Şiələrin imam Əlinin (ə) dörd il doqquz aylıq xilafət dövründə əldə etdikləri nailiyyətlər
Həzrət Əlinin (ə) dörd il doqquz aylıq xilafəti dövründə islam ölkələrinə hakim olan böhranlı şərait tamamilə əvvəlki vəziyyətinə qaytarıla bilməsə də, bu hakimiyyətin üç cəhətdən əsaslı müvəffəqiyyətləri oldu:
Ədalətli üslubun tətbiqi gənc nəsli Peyğəmbərin (s) davranışları ilə, başqa sözlə desək, islamın həqiqi siması ilə yenidən tanış etdi. Həzrət Əli əleyhissəlam Müaviyənin padşahlara məxsus olan şan-şöhrəti müqabilində fəqirlərlə eyni səviyyədə, camaat arasında ən kasıb bir şəxs kimi yaşayırdı. O heç vaxt dostlarını və qohum-əqrəbalarını başqalarından ayırmır, varlını kasıbdan, güclünü zəifdən üstün tutmurdu. Bu qədər üzücü çətinliklər və çoxlu məşğuliyyətlərlə yanaşı, xalq arasında haqq olan islam elmlərini və ilahi maarifi yadigar qoydu. İmam Əlinin (ə) müxalifləri deyirlər: “O siyasət adamı deyil, şücaətli bir şəxsiyyət idi; çünki o, xilafətinin əvvəllərində müxalif ünsürlərlə müvəqqəti də olsa razılaşaraq səfa-səmimiyyət yaratsaydı, hakimiyyətini möhkəmləndirdikdən sonra onların kökünü kəsə bilərdi.” Lakin onlar nəzərə almamışdılar ki, Əlinin (ə) xilafəti inqilabi xarakter daşıyırdı; belə bir hərəkatda zahiri razılaşma və sazişdən danışmağa dəyməz. Bu hərəkat Peyğəmbərin (s) be`səti dövründə yaranmış bir vəziyyətə oxşayır. Belə ki, kafirlər və müşriklər dəfələrlə o həzrətin qarşısında sazişkarlıq təklifi ilə çıxış edirdilər; O həzrətdən onların bütlərinə və mə`budlarına toxunmamasını istəyir, əvəzində Peyğəmbərin (s) də`vəti ilə müxalifətçilik etməyəcəklərinə söz verirdilər. Lakin Peyğəmbər (s) bunları qəbul etmədi. Peyğəmbər (s) belə bir şəraitdə saziş edərək öz mövqeyini möhkəmlətsəydi, sonradan düşmənləri ilə mübarizəyə başlayıb onlara qələbə çala bilərdi. İslami də`vət heç vaxt müəyyən bir haqqı dirçəltmək üçün başqa bir haqqın tapdalanmasına, yaxud müəyyən bir batili aradan aparmaq üçün başqa bir batilin yaranmasına icazə vermir. Qur`ani-Kərimin bir çox yerlərində bu məsələ ilə əlaqədar ayələr mövcuddur.[1] İmam Əlinin (ə) müxalifləri qələbə çalmaq və öz hədəflərinə çatmaq üçün heç bir cinayətdən çəkinmir, islam qanunlarını rahatca tapdalaya bilirdilər; onlar “səhabə” və “müctehid” toxunulmazlığı iddiası ilə hər bir cinayətə əl atır, bu bəhanələrlə də öz qanunsuz hərəkətlərinin üzərinə pərdə çəkirdilər. Lakin Həzrət Əli (ə) islam qanunlarını heç bir şeyə qurban vermir, nəyin bahasına olursa-olsun, onlara sədaqət və vəfadarlıqla yanaşırdı. Həzrət Əlidən (ə) əqli, dini, ictimai-siyasi və bu kimi digər sahələrə aid on bir minə yaxın qısa kəlamlar mövcuddur. O həzrət öz çıxışlarında islam maarifini ən gözəl söz üslubu və eyni zamanda sadə dildə bəyan etmiş, ərəb dilinin qrammatika və ədəbiyyatının bünövrəsini qoymuşdur. İmam Əli (ə) ilahi fəlsəfə qaydaları əsasında söhbət edən ilk islami şəxsiyyətdir.[2] O həzrət azad istidlal və məntiqi bürhan üslubunda danışır, o dövrə qədər dünya filosoflarının arasında diqqət yetirilməyən məsələləri işıqlandırır və hətta müharibənin qızğın çağlarında belə, elmi məsələləri araşdırırdı.[3] İmam Əli (ə) bir çox islami şəxsiyyətlər və alimlər yetişdirmiş, arif insanlar və fəzilət sahibləri tərbiyə etmişdir ki, onların arasında Üveys Qərəni, Kumeyl ibni Ziyad, Meysəmi Təmmar və Rəşid Hicri kimi mə`rifət əhli və zahidlər mövcud idi; onlar islam arifləri arasında irfanın mənbəyi kimi tanınmışlar. O həzrətin fiqh, kəlam, təfsir, qiraət və s. elmlər üzrə hazırladığı şəxsiyyətlər də bir çox islami sahələrin ilkin mənbələri hesab olunurlar. _________________________________________________________________ [1] “Sad” surəsi, ayə-5, “İsra” surəsi, ayə-74, “Qələm” surəsi, ayə-9 ilə əlaqədar olaraq ayələrin nazil olma səbəblərinə müraciət edin. [2] “Nəhcül-bəlağə” [3] “Cəməl” müharibəsinin qızğın çağların-da bir ərəb həzrət Əlinin (ə) hüzuruna gəlib dedi: “Ya Əmirəl-mö᾿minin! Sən deyirsən ki, Allah vahiddir?” Camaat hər tərəfdən ona hücum edib dedilər ki, ey ərəb, məgər Əlinin qəlbinin narahat olduğunu görmürsənmi ki, belə suallar verirsən? Əli (ə) öz səhabələrinə buyurdu: “Bu kişi ilə işiniz olmasın, çünki mənim bu qövm ilə müharibə etməkdə düzgün əqaid və dini yaymaqdan başqa bir məqsədim yoxdur.” Sonra o ərəbin sualına geniş şəkildə cavab verdi. (“Biharul-ənvar”, 2-ci cild, səh-65) http://ahliman.info/ Oxşar xəbərlər
|