İNSANLARIN YARADILIŞINDAN MƏQSƏD VƏ PEYĞƏMBƏRLƏRİN VƏZİFƏSİ
Mьəllif: admin1
Tarix: 7-11-2015, 20:43
İNSANLARIN YARADILIŞINDAN MƏQSƏD VƏ PEYĞƏMBƏRLƏRİN VƏZİFƏSİ
Allah taala «Zariyat» surəsinin 56-cı ayəsində buyurur: «Biz insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdıq». Deməli, insanların yaradılmasından məqsəd budur ki, Allah taalaya ibadət etsinlər, Onun əmrlərinə tabe olsunlar. Bir müddət yaşayıb ömrü başa vurduqdan sonra isə yeni bir aləmə köçürlər. Bu yeni aləmə köçmək-ölüm «yox» olmaq mənasına deyil. İndi bütün dünya bunu qəbul edir ki, insan ölməklə yox olmur, sadəcə olaraq bir həyatdan digərinə köçür, bir haldan başqa hala çevrilir. İndi ki, insanların yaradılmasından məqsəd Allah taalaya ibadət edib Ona yaxınlaşmaqdır, bəs onda bu işdə onlara kim yol göstərməlidir?
Bu iş üçün Allah taala müəyyən şəxslər göndərmişdir. Düzdür, Allah taala şəxsən Özü də insanlardan vəd alaraq yalnız Ona ibadət edəcəkləri haqda əhd-peyman bağlamışdır. Bu, hələ insan dünyaya gəlməzdən qabaq ruhlar aləmində bağlanan bir əhd-peymandırdır. Quran da buna işarə edir: «(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?»- deyə soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!»- deyə cavab vermişdilər...» («Əraf» surəsi, 172-ayə.)
Bəli, Allah taala Özü insanlarla əhd-peyman bağlamış, lakin sonradan insanlar bunu unutmuşlar. Buna görə də peyğəmbərlər Allah tərəfindən göndərilmişlər ki, bu əhd-peymanı bir daha insanlara xatırlatsınlar və onları düz yola yönəltsinlər. Peyğəmbərlərin də vəzifəsi məhz bundan ibarətdir ki, insanların Allahla bağlayıb unutduğu bu əhd-peymanı onların yadına salsınlar. Yox, əgər bu peyğəmbərlər göndərilməsəydilər, onda insanlar bəhanə edərək Allaha şikayətlənərdilər ki, bir nəfər göndərsəydin, bunu bizim yadımıza salardı. Peyğəmbərlərin gəlişi isə bu bəhanənin də üstündən xətt çəkir. «Nisa» surəsinin 165-ci ayəsində deyilir: «(Biz) peyğəmbərləri möminlərə müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir». Yəni, peyğəmbərlərin gəlişindən sonra Allah yoluna gəlməyən şəxsin heç bir bəhanəsi ola bilməz. Çünki Allah hər bir işi hikmət üzündən görür. Kimsə özlüyündə bəhanə axtarıb tapsa, bu üzürlü qəbul edilməyəcək. Daha sonra isə peyğəmbərlərin öz vəzifələrini Allahın kitabı və qanunlarına əsasən yerinə yetirdikləri söylənilir. Onlar da məhz bu kitaba əsasən hərəkət edirdilər. «Nəhl» surəsinin 89-cu ayəsində deyilir: «...Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, savab-günahı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!» «Hədid» surəsinin 25-ci ayəsində deyilir: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzlərlə) göndərdik. Biz onlarla birlikdə (səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» Qiyamət günü də insanlar məhz bu kitab əsasında mühakimə olunub sorğu-suala çəkiləcəklər.
Deməli, əvvəldə deyilən sualın cavabı üçün birinci müqəddimə o oldu ki, Allah taala insanları yalnız Ona ibadət etmək üçün yaradıb və bu işdə peyğəmbərləri insanlara yol göstərən-bələdçi göndərmiş, onlar da Allahın kitabına əsasən hərəkət etmişlər.
İkinci müqəddimə isə bundan ibarətdir: Peyğəmbərlərin üç vəzifəsi vardır:
1 Risalət vəzifəsi.
Yəni, peyğəmbərlər insanları tövhid və təkallahlığa dəvət etməlidirlər. Peyğəmbərin bu vəzifəsi, risalət məqamı adlanır. «Nəhl» surəsinin 36-cı ayəsində deyillir: «Biz hər ümmətə: «Allaha ibadət edin, tağutdan çəkinin!»- deyə peyğəmbər göndərmişdik...» Allahdan qeyrisinə ibadət etmək, qarşısında baş əymək isə təbii ki, qadağandır. Səcdə yalnız Allaha məxsusdur.
Risalətin bir mənası da xəbər çatdırmaqdır. Peyğəmbərlərin risalət vəzifəsindən məqsəd də odur ki, onlar Allah tərəfindən insanlara xəbər çatdırmışlar. Peyğəmbər sözünün (fars sözüdür) mənası da məhz «xəbər aparan» deməkdir. «Ali-İmran» surəsinin 20-ci ayəsində deyilir: «(Ya Mühəmməd!) Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: «Siz də müsəlman (haqqa təslim) oldunuzmu?» Əgər islamı qəbul edərlərsə, doğru yola yönəlmiş olarlar, yox əgər üz döndərərlərsə, (sənə bunun zərəri gəlməz), sənin vəzifən ancaq (İslamı) təbliğ etməkdir. Allah şübhəsiz ki, bəndələrini görəndir». «Maidə» surəsinin 92-ci ayəsində isə deyilir: «...Bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq-aşkar təbliğ etməkdir». Əlbəttə, peyğəmbərlərin təbliği mütləq aydın şəkildə olmalıdır. Yox əgər hansısa bir peyğəmbər öz vəzifəsini, dəvətini camaatın başa düşmədiyi tərzdə həyata keçirərsə, təbii ki, bu, məqbul sayılmaz.
Risalətin üçüncü mənası odur ki, Allahın buyurduğu qayda-qanunlarda insanların başa düşmədiyi şeyləri onlara açıqlasınlar. Bu da peyğəmbərlərin vəzifəsidir. Qurana şərh verib açıqlamağa, təfsir etməyə yalnız Peyğəmbərin və onun icazə verdiyi şəxslərin səlahiyyəti çatır. Yoxsa elə belə deyil ki, ürəyi istəyən şəxs gəlib Qurana şərh versin. Hədisdə deyilir ki, Qiyamət günü Allah taala Quranı öz şəxsi fikrinə əsaslanıb təfsir edən şəxsin ağzına oddan qıfıl vuracaq. Axı kimin haqqı çatır ki, Allahın fikrini öz şəxsi fikrinə əsasən aydınlaşdırsın. Bunu yalnız Allahın Öz nümayəndələri deyə bilər. Və Allahın nümayəndələrinin də işi məhz bundan ibarətdir. Quran da buna şəhadət verir: «...Biz Quranı sənə nazil etdik ki, (onu) camaata (sən) başa salasan...». «Nəhl» surəsinin 64-cü ayəsində belə deyilir: «Biz Quranı sənə (şübhəli məsələləri sən) onlara açıqlayasan deyə nazil etdik».

2 İmamət vəzifəsi.
İmamət vəzifəsi peyğəmbərlərin hamısında olmamışdır. Peyğəmbərlərin əksəriyyəti yalnız risalət vəzifəsini daşımışdır. Lakin peyğəmbərlərdən beşi risalət vəzifəsilə yanaşı imamət vəzifəsinə də təyin edilmişdilər. Onlar Nuh (ə), İbrahim (ə), Mussa (ə), İsa (ə) və Mühəmməd (s) olmuşlar. İmamət vəzifəsinin mənası isə odur ki, peyğəmbər öz gətirdiyi qayda-qanunları camaat arasında icra etdirsin və təkcə sözlə, deməklə kifayətlənməsin. Adını çəkdiyimiz bu beş peyğəmbər «Ulul-əzm» peyğəmbərlər olmuşlar. Ulul-əzmin mənası da o deməkdir ki, onların risalət və imamət vəzifəsindən əlavə ümumdünya peyğəmbərləri olmuşlar. Buna «Əhzab» surəsinin 7-ci ayəsində işarə edilir: «(Ey Mühəmməd) Xatırla ki, biz peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da möhkəm bir əhd almışdıq». Məlum məsələdir ki, kimsə Öz nümayəndəsini bir yerə göndərərkən ona bəzi göstərişlər verir. Və təbii ki, Allah taala da əhd almaqla bu göstərişləri öz nümayəndələrinə-peyğəmbərlərə vermişdir. Yeri gəlmişkən həzrət Mühəmməd (s) buyurur: «Rəbbim mənə 40 il təlim-tərbiyə keçdi və sonra buyurdu ki, sən nə gözəl əxlaqa maliksən!». Bundan əlavə o həzrəti meraca aparmaqla da Allah taala Öz göstərişlərini Peyğəmbərə çatdırmışdır. Ayədə adı çəkilən beş peyğəmbərdən digər peyğəmbərlərlə müqayisədə daha möhkəm əhd alınması onların daha böyük məsuliyyət daşımasından xəbər verir. «Möhkəm əhd» ifadəsi onların imamət vəzifəsinə işarədir. Bunu Quranın özü də təsdiqləyir. «Bəqərə» surəsinin 124-cü ayəsində İbrahim Peyğəmbər (s)- in imamət vəzifəsi daşıması açıq-aşkar göstərilir: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi sınaqlarla) imtahana çəkdiyi zaman o, (bunları) tamamilə yerinə yetirdi. (Allah ona) «Səni insanlara imam təyin edəcəyəm»- dedi...» Baxın, imamət rütbəsi peyğəmbərlik vəzifəsindən daha çətin olduğuna görə Allah taala həmin beş peyğəmbərdən daha möhkəm əhd almışdır. Peyğəmbər yalnız Allahın qanunlarını çatdırır və camaatın ona əməl edib-etməyəcəyi onun işi deyil. İmamətdə isə məsələ tamam başqa cürdür. 124 min peyğəmbərdən beşi istisna olmaqla qalanları bu cür olmuşlar. Peyğəmbər olmaqla yanaşı həm də imam olmuş bu beş peyğəmbərin işi isə həddindən artıq ağır olmuşdur. Onlar təkcə Allahın qanunlarını camaata çatdırmaqla kifayətlənmirdilər. Camaatın hidayət olunması üçün onlar əllərindən gələni etməli idilər və etmişlər də. İndi isə gəlin nəzərə alaq ki, həzrət Mühəmməd (s) sonuncu peyğəmbər olmuş və daha ondan sonra peyğəmbər gəlməyəcəkdi. Belə olan halda Peyğəmbər vəfat etdikdən sonra bəs camaatı düz yola yönəltmək vəzifəsi kimin öhdəsinə düşməlidir?
Bunun üçün Allah taala çıxış yolu təyin etmişdir. Həzrət Mühəmmədin (s) vəfatından sonra ümmətə rəhbərlik məsələsi Allahın göstərişinə əsasən müəyyən şəxslərə həvalə edilmişdir. Əgər belə olmazsa, bəs onda Peyğəmbərin (s) 23 illik zəhməti puçmu olmalıdır? Əgər Peyğəmbər özündən sonranı fikirləşmirsə, nəyə görə camaatı İslam yolunda cihada çağırırdı? Bunları təkcə öz dövrü üçünmü edirdi, yoxsa, Qiyamətədək yaşayacaq İslam ümməti naminə? Təkcə öz dövrü üçün edirdisə, 23 ildən ötrü bu qədər əzab-əziyyət çəkməyə dəyərdimi? Xeyr, Peyğəmbər özündən sonranı çox yaxşı fikirləşmişdi və ümmətə rəhbərlik edəcək şəxsi də müəyyənləşdirmişdi. Ondan başqa heç kəsin buna səlahiyyəti çatmır və 5-10 nəfərin yığışıb nəsə qərar çıxarması peyğəmbərin vəzifəsi ilə uyğun gəlmir.
Necə ola bilər ki, Peyğəmbər (s) qısamüddətli hansısa bir səfərə gedərkən öz yerinə canişin təyin edir, amma bu dünyadan əbədi köçmək istərkən İslam ümmətini başsız qoyur? Bu, ağlasığanmı işdir?
Ümumiyyətlə, rəhbərlik məsələsi bilavasitə Allahın ixtiyarında olan bir işdir və yalnız Ona məxsusdur. Əgər Allah kiməsə bu ixtiyarı veribsə, deməli, bu iş Onun Öz razılığı ilə olub və başqa heç kəsin bu vəzifəyə sahib çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərdən sonra müsəlmanlara rəhbərlik edəcək şəxsi bir necə nəfərdən ibarət şura müəyyənləşdirməlidirsə, bəs onda nəyə görə Peyğəmbər (s) həccətül-vidada (son həcc ziyarətindən qayıdarkən) müsəlmanlara rəhbər təyin edirdi? Nəyə görə Peyğəmbərin rəhbər təyin etdiyi bu şəxsi hamıdan qabaq həmin şuraya başçılıq edənlər təbrik edirdi?
Peyğəmbərdən sonra rəhbər olacaq şəxsi müəyyənləşdirməyin iki yolu vardır:
1.Allahın göstərişi ilə Peyğəmbər (s) şəxsən özü ondan sonra rəhbərlik edəcək şəxslərin bir-bir adını çəkməlidir.
2.Allahın göstərişi ilə Peyğəmbər (s) ondan bilavasitə sonra rəhbərlik edəcək şəxsi təyin edir və ondan sonrakı rəhbəri də təyin etmə səlahiyyətini özü təyin etdiyi şəxsin ixtiyarına qoyur. Peyğəmbər (s) bu iki yolun ikisindən də istifadə etmişdir. O həzrət buyurur: «Nə qədər ki, məndən sonra 12 xəlifə var, İslam həmişə yaşayacaq». Bu hədis «Səhihi Müslim»- də 3-cü cild, səh: 1453; «Səhihi Buxari»- də 9-cu cild, səh: 81, «Babül-istixlaf» və digər mötəbər kitablarda rəvayət olunmuşdur.
İndi gəlin görək bu on iki xəlifə kimlərdir? Baxıb görürük ki, nə Raşidi xəlifələri, nə Bəni-Üməyyə xəlifələri, nə də Bəni-Abbas xəlifələri 12 nəfər olmamışlar. Yalnız Ali-Mühəmməddən (s) olan imamlardırlar ki, sayı bu rəqəmlə üst-üstə düşür. Başqa bir hədisdə isə Peyğəmbər (s) onların on ikisinin də bir-bir adını çəkir. Cabir ibn Abdullah Ənsari deyir: «Bir gün Peyğəmbərlə (s) bir yerdə oturmuşduq. Elə bu vaxt Cündəb ibn Cünadə ibn Cüneyd adlı yəhudi bizə tərəf gəlib Peyğəmbərə dedi ki, icazə ver səndən bir neçə söz soruşum. Peyğəmbər ona icazə verdikdən sonra onun suallarını dinləyib cavabını verdi. Həmin şəxs elə oradaca İslam dinini qəbul etdi. Müsəlman olduqdan sonra Peyğəmbərə dedi: Ya Rəsuləllah, səndən sonra sənin canişinin olub ümmətə rəhbərlik edəcək bir şəxs varmı? Peyğəmbər buyurdu ki, bəli, var. Həmin şəxs onun kim olduğunu soruşduqda Peyğəmbər (s) buyurdu ki, onlar 12 nəfərdirlər. Cündəb dedi ki, ya Rəsuləllah, onda yaxşı olar ki, sən onların adını mənə deyəsən, mən də tanış olub imkan daxilində onlara kömək edəm. Peyğəmbər (s) onların bir-bir adını çəkdi. On ikincinin də adını çəkdikdən sonra buyurdu: O, qeybə çəkiləcək, uzun müddətdən sonra zühur edib yer üzündə zülm və haqsızlıq baş alıb getdiyi kimi dünyanı haqq-ədalətlə dolduracaq. Və xoş o insanların halına ki, o, qeybdə olan müddət ərzində onun varlığına inanıb onu qəbul edəcək, bu yolda səbirli olacaqlar. Sonra isə Peyğəmbər (s) «Bu, heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanar, namaz qılar və onlara verdiyimiz ruzilərdən infaq edərlər» ayələrini oxuyaraq bu ayələrin həmin şəxslər haqda olduğunu bildirdi».
Beləliklə də Peyğəmbər (s) ondan sonra ümmətə rəhbərlik edəcək şəxsləri hər iki yolla, həm hamının adını bir-bir çəkməklə, həm də yalnız özündən bilavasitə sonrakının adını çəkib sonrakıları müəyyənləşdirməyi isə ardıcıl olaraq həmin şəxslərin öz öhdəsinə buraxmaqla tanıtdırmışdır.
Bilavasitə özündən sonrakı xəlifəni isə həccətül-vidada təyin etmişdir ki, bunu 110 səhabə, 84 tabe (tabe Peyğəmbəri görməyən, lakin Peyğəmbəri görmüş şəxsi görən adama deyilir) hədislərdə söyləmiş və 360 mötəbər kitabda da qeyd olunmuşdur.
Bu gün necə olur ki, gündəlik namazların 17 rükət olduğunu gəstərən bir neçə hədisi qəbul edirik, amma 110 səhabə və 84 tabeinin söylədiyi, 360 mötəbər kitabın da qeyd etdiyi və Əlinin (ə) imamətini sübut edən hədisi qəbul etmirik? Qəbul ediriksə, gərək hər ikisini qəbul edək. Birini qəbul edib, digərini qəbul etməməyimizin səbəbi nədir?
Mərhum Fizuli deyir:
Düşdükcə yadimə ələmi dəşti Kərbəla
Könlüm fəqanü nalədə biixtiyar olur.
Gəldikcə yadimə ləbi xoşki şəhidi eşq
Bi ixtiyar çeşmi tərim əşkbar olur.
Əhli-beytin yad edib hər ləhzə abi-didəsin
Zaye olmaz əşk tökmək dideyi-xunbaridən.
Bu müsibət əşkinin hər qətrəsinə ruzi Həşr
Əcrdir min bəhri rəhmət İzədi Cəbbardən

Alimlər hamı yekdilliklə qəbul edirlər ki, insanlardan heç birinin insanlıq baxımından başqasına üstünlük və ağalıq etmə hüququ yoxdur və hamı bərabərdir. Necə ki, bir çəllək su ilə bir stəkan suyun sulu olmaq baxımından heç bir fərqi yoxdur. Düzdür, müxtəlif cəhətlərə görə insanlardan biri digərindən üstün ola bilər, insanlıq baxımından isə hamı bərabərdir. Bu üstünlük və ağalıq Allaha məxsus olan bir cəhətdir. Allah taala da bunu Öz peyğəmbərinə vermiş, nəticədə digər cəhətlərdə olduğu kimi həzrət Mühəmməd (s) insanlıq baxımından da başqalarından üstün olmuşdur. Bunu Quran da təsdiqləyir: «Peyğəmbər möminlərə özlərindən daha yaxındır». («Əhzab» surəsi, 6-cı ayə.) Onu da qeyd etdik ki, Peyğəmbər (s) həm risalət, həm də imamət vəzifələrinə malik olduğu halda dünyadan gedərkən risalət qapısı əbədi olaraq insanların üzünə bağlanmış, imamət vəzifəsini isə İmam Əliyə (ə), o da ardıcıl olaraq növbəti imamlara həvalə etmişdir. Deməli, həzrət Əli (ə)- dan tutmuş 12-ci imama qədər heç biri imamət vəzifəsi baxımından Peyğəmbər (s) ilə fərqlənməmişlər.


Ceferiler.com
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930