Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir?
Mьəllif: admin1
Tarix: 14-10-2019, 10:58
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir?

Elmi araşdırmalardan əlavə, imkan daxilində münasib vaxtlarda müxtəlif qəzet və jurnallara baş çəkir, müxtəlif saytlarda dini mövzularla əlaqədar dərc edilmiş bir sıra məqalələrlə rastlaşırıq.

Əlbəttə, şükür etməliyik ki, bu gün ölkədə hakim olan söz azadlığına görə, ateizm dövrünün əksinə olaraq dini mövzularda yazanlarımızın sayı qat-qat çoxalmaq üzrədir. Belə ki, kimsə dini inancı və yazdığı dini və mənəvi yazılara görə incidilmir və təzyiqlərə məruz qalmır.

Lakin bu arada insanı təəssüfləndirən əsas məsələlərdən biri də, dinimizin mahiyyəti və ümumiyyətlə, onun nə olduğunu düzgün tərzdə dərk etməyən məlum şəxslərin dini mövzulara girişib, İslam dini və şəriətin ehtiva etdiyi hökmlər barədə fikir yürütməsindən ibarətdir.

Mövlanə ləqəbi ilə tanınan Cəlaləddin Ruminin bu mövzu ilə bağlı çox gözəl bir təmsili vardır. Onun xülasəsi belədir:

"Deyilənlərə görə, yağ və digər yeyinti məmulatı satan bir baqqal öz dükanında insan kimi danışan bir tutuquşu saxlayırdı. Günlərin bir günü dükana bir pişik daxil olur və tutuquşunu tutmağa cəhd göstərir. Bunun nəticəsində tutuquşu özünü o yan bu yana vurduğundan dükan sahibinin taxçalara düzdüyü yağ şüşələri yerə düşüb sınır.

Dükan sahibi içəri daxil olarkən əhvalatdan xəbərdar olur və əsəbiləşib quşun başına o qədər vurur ki, nəticədə tutuquşunun baş hissəsinin tükləri tökülür. Buna görə də, tutuquşu acıq edib susur və daha danışmır.

Nəhayət, bir gün həmin dükana keçəl bir kişi daxil olduqda tutuquşu onu görüb dilə gəlir və belə deyir: "Sən də mənim kimi dükan sahibinin yağ şüşələrini sındırmısan və onun əsəblə sənin başına vurduğu şillə-yumruqlar nəticəsində başının tükləri tökülüb?"

Bu, yalnız bir təmsildir. Lakin həm keçmişdə, həm də bugünkü günümüzdə öz həqiqətini tapmışdır. Çünki dünyanın bir çox ölkələrində ilahi dinin mahiyyətini başa düşməyənlər heç kəsdən çəkinmədən din barədə fikir yürüdür və özlərini səlahiyyətli din alimi yerinə qoyub, şəriət hökmləri barədə əsassız fətvalar verirlər! Həmçinin, tarix boyu və elə indiki zamanda özünü ilahi peyğəmbər yerinə qoyub, səlahiyyətindən kənar olaraq danışanların sayı heç də az deyildir.

Şübhəsiz, belələri təmsildə göstərilən tutuquşu kimi həqiqətin nə olduğunu dəqiqləşdirə bilmədiklərindən səhvə uğrayır və əcaib fikirlər yürüdürlər. İslam dini, əziz Peyğəmbərimiz (s), eləcə də şəriət hökmləri barədə yazılan təhqiramiz və əsassız yazılar bu qəbildəndir.

Aydındır ki, bu sözlərlə heç kəsə qarşı hörmətsizlik etmək istəmir, əksinə hər kəsin öz ixtisası sahəsində hərəkət etməsinin zəruriliyini bildirmək əzmindəyik.

Günümüzdə İslam dini haqqında yanlış anlayışların yayılmasının müxtəlif sübut və nümunələri vardır. Şübhəsiz, onlardan biri də, səlahiyyətsiz şəxslərin din və şəriət barədə fikir yürütməsidir.

Təəccüblüsü budur ki, adətən başqa sahələr haqqında həmin sahənin mütəxəssislərindən başqasının fikir yürütməsi həm qəbahətli, həm də yolverilməzdir. Lakin din və şəriət barədə azacıq və naqis məlumatı olan hər bir kəs özünə bu barədə fikir yürütmək səlahiyyəti verir!

Kimisi İslamda olan cihad və ya müdafiə hökmünə əsasən, İslam dinini zorakı din adlandırır, kimisi İslamda vacib sayılan hicabın ilahi bir göstəriş olmadığını iddia edərək dini hicabı qadının təbiiliyini aradan qaldıran və qadın azadlığını aradan aparan bir amil kimi təqdim edir, kimisi də din və şəriət hökmləri barədə digər bu kimi əsassız iddiaları irəli sürür!

Bu barədə təəccüblü mövzulardan biri də, İslam dininə mənsub olan məzhəblər və təriqətlərin müxtəlif mövzulara olan baxışını nəzərə almadan onların adından danışmaq və fikir yürütməkdir. Həmçinin, dini mövzuları siyasiləşdirmək də bu qəbildəndir.

Unutmamalıyıq ki, insan dini mövzular barədə bir neçə kitabı mütaliə etməklə, universitet və ya dini mədrəsədə bir neçə il dini təhsil almaqla səlahiyyətli din alimi ola bilməz. Əgər belə olsaydı, yəqin ki, İslam dünyasının problemləri həll olunardı.

Qəbul edirik ki, tarix boyu bir qrup nadan və ya qərəzli şəxslər tərəfindən dinimizə müəyyən xürafatlar və əsassız əqidələr, fikirlər və əməllər daxil edilmişdir.

Lakin bunu da qəbul etməliyik ki, səlahiyyətsiz şəxslərin din və şəriət barədə fikir yürütməsi heç də bu problemin həlli ilə nəticələnməyəcək, əksinə bir çox hallarda mənfi təsirlərin şahidi olacağıq.

Nəticə etibarilə burada üç dəstənin öhdəsinə mühüm vəzifə düşür. Onlardan biri ümumi xalq kütləsi, digəri səlahiyyətli din alimləri, digəri isə dini mövzular barədə fikir yürütməyə səlahiyyəti olmayan halda danışan kəslərdir.

1. Xalq kütləsi

Əziz xalqımızın əksəriyyətinin müsəlman olduğunu nəzərə alaraq onların din və onun maarifinin nə olduğunu hər kəsdən deyil, yalnız səlahiyyətli din xadimləri və din alimlərindən öyrənməsini tövsiyə edirik.

Müqəddəs kitabımız Qurani-Kərimin bu barədə göstərişi də belədir. Necə ki, "Nəhl" surəsində buyurulur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (Nəhl, 43).

Məlum ayəyə əsasən, təkcə dini mövzularda deyil, həm də hər bir sahədə həqiqi mənada elm və ixtisas sahibinə müraciət etmək lazımdır.

Din və mənəvi məsələlər barədə də başqalarına deyil, həqiqi mənada din xadimi sayılan alimlərə müraciət edilməlidir. Bu arada digər sahələrdə olduğu kimi, səlahiyyəti olmayanların yürütdükləri fikirlərə və danışdıqları sözlərə etinasız yanaşmaq lazımdır.

İnanclı insanlar tərəfdarı çox olan söz və fikrə deyil, daha üstün və daha yaxşı sözə və fikrə tabe olmalıdırlar. Qurani-Kərimdə oxuyuruq: "(Ya Peyğəmbər!) Bəndələrimə müjdə ver! O kəslər ki, (hər cür) sözü dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!" (Zumər, 17-18.).

2. Səlahiyyətli din xadimləri

Şübhəsiz, hal-hazırda səlahiyyətli din xadimləri və ruhanilər İslam peyğəmbəri (s) və Onun Əhli-beytinin (ə) canişinləri və varisləri sayılırlar. İslam dinində onların öhdəsinə müəyyən vəzifələr qoyulmuşdur.

Din və şəriəti olduğu kimi öyrənib, olduğu kimi insanlara çatdırmaq, həmçinin, din və şəriət barədə fikir yürütmək başqalarının deyil, şübhəsiz onların vəzifəsidir.

Onların vəzifələrindən biri də, dində yaranan bidətlərlə (bidət: dində olmayan hər hansı bir fikir, əqidə, əməl və ya sözün din adından və dini bir göstəriş kimi təqdim edilməsinə deyilir - İ.İ.) ciddi mübarizə aparmaqdır.

Əziz peyğəmbərimiz bu barədə belə buyurmuşdur: "Ümmətim arasında bidətlər yarandıqda, alim öz elmini aşkar etməli (və bidətlərlə mübarizəyə qalxmalıdır). Bunu etməyənə Allahın lənəti olsun" ("Usuli-kafi", Şeyx Kuleyni (vəfatı: 329 h. q.), 1/54/2).

Odur ki, onlar istər nadan və səlahiyyətsiz şəxslər, istərsə də qərəzli adamlar tərəfindən yürüdülən əsassız fikirlərlə və sonradan qondarılmış bidətlərlə müqəddəs dinimizdə təyin edilmiş çərçivədə mübarizə aparmalıdırlar.

3. Din barəsində əsassız yerə fikir yürüdənlər

Burada üzümüzü din və şəriət barəsində əsassız yerə fikir yürüdənlərə tutub, onlara Quran ayələri və ya hədislərdən sitat gətirmək əvəzinə bir necə sual verir və onlardan həmin suallar ətrafında dərindən düşünməyi xahiş edirik:

1) Görəsən, bir din xadimi hər hansı bir tacirin, həkimin, polisin, professorun, mühəndisin, jurnalistin, müəllimin və s. ixtisası barədə mükəmməl biliyi olmadan fikir yürüdərsə, həmin sahələrdə ixtisası olanlar bunu necə qiymətləndirəcəklər?

2) Görəsən, din və şəriət hökmləri barəsində əsassız yerə fikir yürüdənlər bu kimi əməlləri ilə xalqımız və ümumiyyətlə, müsəlmanlar arasında ixtilafların yaranmasına səbəb olmurlarmı?

3) Görəsən, hər hansı bir sahədə ixtisası olmayanın həmin sahədə fikir yürütməsi insaniyyət və ədəblə nə qədər uyğundur? Çünki aydındır ki, yürüdülən bəzi fikirlər müsəlmanların əqidəsini təhqir edir, bununla da inanclı insanlar arasında fitnələrin yaranmasına səbəb olurlar...

4) Görəsən, din və şəriət barəsində mükəmməl anlayışı olmayanların bu barədə fikir yürüdüb, cəmiyyətdə və dünya müsəlmanları arasında ixtilaf yaratmaqla kimin və hansı dairələrin "dəyirman"ına su tökürlər?!

5) Görəsən, hər kəsin öz ixtisası olduğu sahədə çalışıb, xalqımıza və ümumiyyətlə, insanlara xidmət göstərməsinin vaxtı gəlib-çatmayıbmı?!

Ümid edirəm ki, bu yazılarıma görə kimsə məni qınamayacaq. Çünki bu yazılar kiminsə incidilməsi və ya təhqir edilməsi üçün deyil, hər kəsin öz işi və vəzifəsini tanıması və başqalarının ixtisas sahəsinə müdaxilə etməkdən çəkinməsi hədəfi ilə qələmə alınmışdır.

Təbiidir ki, belə olan təqdirdə ölkəmizdə, həmçinin, dünyada dini, mədəni və ictimai baxımdan bir çox ixtilaflara və qarşıdurmalara son qoyulacaqdır. İnşallah!
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031