Bəndə yalanı tərk etmədən imanın dadını hiss etməz – istər yalan zarafatla olsun, istərsə də ciddi
Yalan – kəbirə günahlardan biridir ki, insanı başqalarının gözündə xar və dəyərsiz edər, ürəklərin sınmasına səbəb olar və insana qəm və qüssə gətirər. Əsasən də Allah yanında insanın abırı gedər, dünya və axirətdə qaraüzlü olar. Quran buyurur: “(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!”. (“Nəhl” 105). Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman mömin dini üzr olmadan yalan danışar, 70 min mələk onu lənətləyər. Onun ürəyindən pis iy qalxar və ərşə qədər gedib çatar. Allah-Təala o yalana görə 70 zinanın günahını ona yazar”. Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Vay olsun o kəsə ki, yalan danışar ki, orada olanlar gülsünlər. Vay olsun ona, vay olsun ona, vay olsun ona”. Həzrət Peyğəmbər (s) buyurur: “Sizi ən böyük kəbirə günahlarından xəbərdar edimmi? O, Allaha şirk bəsləmək, valideyni incitmək və yalan danışmaqdır”. Həzrət Əmirəl-möminin (ə) buyurur: “Bəndə yalanı tərk etmədən imanın dadını hiss etməz – istər yalan zarafatla olsun, istərsə də ciddi”. İmam Baqir (ə) buyurur: “Allah Təala pisliklər üçün qıfıl qərar vermişdir və bu qıfılın açarı şərabdır, yalan şərabdan da pisdir”. İmam Həsən Əsgəri (ə) buyurur: “Bütün pis əməllər bir evdədir və həmin evin açarı yalandır”. Yalanın ən pis forması – Allaha, Peyğəmbərə (s), Məsumlara (ə) nisbət verilən yalandır. Bəzən də insanlar yalanlarına Allahı şahid tutarlar ki, bu da ən böyük günahlardandır. İsa ibn Məryəmin (ə) də dediyinə görə, bu, ən böyük günahdır. Hədislərdə oxuyuruq ki, belə olan zaman Allah həmin bəndəyə xitab edib buyurar: “Məndən zəifini tapmadınmı ki, məni bu yalana şahid tutmusan?”. Yalanın ən pis formalarından biri – yalandan şahidlik etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, yalandan şəhadət verər, bütpərəstlərlə bərabərdir”. Hədislərin birində oxuyuruq ki, “Allah Təala çox yalan danışan satıcını düşmən bilər”. Hədislər buyurur ki, yalandan and içmək yoxsulluğa və ruzinin azalmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və cəza gününə imanı olar, vədə verərsə, gərək ona vəfalı olsun”. Vədəsinə əməl etməyən şəxsi Peyğəmbər (s) münafiq adlandırmışdır. Hər bir halda yalan insana pisliklərin qapısını açar və başqa kəbirə günahlara düçar olmasına səbəb olar. Yalanı həyatımızdan çıxarda bilsək, imanın dadını hiss edərik. Ancaq o zamana qədər ki, həyatımızda kiçik də olsa yalanlar olarsa, imanımızın yüksəlməsindən söhbət belə gedə bilməz. (İslami saytlara istinadən) Oxşar xəbərlər
|