ZEYD İBN ƏLİ İBN HÜSEYNİN (Ə) ŞƏXSİYYƏT VƏ QİYAMINA QISA BİR BAXIŞ
İmam Zeynəlabidinin (ə) oğlu Zeyd imamət və vilayət xanədanının məşhur və parlaq çöhrələrindən biridir. O, Əməvilər hakimiyyəti ilə mübarizə aparmış və Hişam ibn Əbdülməlikin xilafətinə qarşı qiyam etmişdir.
Şeyx Müfid “Əl-irşad” əsərində onun şəxsiyyəti haqda belə yazır: “Zeyd ibn Əli ibn Hüseyn (ə) qardaşı imam Baqirdən (ə) sonra imam Zeynəlabidinin (ə) böyük oğludur. O, təqvalı, fəqih, səxavətli və şücaətli bir şəxs olmuş, öz qiyamı ilə “əmr be məruf” və “nəhy əz münkər” etmiş və imam Hüseynin (ə) qatillərindın qisas almışdır.” (Əl-irşad”, Şeyx Müfid, səh. 520.) Qeyd etmək lazımdır ki, “Aşura” faciəsi və imam Hüseynin (ə) şəhadətindən sonra “Təvvabin” və Muxtar Səqəfinin qiyamları kimi Əhli-beyti (ə) sevənlər tərəfindən Kərbəla şəhidlərinin qısasını almaq və yaxud digər məqsədlər üçün Əməvilər hakimiyyətinə qarşı qiyamlar baş qaldırsa da, Ələvilərdən Zeyd ibn Əlinin zamanına qədər mühüm qiyam və hərəkata əl atan olmamışdır. Bəzi rəvayətlərdən belə anlaşılır ki, Kufədə Əhli-beyt (ə) dostları və şiələri Zeyd ibn Əlinin (ə) mübariz əhval-ruhiyyəsindən, onun Əməvilər hakimiyyətinə qarşı aşkar və gizli müxalifətindən agah olduqda, onu Əməvilərə qarşı hərəkata rəhbərlik etmək üçün Mədinədən Kufəyə dəvət edirlər. Zeyd bu haqda böyük qardaşı imam Mühəmməd Baqirlə (ə) məsləhətləşdikdə, İmam (ə) onu qiyamın hələ tez və nəticəsiz olacağından xəbərdar edir. Zeyd imam Baqirin (ə) nəzərinə ehtiramla yanaşır və o həzrətin həyatında qiyama qalxmır. Lakin İmam (ə) şəhadətə yetdikdən sonra Mədinənin hakiminin ayrıseçkilikləri və zorakılıqlarının dözülməz həddə çatdığını görən Zeyd Mədinə hakimindən Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə şikayət etmək üçün Şama yollanır. Hişam ibn Əbdülməlik, Zeydin şikayətinə nəinki etina etmir, hətta onu Şamdan qovur. Bundan sonra Zeyd qiyam haqda qəti qərara gəlib Kufəyə doğru hərəkət edir. O, Kufəyə daxil olduqdan sonra camaatı gizli şəkildə mübarizəyə dəvət edir və bir dəstə onun dəvətinə müsbət cavab verir. Lakin Zeyd aşkar mübarizə üçün onların sayını kafi bilmədikdə, Kufədə dörd ay qaldıqdan sonra Mədinəyə doğru yola düşür. Əməvilər hakimiyyətinin müxalifləri və şiələr onun fikir və qərarından agah olduqda, onu İraqın qərb nahiyəsindən – Qadisiyyədən geri qaytarır və zülmkar hakimiyyətə qarşı mübarizədə ona yardımçı olacaqlarını söz verirlər. Zeyd ibn Əli (ə) yenidən Kufəyə qayıdıb, orada on ay qalır. Bu müddət ərzində Bəsrə əhalisini də mübarizəyə dəvət etmək üçün həmin məntəqəyə yollanır və iki ay orada yaşayır. Nəhayət, Zeydin hərəkatı və fəaliyyətləri haqda xəlifə Hişam ibn Əbdülməlikə məlumat verdikdə, xəlifə Kufənin hakimi Yusif ibn Ömərə məktub yazıb, Zeydin hakimiyyətə təhlükəli bir ünsür olduğunu xəbər verir. Ondan sonra Yusif ibn Ömər, Zeydin axtarışına başlayır. Zeyd də Mədain, Bəsrə, Vasit, Musil, Xorasan, Rey və digər şəhərlərə nümayəndələr göndərməklə həmin məntəqələrin şiələrini Əməvilər sülaləsinə qarşı qiyama dəvət edir. Yalnız Kufədən on beş min onunla beyət edib, zülmkar hakimiyyətlə mübarizəyə hazırlıqlarını bildirirlər. Beyət edənlərə müxtəlif fiqhi və ideoloji cərəyanlar, həm əhli-sünnə, həm də Əhli-beyt (ə) tərəfdarları qoşulurlar. Müxtəlif dini cərəyanlar Əməvilər hakimiyyətinə qarşı mübarizədə yekdil fikirdə olurlar. Yusif ibn Ömər, Zeyd ibn Əlini (ə) ələ keçirmək üçün müxtəlif işlərə əl atır. Kufəyə ciddi rejim hakim kəsilir. Elə bu səbəbdən, Zeyd ibn Əli (ə) bir həftə vaxtından tez qiyama başlayır. Bu da səbəb olur ki, beyət edənlərdən az bir dəstəsi özünü Zeydə yetirib qiyamına qoşul bilsin. Zeyd ibn Əli (ə) 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 1-də Kufənin hakimi Yusif ibn Ömərin ordusu və Şamdan gələn əsgərərlə döyüşə başlayır. Şam ordusundan bir çoxları qətlə yetirilir və yaralanırlar. Zeyd ibn Əlinin (ə) mübarizlərinin sayı Yusif ibn Ömərin ordusu ilə müqayisədə olduqca az olsa da, döyüş iki gün davam edir və döyüş əsnasında Zeyd ibn Əlinin (ə) alnına bir ox dəyərək onu qüvvədən salır. Onun yaralanması ilə bəzi əsgərlər döyüş meydadnını tərk edib pərakəndə olur, az bir qismi isə, gecə ikən onun yaralı bədənini Hərran ibn Əbu Kərimə adlı şiələrdən birinin evində məxfi edirlər. Onu müalicə etmək üçün bir təbib gətirirlər. Təbibin də zəhməti faydasız olur. Onun alnından oxu çıxardıqdan sonra, 120-ci (və yaxud 121-ci) hicri-qəməri ilinin Səfər ayının 2-də (yaxud 3-də), qırx iki yaşında ikən şəhadətə yetir. Zeydin dostları məsləhətləşdikdən sonra onun cəsədi hakim dairələrin və Əməvi məmurlarının əlinə düşməsin deyə, bir su arxının kənarında dəfn edib, arxın yolunu qəbrin üstündən açırlar. Zeydin dostları, övladları, o cümlədən, Yəhya adlı oğlu onun cəsədini dəfn etdikdən sonra bir-birindən ayrılır və Kufədən qaçıb başqa şəhərlərə sığınırlar. Kufənin hakimi Yusif ibn Ömər, Zeyd ibn Əlinin (ə) cəsədinin tapılması üçün böyük məbləğdə hədiyyə təyin etdiyindən, dəfnin şahidlərindən birinin xəbərçiliyi ilə Zeydin qəbrini tapıb cəsədini çıxarırlar. Başını bədənindən ayırıb Şama – xəlifə Hişam ibn Əbdülməlikə göndərir və bədənini də Kufədə dar ağacından asırlar. Bu hadisədən bir müddət keçdikdən sonra, xəlifə Hişam ibn Əbdülməlikin əmri ilə Zeydin bədəninə od vurub yandırırlar. (“Tarixi-xüləfa”, Ustad Rəsul Cəfəryan, səh. 650; “Tarixi-Dəməşq”, İbn Əskər Əsqəlani, 19-cu cild, səh. 456-476; “Mürucuz-zəhəb”, 3-cü cild, səh. 250-251.) Rza Şükürlü Oxşar xəbərlər
|