Behişt əhli tanıdığımız hansı nemətlərdən faydalanır?
Quranda behişt meyvələrinin adı çəkilmişdir ki, onlar ibarətdir: zeytundan, əncirdən, üzümdən, təzə xurmadan, nardan, banandan. Allah yeyəcəklər içərisindən ikisinə and içmişdir. Onlar – əncir və zeytundur. Bu iki meyvə insan sağlamlığı üçün çox faydalıdır. Zeytunun nə qədər faydalı olmasına aid hədislərimiz çoxdur və bu hədislərimiz bizə zeytun yeməyi çox tövsiyə edir. Əncir haqqında da çoxlu hədislərimiz vardır. O cümlədən Həzrət Peyğəmbər (s) buyurur: “Əgər desəm ki, behiştdən meyvə nazil olmuşdur, deyərdim ki, o, əncirdir. Ona görə də onu yeyin ki, qəbizliyi qət edər”. Quranda zeytun yağından da söz açılmışdır. “Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir”. (“Muminun” 20). İmam Rza (ə) buyurur: “(Zeytun yağı) qəm və qüssəni aradan aparar və əxlaqı gözəl edər”. Hədislərimiz buyurur ki, zeytun yağı və sirkə - peyğəmbərlərin (ə) qidası olmuşdur və həmçinin Həzrət Fatimə (s.ə) də onu çox sevərmiş. Təzə xurma. “Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün”. (“Məryəm” 25). Həzrət Məryəm (s.ə) Həzrət İsanı (ə) dünyaya gətirən zaman ona ilham olunur ki, zeytun ağacını silkələsin və təzə xurmadan yesin. Ona görə də deyirlər ki, təzə xurma körpə dünyaya gətirən analar üçün çox faydalıdır. Üzüm. “Üzüm ağacı və (hər il) bir neçə dəfə biçilən göyərtilər”. (“Əbəsə” 28). Üzümün adı Quranda 11 dəfə çəkilmişdir. İstər behişt meyvəsi kimi olsun, istərsə də yer əhlinin meyvəsi kimi. Nar. “O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır”. (“Rəhman” 68). Quranda üç dəfə narın adı çəkilmişdir. Nar – behişt meyvələrindən biridir. Banan. “Meyvələri bir-birinin üstündə oturmuş banan (ağacı)”. (“Vaqiə” 29). Banan, behişt meyvəsi kimi yad edilmişdir və ağacının gözəlliyi təsvir edilmişdir. Bal. “Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır”. (“Nəhl” 69). Quranda balın da adı çəkilmiş və müalicəvi xüsusiyyətə malik olduğuna işarə olunmuşdur. Qurani-Kərim buyurur ki, iki şey şəfaya səbəb olar. Biri Qurandır və o birisi isə baldır. Hədislərdə də oxuyuruq ki, bal yemək şəfadır. Quranda balqabağın da adı çəkilmişdir. “Və onun başı üzərində balqabaq (yaxud banan və ya əncir) növündən bir tağ bitirdik”. (“Saffat” 146). Soğan, sarımsaq, mərci və göyərti Bəni-İsrayilin Allahdan istədiyi nemətlərdir. “Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın»”. (“Bəqərə” 61). Quranda adı çəkilən içəcəklər. Süd və xalis su, pak şərab, baldan olan şərbət – Quranda adı çəkilən içəcəklərdir ki, behişt əhlinə aiddir. “Təqvalılara vəd edilmiş cənnətin vəsfi (belədir): Orada dad və ətri qaçmamış sudan çaylar, tamı dəyişməmiş süddən çaylar, içənlər üçün büsbütün ləzzət olan şərabdan çaylar və saflaşdırılmış baldan çaylar vardır”. (“Muhəmməd (s)” 15). Quranda adı çəkilən ət məhsulları. “Və meylləri çəkən quş əti ilə”. (“Vaqiə” 21). “Onların hər birindən təzə ət (balıq və sairə) yeyirsiniz və taxdığınız zinətləri çıxarırsınız”. (“Fatir” 12). Allah Təala bizlərə behiştdə bu təamlardan bəhrələnməyi nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|