HƏZRƏT Məryəm – İSMƏT VƏ İFFƏT NÜMUNƏSİ
Mьəllif: admin1
Tarix: 23-03-2022, 22:32
HƏZRƏT Məryəm – İSMƏT VƏ İFFƏT NÜMUNƏSİ
İmranın qızı Məryəm İslamdan qabaqkı dönəmin nümunəvi və kamil qadınlardandır. Allah onu Quranda möminlər üçün məsəl çəkir və örnək kimi qeyd edərək buyurur:

وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ

“(Allah mömin qadınlara) öz namusunu (və iffətini) qoruyan İmran qızı Məryəmi də məsəl çəkdi. Biz ona Öz ruhumuzdan üfürdük (İsa onun bətnində yarandı) və Məryəm Rəbbinin sözlərini, kitablarını təsdiq etdi və (Allaha) itaət edənlərdən oldu.” (“Təhrim” surəsi, ayə 12.)

İslam Peyğəmbəri (s) də buyurmuşdur: “Kişilərdən kamilliyin yüksək həddinə çatan çox olub. Ancaq qadınlardan kamilliyin yüksək dərəcəsinə çatan dörd nəfərdir: 1. Asiyə; 2. Məryəm; 3. Xədicə (s); 4. Fatimə (s).” (“Məcməul-bəyan”, 1-ci cild, səh.320.)

İmranın qızı Məryəm (ə.s.) həzrət Davud peyğəmbərin nəslindəndir və anası Hənnə sonsuz olduğu üçün digər qadınlar kimi övlad sahibi olmağı arzu edirdi. Hənnə və bacısı Əşya Bəni-İsrail tayfasının adlı-sanlı qadınlarından idilər. O, İmranın, bacısı isə Zəkəriyya peyğəmbərin həyat yoldaşı idi. Məryəmin anası sonsuz olduğu üçün böyük Allaha sığınıb nəzir edir ki, əgər övladı olsa, o dövrdəki adət-ənənəyə uyğun olaraq onu xidmətçi olmaq üçün ibadətgaha – Beytül-Müqəddəsə vəqf etsin. Allah onun xalis niyyətlə etdiyi duasını qəbul edir və Hənnə bir qız uşağı dünyaya gətirir. O, övladının oğlan olmasını istəsə də, amma körpəsinin qız olduğunu gördükdə deyir:

رَبِّ إِنِّي وَضَعْتُهَا أُنثَى

“İlahi! ... Mən qız doğdum.”

O, bu sözləri həsrət və qəm-qüssə üzündən deyirdi. Çünki o, oğul dünyaya gətirmək ümidi ilə yaşayırdı və buna görə də nəzir etmişdi ki, onu ibadətgahda xidmətçi qoysun və ibadətgahın xidmətçisi də kişi cinsindən olmalı idi. Hənnə uşağın adını Məryəm qoyur. Məryəm, yəni ibadət edən və xidmətçi! Ana öz nəzrinə vəfalı olaraq Məryəmi Beytül-Müqəddəsin böyüyünün yanına apararaq, onu ibadətgaha xidmətçi kimi təqdim edir.

Məryəmi Beytül-Müqəddəsə xidmətçi götürüb, onun tərbiyə və məsuliyyətini həzrət Zəkəriyyaya həvalə edirlər. Qurani-Kərimdə buyurulur: Bir gün Zəkəriyya Məryəmin mehrabına yaxınlaşdıqda, onun yanında cürbəcür yeməklər, fəsli çatmamış meyvələr görərək təəccüblənir. Məryəmdən soruşur:

يَا مَرْيَمُ أَنَّى لَكِ هَـذَ

“Ey Məryəm! Sənə bu ruzi haradandır?”

Məryəm deyir:

هُوَ مِنْ عِندِ اللّهِ إنَّ اللّهَ يَرْزُقُ مَن يَشَاء بِغَيْرِ حِسَابٍ

“O, Allah tərəfindəndir, çünki Allah istədiyinə hesabsız ruzi verir.” (“Ali-İmran” surəsi, ayə 35-37.)

Zəkəriyya başa düşür ki, Allah-Taala Məryəmə (ə.s.) uca məqam bəxş etmiş və onu digər qadınlardan fərqləndirmişdir. O, belə bir mənzərəni və Məryəmin (ə.s.) Allah yanındakı məqam və ləyaqətini görüb müşahidə etdikdən sonra, öz həyat yoldaşı Əşyanın artıq doğuş dövrünü arxada qoymasına baxmayaraq, onun da bacısı Hənnənın qızı Məryəm kimi bir övlada sahib olmasını arzu edir. Zəkəriyya deyir:

رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء

“İlahi, mənə xeyir-bərəkətli, təqvalı və sağlam bir övlad əta et. Həqiqətən, Sən duaları qəbul edənsən!”

Zəkəriyyanın duası qəbul olur və mehrabda dayanıb Allahla raz-niyaz etdiyi zaman mələklər onu səsləyərək deyirlər:

أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ

“Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir ki, o, Allah tərəfindən olan kəlməni (İsanı) təsdiq edən, (öz qövmünün) böyük və rəhbər(i), (bütün batil işlərdən) çəkinən və ləyaqətlilərin nəslindən olan bir peyğəmbərdir.”

Zəkəriyya deyir:

رَبِّ أَنَّىَ يَكُونُ لِي غُلاَمٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ قَالَ كَذَلِكَ اللّهُ يَفْعَلُ مَا يَشَاء

“Ey Rəbbim, qocalığın (gəlib) mənə çatdığı və zövcəmin də sonsuz olduğu halda mənim necə oğlum ola bilər?!” Dedi: “Elədir, (amma) Allah istədiyini edir.?” (“Ali-İmran” surəsi, ayə 38-40.)

(Yəhya peyğəmbər həzrət Məryəmin xalası oğludur.)

Həzrət Məryəm Allaha o qədər yaxın olur ki, mələklər ona nazil olaraq deyirlər:

يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ

“Ey Məryəm, həqiqətən Allah səni seçərək paklaşdırıb və (Beytül-Müqəddəsdə xidmət etmək, ruzinin səmadan gəlməsi, mələklə söhbət etmək və dünyaya atasız övlad gətirmək şərəfinə nail olduğun üçün öz əsrində) aləmdəki bütün qadınlardan üstün edib.” (“Ali-İmran” surəsi, ayə 42.)

Məryəm (ə.s.) ayaqüstə o qədər ibadət edirdi ki, ayaqları şişirdi. Çətin hadisələr qarşısında səbir və müqaviməti ilə öz zamanında birinci idi. Məryəm (ə.s.) böyüyüb boya-başa çatdıqda, Allah ona “ulul-əzm” peyğəmbərlərdən olan İsa (ə) kimi bir övlad əta etdi. Fədakarlığı, namuslu, iffətli olması, pərhizkarlığı və iman nuru onu elə bir məqama çatdırır ki, bir gün ibadətgahın bir küncündə ibadət edərkən, qəribə bir səhnə ilə üzləşir. Vəhy mələyi Cəbrail Əmin (ə) onun yanına gəlib ona üfürür. Məryəm hamilə olur və bu hamiləlikdən həzrət İsa (ə) dünyaya gəlir.

Xanım Məryəm (ə.s.) həmişə Allaha təslim olduğundan, Allah da onun yaxşı adını qoruyur; Qurandakı surələrdən biri “Məryəm” adını daşıyır və ona məxsusdur.

HƏZRƏT MƏRYƏMİN (Ə) VƏFATI

İslam tarixçiləri arasında həzrət Məryəmin (ə.s.) yaşı və vəfatı ilə bağlı fikirayrılığı mövcuddur; bəziləri onun 51, bəziləri isə 63 il ömür sürdüyünü qeyd etmişlər. İslam mənbələrində göstərilir ki, həzrət Məryəm (ə.s.) oğlu İsanın (ə) çarmıxa çəkilməsindən öncə, 51 və ya 63 yaşında ikən dünyadan köçmüş, həzrət İsa (ə) ona qüsl vermiş və Beytül-Müqəddəsdə dəfn olunmuşdur.

(“Biharul-ənvar”, 43-cü cild, səh. 206, hədis 32, bölüm 7; “Əl-mizan” təfsiri, Əllamə Təbatəbai, 3-cü cild, səh. 183-200 və 14-cü cild, səh. 32-48.)

Rza Şükürlü


http://maide.az/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930