Ruzimizi necə bərəkətli edək?
Çox zaman ətrafımızda olan insanlardan eşidirik ki, gəlirləri yaxşı olmasına baxmayaraq, maddi vəziyyətləri yaxşı deyildir. Ayın axırına qədər həmin pul onlara kifayət etmir. Gəlir yaxşıdır, ancaq bərəkəti yoxdur.
Qurani-Kərim də bərəkət mövzusuna çox toxunmuş və buyurmuşdur ki, mal çox olması – bərəkətli olması demək deyildir. “Əsla onun nə mal-dövləti, nə də əldə etdikləri (Allahın əzabını zərrə qədər də ) ondan uzaqlaşdıra bilməz”. (“Məsəd” 2). «Mənim (dünyadakı) mal-dövlətim (heç bir əzabı) məndən dəf etmədi». «Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı». (“Haqqə” 28-29). Ona görə də deyə bilərik ki, bizim ruzimizə və maddi vəziyyətimizə təsir edən bir çox amillər vardır ki, onun bərəkətini aradan apara bilir. Ruzi bir növ toxuma bənzəyir ki, onu sulamaq lazımdır. Halal ruzi qazanmaq həmin toxumdur və onu biz sulayarıq. Günəş çıxana qədər oyaq qalmaq – həmin toxumu sulamaq zamanıdır. İnsanlarla xoş rəftar etmək və gözəl əxlaqa malik olmaq – həmin toxumu sulamaqdır. Sileyi-rəhm və qonaq qəbul etmək həmin toxumu sulamaqdır. Hər gecə “Vaqiə” surəsini oxumaq – həmin toxumu sulamaqdır. İnsanın ruzisinə bərəkət verən amillərdən biri də ata və ananın övladı üçün etdiyi xeyir dualarıdır. İmam Sadiq (ə) buyurur: “Hər kim valideyninə yaxşılıq edər, həyatında heç bir zaman yoxsulluğa düçar olmaz”. Doğruçu olmaq bərəkət gətirər. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim danışığında düz, rəftarında insaflı olarsa, valideyninə yaxşılıq edərsə, sileyi-rəhm edərsə - əcəli təxirə düşər və ruzisi artar, ağlından bəhrələnər və sual verilən zaman lazım olan cavab ona təlqin olunar”. İnsanlarla mehriban olmaq bərəkət gətirər. Həzrət Peyğəmbər (s) buyurur: “Mehriban olmaqda bərəkət və çoxluq vardır. Hər kim ondan məhrum olarsa, xeyirdən məhrum olmuş olar”. Qənaət bərəkət gətirər. Hədislərimiz bizi həmişə qənaətli olmağa təşviq edir və buyurur ki, əgər qənaət etsən, insanlardan ehtiyacsız olar və ruzin də bərəkətli olar. İstiğfar etmək bərəkət gətirər. Qurani-Kərim buyurur: “Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin”. (“Hud” 52). Oxşar xəbərlər
|