Təvəkkül etməkdə bilməli olduğumuz məsələlər
Həqiqətdə iman Allahla insan arasında olan rabitədən asılıdır. Bu rabitə iki şeydə zühur edər. Biri odur ki, insan öz ehtiyaclarını Allahdan istəyər. O biri isə Onun qarşısında təvazökarlıq edər. Əmrlərinə itaət edər. "İyyəkə nəbudu və iyyəkə nəstəin” ayəsi də bu həssas mövzuya işarə edir. İnsanın əməli imanı zəiflətməkdə və gücləndirməkdə təsirlidir. İnsan o zaman ki, bir şeyə ehtiyac hiss edir, çalışar ki, onu aradan qaldırsın. Peyğəmbərlər (ə) gəldilər və bəşəri Allaha görə agah etdilər. Onlara belə təlim verdilər ki, Allahdan başqa heç kəs onlara yardım edə bilməz. Peyğəmbərlər (ə) insanlara təlim verirlər ki, cinlərə və ruhlara pənah aparmaq yerinə, Allaha pənah aparsınlar. Bəziləri təvəkkülün mənasını düzgün başa düşmürlər. Bəlkə də onu düzgün dərk etməyə meyl belə etmirlər. Onlar belə güman edirlər ki, "Mən Allaha təvəkkül etdim” cümləsini deyəndən sonra başqa bir vəzifələri olmaz. Başqa bir işi görmək lazım deyildir. Əlbəttə, elə bir insan yoxdur ki, bütün işlərini Allaha tapşırmış olsun və sonra da heç bir iş görməsin. İnsan ac olan zaman ən azı əlini yeməyə tərəf uzadar. Ancaq bəziləri təvəkkülü tənbəllik etmək üçün bir bəhanə kimi istifadə edərlər. Əgər fəaliyyət göstərmədən və ancaq bir cümlə deməklə bütün işlər həll olsaydı, bəs bu qədər buyuruşlar və göstərişlər nə üçündür? Ona görə də təvəkkül haqqında belə yanlış nəticə çıxartmaq düz deyildir. Təvəkkülün mərhələləri. 1. Maneələri dəf etmək üçün təvəkkül etmək. Allah Təala bizə təfəkkür etmək qüdrətini əta etmişdir. Ancaq bu qüdrəti bizim əlimizdən ala bilər. Bəzən bu həqiqətlə üzləşirik. Deməli, bizi bu nemətdən məhrum edə bilən Qüdrət vardır. O, bizim bütün planlarımızı alt-üst edə bilər. Ona görə də burada təvəkkül o mənada işlənir ki, bu nemətlərdən istifadə edən zaman diqqət etməliyik ki, Allah bizi onlardan məhrum edə bilər. Ona görə də Allahdan istəyək ki, bizə nemətlərindən düzgün istifadə tofiqini əta etsin. Başqa sözlə, maneələri aradan qaldırması üçün Allaha təvəkkül edək. Bu təvəkkülün ən aşağı mərtəbəsidir. 2. İnsanın ixtiyarında olmayan şeylərə görə Allaha təvəkkül etmək. Elə şeylər vardır ki, insanın ixtiyarında deyildir. Bunun üçün bir çox şərait lazımdır ki, həmin şeylərə malik olsun. Ona görə də insan Allaha təvəkkül edər. 3. Silsiləvi təvəkkül. İnsanın əldə edə biləcəyi şeyləri zəncirvari bir silsilə kimi təsəvvür edək ki, onun sonu Allaha çatır. Əgər Allah bu zəncirin ilk halqasını hərəkətə gətirməsə, qalanları da hərəkət etməz. Ona görə də Allaha etimad etmək lazımdır. Bu mərtəbədə təvəkkül daha geniş mənaya malikdir. İnsanın özü, onun cimsi və ruhu da bu halqalardan biridir. Bu halqanın əvvəli Allahın əlindədir. O, nə zaman istəsə bu silsiləni hərəkətə gətirər. Təvəkkülün təsiri. 1. Təkəbbürdən uzaq olmaq. Təvəkkül tövhid ruhunu və Allahla rabitəni insan varlığında gücləndirər. Allahı həyatlarında hər nə qədər təsirli hesab edərlərsə, özlərini daha çox bəndə kimi görərlər. Allahın rübubiyyətini daha çox dərk edərlər. Allah ehtiyacsızdır, bu insandır ki, daima Ona ehtiyac duyur. İnsanın bu rabitəyə elmi hər nə qədər çox olarsa, imanı daha çox artar. Allaha yaxınlaşar və təkamülə çatar. 2. Allahdan qeyrisinin qarşısında izzət sahibi olar. Əgər təvəkkül həqiqətən insan varlığında formalaşarsa, insan başqalarının yanında zillət hiss etməz. Heç bir zaman başqasına yaltaqlanmaz, ehtiyaclarını ödəmək üçün haram yola qədəm basmaz. Çünki bilir ki, Allah halal yolla onun ehtiyaclarını ödəyə bilər. Allah istəmir ki, o, haram yola getsin. 3. İnsanı vacibatdan saxlayan əməllərdən xilas olar. İnsan çox zaman qarşısındakı maneələri aradan qaldırmaq üçün planlar çəkir və hətta vacibatlarını belə tərk etməyə məcbur olur. Bəzən insan hətta halal yolla belə bu maneələri aradan qaldırmaq üçün çox fikirləşər. Bəzən cavanlar evlənmək istəyən zaman uzun müddət kiminlə evlənəcəklərini düşünərlər. Bəzən bu məsələ o qədər uzanır ki, neçə il çəkir. Halbuki, insan elə əvvəldən Allaha təvəkkül edə bilər. Bu zaman yaxşı nəticə əldə edə bilər. O kəs ki, Allaha təvəkkül edər, bu cür uzun planlar qurmaz. Əgər biz Allaha təvəkkül etsək, bu cür fikirlərə düşmərik. Allahdan istəmək lazımdır. "Allahım! Öz tədbirinlə məni öz planlarımdan ehtiyacsız et!” /Deyerler.org/ Oxşar xəbərlər
|