İmam Əlinin (ə) nəzərindən Quranın məqamı necədir?
Quran və əzəmətli Peyğəmbər (s) məktəbində tərbiyə alan birinci dərəcəli şəxs – İmam Əli (ə) özünün "Nəhcul-bəlağə”dəki kəlamlarında, xütbələrində və məktublarında müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq Quranın bir çox xüsusiyyətlərini bəyan etmiş, onun dəyərlərini camaat üçün sadalamış, bu səmavi kitabı yüksək əzəmətlə vəsf etmiş, camaatı Quranın haqqına riayət və onun barəsində dərindən təfəkkür etmək üçün dəfələrlə təşviq etmişdir. Belə ki, özünün bərəkətli həyatının axırlarında belə, həm maddi, həm də mənəvi övladlarına Qurana əməl etməyi vəsiyyət edərək buyurur: "Allah, Allah! Quran barəsində (diqqətli olun)! Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizdən qabağa keçə!”[1] Belə təkidlərin hamısı bu asimani kitabın Əli (əleyhis-salam)-ın nəzərində nə qədər əzəmətli olmasını göstərir. Bu kəlmələri aşağıdakı əsas mövzularda və mehvərlərdə təsnif etmək olar: 1. Xeyirxah nəsihətçi: "Bilin ki, bu Quran heç vaxt aldatmayan xeyirxah nəsihətçidir.”[2] 2. Ən yaxşı yol göstərən: "Quran heç vaxt azdırmayan bir yol göstərəndir.”[3] 3. Düz danışan natiq: "Heç vaxt yalan danışmayan bir natiqdir.”[4] 4. Ən möhkəm və etibarlı sığınacaq yeri və pənahgah: "Qurana hökmən əməl edin! Çünki o, möhkəm və sarsılmaz ilahi bir ip, aşkar nur və faydalı dərmandır; (ruhi) susuzluğu yatırır, ona sarılanları (zəlalətdən) qoruyub saxlayır, ona arxalananlara nicat verir. Onda heç bir əyrilik yoxdur ki, düzəldilməyə ehtiyaclı olsun; batilə meyl etmir ki, ondan qaytarılsın.”[5] 5. Şəfa verən: "Öz (ruhi və mənəvi) xəstəlikləriniz üçün Qurandan şəfa alın, çətinliklərinizi həll etmək üçün ondan kömək diləyin! Çünki küfr, nifaq, zəlalət və azğınlıq kimi ən böyük dərdlərin şəfası Qurandadır.”[6] 6. Bütün elm və mərifətin mənşəyi: "...Bütün elm və mərifətin mənşəyi Qurandadır.”[7] O həzrət başqa yerdə Qurandakı sonsuz elmlərə işarə edərək buyurur: "Allah Quranı alimlərin elm yanğısını söndürən, fəqihlərin qəlbi üçün (nuranilik verən) bahar yağışları, habelə salehlər üçün çox geniş bir yol qərar vermişdir...”[8] 7. Ən yüksək sərvət: "Bilin (və agah olun)! Qurana sahib olduqdan sonra sizlərdən heç birinizin azacıq belə, ehtiyac və fəqirliyi olmaz. Bir kəs də Qurana sahib olmadan ehtiyacsız olmayacaqdır.”[9] 8. Qəlblərin dirilib təravətli olması səbəbi: "Qəlblərin baharı Qurandadır...”[10] 9. Ən yüksək şəfaət edəndir: "Bilin! Quran şəfaəti qəbul olunan bir kitab, sözü təsdiq olunmuş natiqdir. Qiyamət günü Quran hər kəsə şəfaət etsə, Quranın onun barəsindəki şəfaəti qəbul olunacaqdır.”[11] 10. Əbədi kitab: "Quran heç vaxt sönməyən bir nur, işığı məhv olmayan bir çıraq, ənginlikləri dərk olunmayan bir dəryadır; onun yolçuları üçün heç vaxt azmayan bir yol, nuru sönməyən bir şölədir, haqq ilə batili bir-birindən ayırandır, onun dəlil-sübutlarının nuru heç vaxt sönməz...”[12] 11. Qurani-kərimin hərtərəfli olması barəsində imam Əli (əleyhis-salam) buyurur: "Pərvərdigarın kitabı sizin aranızdadır: o, halal və haramı, vacib və müstəhəbbi, nasix və mənsuxu, mübah və qadağanı, xassı və ammı, öyüd-nəsihət və məsəlləri, mütləq və müqəyyədi, möhkəm və mütəşabehi bəyan edir, özünün mücməl (yığcam və zahirdə dərk olunmayan) ibarələrini təfsir edir və mürəkkəb məsələlərini aydınlaşdırır.”[13] Həmçinin buyurur: "Quranda keçmişdəkilərin və gələcəkdəkilərin xəbərləri, həyatda ehtiyac duyduğunuz hökmlər mövcuddur.”[14] Həzrət 198-ci xütbədə Quranın dəyəri barəsində müfəssəl şəkildə söhbət açmışdır. Çox yüksək bəyan üslubuna malik olam bu kəlamlar Quranının dəyər və xüsusiyyətlərini o qədər gözəl şəkildə bəyan edib aydınlaşdırır ki, əlavə heç bir izaha və təfsirə yer qalmır. Qeyd olunanlar Peyğəmbərdən (s) sonra ikinci vəhy təfsirçisi olan Əli (əleyhis-salam)-ın kəlamında Quranın vəsfi və məqamı barəsində kiçik nümunələr idi. Bu barədə əlavə məlumat almaq üçün "Nəhcul-bəlağə”nin 110, 183, 169, 157, 158, 133, 176 və 198-ci xütbələrinə müraciət edə bilərsiniz. [1] "Nəhcul-bəlağə”, Məhəmməd Dəştinin tərcüməsi, 47-ci məktub, səh. 559 [2] "Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا.أَنَّ هَذَا الْقُرْآنَ هُوَ النَّاصِحُ الَّذِي لَا يَغُشُّ [3] "Nəhcul-bəlağə”, xütbə 176: وَ الْهَادِي الَّذِي لَا يُضِلُّ [4] "Nəhcul-bəlağə”, xütbə 176: وَ الْمُحَدِّثُ الَّذِي لَا يَكْذِبُ [5] "Nəhcul-bəlağə”, xütbə 156 [6] "Nəhcul-bəlağə”, xütbə 176 فَاسْتَشْفُوهُ مِنْ أَدْوَائِكُمْ وَ اسْتَعِينُوا بِهِ عَلَى لَأْوَائِكُمْ فَإِنَّ فِيهِ شِفَاءً مِنْ أَكْبَرِ الدَّاءِ وَ هُوَ الْكُفْرُ وَ النِّفَاقُ وَ الْغَيُّ وَ الضَّلَالُ [7] "Nəhcul-bəlağə”, xütbə 176: وَ يَنَابِيعُ الْعِلْمِ [8] "Nəhcul-bəlağə”, xütbə 198 [9] "Nəhcul-bəlağə”, xütbə 176: وَاعْلَمُوا اَنَّهُ لَيْسَ عَلَى اَحَدٍ بَعْدَ الْقُرْآنِ مِنْ فَاقَةٍ وَ لاَ لِاَحَدٍ قَبْلَ الْقُرْآنِ مِنْ غِنًى [10] "Nəhcul-bəlağə”, xütbə 176: فِيهِ رَبِيعُ الْقَلْبِ [11] "Nəhcul-bəlağə”, xütbə 176: وَ اعْلَمُوا أَنَّهُ شَافِعٌ مُشَفَّعٌ وَ قَائِلٌ مُصَدَّقٌ وَ أَنَّهُ مَنْ شَفَعَ لَهُ الْقُرْآنُ يَوْمَ الْقِيَامَةِ شُفِّعَ فِيهِ [12] "Nəhcul-bəlağə”, xütbə 198 [13] "Nəhcul-bəlağə”, xütbə 1 [14] "Nəhcul-bəlağə”, qısa kəlamlar, hikmət 313 (islamquest) Oxşar xəbərlər
|