir. Əgər bu üzv dayanarsa, insan həyatı təhlükəyə düşər. Ancaq Quranda qəlb belə bir üzv kimi – ürək kimi tanıdılmamışdır. Quran qəlbdən söz açan zaman insanın can və ruhunu nəzərdə tutmuşdur. İnsan qəlbi kimi, ruhu da üç halda ola bilər: sağlam, xəstə və ölü. Qəlbin əhəmiyyəti Qəlb insanı ya hidayət edər, ya da yolundan azdırar. Həqiqətdə insanın varlığını təşkil edər. O, insanın Haqqın lütfündən bəhrələnməsi və ya məhrum olmasında aparıcı rol oynayır. Bu qəlbdir ki, bədənə hökm edir, bütün pislikləri və yaxşılıqları kəsb edir. “Allah sizi bihudə və boş yerə içdiyiniz andlara görə cəzalandırmayacaqdır. Lakin qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. Allah çox bağışlayan və həlimdir”. (“Bəqərə” 225). Başqa sözlə desək, insanın bütün işləri qəlbindən asılıdır. Nə hökm verərsə, onu da edər. Bütün əməl və rəftarlarımız qəlbimizin halından xəbər verir, onun diri və ya ölü olmasını büruzə edər. Bu ikitərəfli bir məsələdir. Bir tərəfdən qəlbimiz fikir və əməllərimizə təsir qoyur. Həmin əməldən hasil olan nur və ya zülmət də qayıdıb qəlbə təsir qoyar. Onu nurani və ya qaranlıq edər. Qəlb haqla batili ayırar. Əgər bu üzv günaha batıbsa, işdən düşər və düzgün işləməz. “De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»”. (“Mulk” 23). Qəlb ona görə əhəmiyyətlidir ki, insanın hidayət və zəlalət yolunu təyin edər. Bu da qəlbin dünyadakı mərifəti kəsb etməyindən asılıdır. İnsanın həqiqi həyatı ruhundan asılıdır. İnsan bədəni bir neçə on ildən sonra aradan gedər, ancaq ruhu cavidan qalar. Çünki ruh Allaha məxsusdur. Qiyamət günü ruhumuz mükafatlandırılar və ya cəzalandırılar. Qəlblər xəstələnir İnsan bədəni zəhərli maddələr qəbul edən zaman xəstələnər. Ruh da şəkk, şübhə, riya, dünya sevgisi ilə xəstələnər. İnsan qəlbində olan şəkk və şübhə, iman nurunu aradan aparar. Hər nə qədər şəkki artarsa, xəstəliyi də artar. Nəhayət bu nur sönər və qəlb ölər. “Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır”. (“Bəqərə” 10). Qəlb daşdan da möhkəm olar Qəsavət - qəlb xəsətliklərindən biridir. Bu xəstəlik İlahi ayələrə diqqət etməməkdən əmələ gələr. Yerdə və göydə olanların hamısı Allahdandır. Hər şey Onun qarşısında baş əyir. Hətta daşlar belə Allaha itaət edərlər. Ancaq insan qəlbi itaətsizlikdən o qədər sərtləşər ki, Allah qorxusu onu hürkütməz. “Sonra, onun (möcüzələrin) ardınca sizin qəlbləriniz sərtləşdi, daş parçaları kimi və ya ondan da bərk oldu”. (“Bəqərə” 74). Qəlblər ölə bilir İmam Əli (ə) buyurur: “Ey insanlar! Ölülərlə oturub-durmayın”. Bu hədisin şərhində buyurur ki, ölülər dedikdə o kəslər nəzərdə tutulur ki, ruhları Allaha itaətsizlikdən, vacibatları yerinə yetirməməyə və günaha görə ölmüşdür. Onlar Yer üzündə gəzən diri ölülərdir. Onlar həyatdan həqiqi bəhrə almazlar. “Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar”. (“Ənam” 36). Səlim qəlb Səlim qəlb - o qəlbdir ki, hər cür xəstəlikdən uzaqdır. İmam Sadiq (ə) buyurur: “O qəlbdə ki, şirk və şəkk olar, süqut edər, dəyərsiz olar”. Səlim qəlb o qəlbdir ki, dünya məhəbbətindən uzaq olar. İmam Sadiq (ə) “Şuəra” surəsinin 89-cu ayəsini təfsirində buyurur: “Bu, o qəlbdir ki, dünya sevgisindən amanda qalmışdır”. Səlim qəlb - o qəlbdir ki, Allahdan başqa orada heç kəs olmaz. İmam (ə) başqa yerdə buyurur: “Səlim qəlb - o qəlbdir ki, Allahla görüşər, o halda ki, Ondan başqa orada heç kəs olmaz”. «O gün ki, malın və oğulların bir faydası olmayacaq». «Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!». (“Şüəra” 88-89). Beləliklə, deyə bilərik ki, qəlbimiz bədənimiz üçün əhəmiyyətli olduğu kimi, ruhumuz və canımız üçün də çox əhəmiyyətli bir üzvdür. Qəlbimizi təmiz və pak saxlayıb, xəstələnməyə qoymayaq. Əks halda bizi cəhənnəmə apara bilər. (Deyerler.org) Oxşar xəbərlər
|