Təyyibə həyatı nədir?
Qurani-Kərim təyyibə həyat haqqında buyurur: “Hər kim kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97). 1. Bəzi təfsirçilər deyirlər: “Bu ayədə saleh əməl və iman nəticəsində əldə olunan həyat nəzərdə tutulur. Təyyibə həyata çatmağın əsas meyarı - saleh əməl və imandır. Yəni, imanlı bir cəmiyyətdə rifah, sülh, təhlükəsizlik, dostluq olar. Bu cür cəmiyyətdə zülm və üsyan olmaz. Bu nəzərə görə təyyibə həyat iman əhli üçün elə bu dünyada olacaqdır. 2. Bəzi təfsir kitablarında təyyibə həyat müxtəlif cür təfsir edilmişdir. Bu təfsirlərə əsasən mömin insan təyyibə həyata behiştdə çatacaqdır. Ölüm, yoxsulluq, xəstəlik və başqa xoşagəlməz hallar orada yoxdur. Bəzilərinə görə isə təyyibə həyat dedikdə bu dünyadakı qənaətli və Allah əhkamlarına uyğun həyat nəzərdə tutulur. Bu növ həyat - ən pak həyatdır. Başqa yerdə təyyibə həyat halal ruzidir ki, heç bir əzabı yoxdur. Bəzi yerlərdə isə hər gün insana nəsib olan ruzi nəzərdə tutulur. 3. Əllamə Təbatəbainin bu ayənin təfsirindən belə başa düşmək olur ki, Allah saleh əməl görən möminlərə başqalarına verilən həyatdan başqa yeni həyat verəcəkdir. “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Quran maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir”. (“Mucadilə” 22). Ona görə də deyə bilərik ki, qəlbləri ancaq Allaha məxsus olan insanlar təyyibə həyata malikdirlər. Bu insanlar Allahdan başqa heç nə istəmirlər. Ona çatmaqdan başqa hədəfləri yoxdur. Ondan uzaq olmaqdan başqa bir qorxuları yoxdur. Allahın idarə etdiyi həyatdan başqa bir həyatı istəmirlər. Bu cür insan öz nəfsində nuru, kamalı, izzəti, ləzzəti dərk edərlər. Bunun necələyini izah etmək mümkün deyildir. Bu cür insanların qəlbində kin, küdurət, hərisliyə və paxıllığa yer yoxdur. Bu insanlar bəndəlikdən başqa bir şey istəmirlər. Bəli, bu saleh əməl sahiblərinin bu dünyada malik olduqları həmin təyyibə həyatdır. Allah bu həyatı ancaq xüsusi bəndələrinə əta edər. Bu həyat başqalarının yaşadığı müştərək həyatdan ayrı deyildir. Dərəcələrində fərq vardır, ədədlərində deyil. Bu cür həyata malik olan insanlar həyatda daha güclü və daha müqavimətlidirlər. Allah bizlərə də bu cür həyat əta etsin. (Deyerler.org) Oxşar xəbərlər
|