Valideynə yaxşılıq - insanın üzərində olan ən vacib vəzifədir
Mьəllif: admin1
Tarix: 28-09-2020, 10:33
Valideynə yaxşılıq - insanın üzərində olan ən vacib vəzifədir
Quranda valideynə yaxşılıq etmək haqqında çox sayda ayə vardır. Əlbəttə bu ayələrdə valideynə edilməli olan hörmət və ehtiram təkcə müsəlman valideynə aid deyildir. Bu hörmət qeyri-müsəlman valideynlərə də aid edilir.

1. Ata və anaya yaxşılıq etmək tövhiddən sonra gəlir.

“Və (yadınıza salın) o zaman(ı) ki, İsrail övladlarından «heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin, insanlarla xoş dillə danışın, namaz qılın və zəkat verin» (deyə) əhd-peyman aldıq. Sonra az bir qisminizdən başqa, hamınız üz döndərdiniz. Siz (zatən) dönüksünüz”. (“Bəqərə” 83).

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir”. (“Nisa” 36).

“De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin”. (“Ənam” 151).

“Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi”. (“İsra” 23).

Bu ayələrdən görmək olur ki, Allaha şirkdən sonra valideynə ağ olmaq ən böyük günahlardan hesab edilir. Möminin üzərində olan ən vacib vəzifə - valideynə yaxşılıq və ehsan etməkdir.

2. Peyğəmbərlər (ə) ata və analarına hörmət edərdilər.

“Həmçinin ata-anasına yaxşılıq edən idi və əsla təkəbbürlü, məğrur və itaətsiz deyildi”. (“Məryəm” 14).

“Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib”. (“Məryəm” 32).

3. Valideynə ehsan - hamının vəzifəsidir.

“Biz) insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik və (dedik:) «Əgər (atan, anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağa vadar etsələr, onlara itaət etmə. Hamınızın dönüşü Mənə tərəfdir (hüzuruma qayıdacaqsınız). (Mən də) sizə etdiklərinizdən xəbər verəcəyəm». (“Ənkəbut” 8).

Onu qeyd etmək lazımdır ki, valideynin müsəlman olması şərt deyildir. Hər bir dində və imanda olan valideynə hörmət etmək müsəlman üçün vacibdir.

4. Allaha şükürlə yanaşı, valideynə də şükür etmək.

“(Dedik) ki: «Mənə və ata-anana şükür et ki, (hamının) dönüş(ü) Mənə tərəfdir». (“Loğman” 14).

İmam Rza (ə) buyurur: “Allah Özü və valideynlər üçün şükür etməyi əmr etmişdir, Ona görə də əgər kimsə valideynə şükür etməsə, Allaha da etməmiş olar”.

5. Valideynlərərə qarşı təvazökar olun.

“Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 24).

İnsan valideyni ilə elə söhbət etməlidir ki, valideyn onun təvazökarlığını və səmimiliyini hiss etsin. Başa düşsünlər ki, övladı onlara sevgi və mehr göstərir.

6. Valideynə ehtiramın nəticəsi İlahi rəhmətdir.

“Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır”. (“İsra” 25).

7. Valideynə hörmətsizliyin nəticəsi cəhənnəmdir.

“Öz ata-anasına «heyf sizə! Məndən əvvəl əsrlər boyu insanların (gəlib) keçdikləri (və onlardan heç kəsin dirilmədiyi) bir halda siz mənə (öləndən sonra torpaqların arasından) çıxarılacağımı vəd edirsiniz?!» deyən kəs(ə gəldikdə isə): O ikisi daim Allahdan (onun iman gətirməsi barəsində) kömək diləyir (və deyirdilər):

«Vay olsun sənə! İman gətir. Allahın vədi mütləq haqdır». Lakin o deyirdi: «(Sizin) bu (sözləriniz) keçmişlərin əfsanələrindən başqa bir şey deyildir”. (“Əhqaf” 17).

Bu ayə imansız və haqqı tanımayan övlada aid olan ayədir. Bu mömin valideynlər övladları qarşısında təslim olmurlar. Onlar Allahı yardıma çağırırlar. Onlar övladlarını imana gətirmək istəyir və ona deyirlər ki, iman gətirsin. Çünki bu din - haqq dindir. Ancaq övladları tərslik edir və onu əfsanədən başqa bir şey hesab etmədiyini söyləyir.

“Belələri onlardan qabaq (olub) keçmiş insan və cin tayfaları arasında barələrində Allahın sözü (kafirlərin cəhənnəmlik olmaları haqqındakı vədi) qətiləşmiş kəslərdir. Onlar doğrudan da ziyana uğramışdılar”. (“Əhqaf” 18).

Bu o kəslərdir ki, onlar haqqında İlahi əzab mütləq həyata keçəcəkdir. Onlar kafirlər, cinlərlə bir yerdə ağrılı əzaba düçar olacaq və cəhənnəm əhli olacaqlar.

Allah Təala bizləri valideynə ehtiramlı olanlardan qərar versin.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930