Qəlbin 2 qulağı var: birinə mələk danışar, o birisinə şeytan (lən)
O gün ki, şeytan behiştdən qovuldu, and içdi ki, Adəm övladlarından bunun intiqamını alacaqdır. Ona görə də o gündən indiyə qədər bu imanyeyən canavar öz hədəfinə çatmaq üçün hər bir vasitədən istifadə edir. Və bu düşmənin ən mühüm silahı – vəsvəsədir.
O, insan qəlbinin üstündən daima fırlanır və fürsət gözləyir ki, yaxşı bir an meydana gəlsin və ürəyin qulağını ələ keçirtsin. Əgər ürəyin qulağını ələ keçirə bilərsə, o zaman insanı hansı tərəfə istəsə, hərəkət etdirə bilər. Quran da bu həqiqəti təsdiq etmişdir. “Və o ikisinə təkidlə and içdi ki, «həqiqətən mən sizin xeyrinizi istəyənlərdənəm»”. (“Əraf” 21). Bəs bu qatı düşmənə necə qalib gəlmək olar? O zaman ki, bu ayə nazil olur, “Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya(kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135) İblis Məkkəyə gəlib dağın başına qalxır. Yüksək səslə öz ordusunu çağırır və hamısı ətrafına toplaşır. Soruşurlar ki, məgər nə olub ki, bizi bura toplamısan? Deyir: “Bu ayə nazil olmuşdur. Və sizlərdən hansınız onun təsirini aradan apara bilər?”. Şeytanlardan biri qalxır və deyir: “Mən bu yolla onu aradan apararam”. İblis deyir: “Yox, bu, sənin işin deyildir”. Başqa biri ayağa qalxır və onun kimi cavab eşidir. Xənnas deyir: “Bu işi mənə tapşır”. İblis soruşur ki, hansı yolla aradan aparacaqsan? Deyir: “Onlara vədə verəcəyəm ki, günaha düçar olsunlar. O zaman ki, günah edərlər, tövbə etməyi onlara unutduraram”. İblis deyir: “Bəli, sən mənim işimə yarayırsan”. Onu Qiyamətə qədər bu işə vəzifələndirir. İmam Sadiq (ə) buyurur: “Elə bir qəlb yoxdur ki, iki qulağı olmasın və o ikisindən birini mələk yönləndirər və o birisində fitnəkar şeytan qərar tutar. (Şeytan) ona əmr edər və o (mələk) onu çəkindirər. Şeytan onu günaha əmr edər, mələk onu düçar olmaqdan saxlayar. Bu, Allah Təalanın həmin buyuruşudur: “Sağ və sol tərəfində əyləşiblər. (İnsan) danışmır, məgər o halda ki, yanında ona nəzarət edən hazırdır””. Bəli, hər bir kəsin batinində ilham və vəhy zəminələri vardır. Ancaq ürək, qulağının hansı tərəfə meyl etməsindən asılıdır. Mələyə tərəf, yoxsa şeytana. Ustad Cavad Amuli buyurur: “Əmirəl-möminin (ə) hər gün işa namazından sonra insanların eşidəcəyi səslə buyurardı: “Ağalar, yüklərinizi bağlayın və hazır olun”. Yəni, özünü axirət səfəri üçün hazır edərdi”. İnsan hər gün şeytanın vəsvəsəsini eşidir və ona görə də hər gün moizə də eşitməlidir ki, onun qarşısını ala bilsin. Bu, ona bənzəyir ki, insanın bir yeri yaralanan zaman bir gün onu dərmanla təmizləyir və sabahısı günü üstünə milçək, ağcaqanad oturmasına baxmayaraq, deyir ki, dünən təmizləmişdim və kifayət edər. Halbuki vəsəvəsə hər gün vardır, şeytan bizi heç bir zaman boş buraxmaz. Ona görə də bu vəsvəsəni moizə ilə müalicə etmək lazımdır. İnsan özünü moizə vasitəsilə tərbiyə və islah etməyə çalışmalıdır. Oxşar xəbərlər
|