FƏLSƏFƏNİN MƏNASI VƏ YARANMA TARİXİ
Fəlsəfə –sözü yunan mənşəlidir. O, «phileo»–sevirəm və «sophia» – elm, müdriklik kəlmələrinin birləşməsindən əmələ gəlmiş mürəkkəb bir sözdür.
Bütövlükdə bu sözün mə’nası elmi, «müdrikliyi sevirəm», yaxud «sevmək» kimi başa düşülür. Bu elmin nə zaman və nə üçün belə adlandırılması ilə bağlı ehtimallar çox olmasa da, bir deyil. Fəlsəfənin mahiyyəti və onun ehtiva etdiyi məsələlər barədə konkret tarix müəyyənləşdirmək olmaz. Bu mə’nada ki, bəşəriyyətin ilk filosofu elə onun babası Adəmdir (ə). Fəlsəfə tarixi sahəsində yazılmış kitablarda rast gəldiyimiz ehtimallardan biri həmin terminin ilk dəfə Samoslu Pifaqor (Samoslu Pifaqor – Pythaqoras –Qәdim yunan mütәfәkkiri. Eramızdan әvvәl tәqribәn 580-500-dә yaşamışdır. Samos adasında anadan olmuş, Pifaqorçular mәktәbinin әsasını qoymuşdur. Hәndәsәdә Pifaqor teoreminin (Düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlәrin kvadratları cәminә bәrabәrdir) müәllifidir.) tərəfindən işlədildiyini vurğulayır. Lakin daha münasib ehtimal fəlsəfə terminini məhşur yunan filosofu Sokratla (Sokrat –eramızdan әvvәl 469-399-da Afinada yaşamışdır. Platon, Aristipp, Evklid kimi dahilәrin müәllimi sayılır. Ondan yazılı şәkildә heç nә qalmamışdır.) əlaqələndirən nəzəriyyədir. Bu ehtimala görə Sokrat özünü filosof adlandıran ilk şəxs olmuşdur. Sokrat bu adı öz üzərinə götürdüyü zaman –Sofizm (Sophisma) adı ilə geniş yayılmış bir məktəblə elmi mübahisələr aparmaqda idi. Bu məktəbin nümayəndələri, yə’ni Sofistlər özlərini alim, müdrik (sofizm sözünün mə’nası belədir) adlandırsalar da elm və idrakın əsl düşmənləri idilər. Onlar heç bir şeyin həqiqət olmadığını iddia edir, həqiqət varsa da onu dərk etməyin qeyri-mümkünlüyünü söyləyirdilər. Sofizm əsasən materialist yönümlü bir anlayışdır, lakin bu anlayışla heç materiyanı da dərk etmək mümkün deyildir. Sofistlər öz müddəalarını isbat etmək üçün bütün məntiqi qanunlara zidd olan yalançı bir üslubdan istifadə edirdilər. Bu üsluba Sofistika (Sofistika –mübahisә zamanı sәhv dәlillәri, formal düzgünlüklә pәrdәlәyәrәk tәtbiq etmәkdir.) deyilir. Sofistlər vahid məktəbdə birləşmirlər. Lakin Cənubi İtaliyada meydana gəlmiş «Eleya məktəbi» bu sahədə daha çox fərqlənir. Belə bir zamanda dahi mütəfəkkir olan Sokrat bu batil məktəblə üz-üzə dayandı. Məhz buna görə də, o, özünü Sofist –alim, müdrik deyil, filosof, yə’ni elmi, müdrikliyi sevən adlandırdı. Başqa bir ehtimala görə, Sokrat hədsiz təvazökarlığı səbəbi ilə alim adlanmasından imtina etdi. Bir sözlə Sokrat insan təfəkkürünün əvəzsiz fədaisi, fəlsəfənin «Tacsız kralı» sayılır. Bu «Fəlsəfə kralı» öz zamanında, xüsusilə ilahiyyatın, humanizmin və əxlaqi məsələlərin inkişafında müstəsna rol oynamışdır. Şərq filosoflarının bir qismi Sokratın peyğəmbər olması ehtimalını da irəli sürmüşlər. Bu ehtimalla ziddiyyət təşkil edən yeganə məsələ Sokratın nəzəriyyələrində bə’zi çatışmazlıqların olması faktıdır. Lakin bu ziddiyyəti aradan qaldırmaq o qədər də çətin deyil. Belə ki, biz Sokratın nəzəriyyələrini yalnız onun tələbələrinin əsərlərində müşahidə edə bilirik. Onun nəzəriyyələrinin yalnız bu əsərlərdə əks olunması onların təhrif olunması ehtimalını artırır. Qədim yunan qövmü içərisində İlahi elçilərin mövcudluğu zərurəti, heç də həqiqətdən uzaq deyil. Bu zəruriyyətin təsdiqini «Qur’ani-Kərim»də də görə bilərik: «Elə bir ümmət, qövm yoxdur ki, onun içərisindən bir peyğəmbər olmasın».(Fatir surәsi, ayә 24.) Biz bu ehtimalın düzgün olması haqda deyil, mümkünlüyü barədə danışırıq. Təsdiqləyəcəyimiz yeganə məsələ odur ki, Sokrat sözün həqiqi mə’nasında bir ilahiyyatçı filosof olmuşdur. www.Ahlibeyt.ge Oxşar xəbərlər
|