İslamda uşaq tərbiyəsinin üslubları
Mьəllif: admin1
Tarix: 19-05-2020, 10:20
İslamda uşaq tərbiyəsinin üslubları
Uşaq tərbiyəsi olduqca mühüm və məsuliyyətli vəzifədir. Çünki, uşaqlarımızın düzgün tərbiyəsi, sağlam gələcəyimizin təzminatıdır.

Məhz böyüklərin verdiyi tərbiyə, uşağın şəxsiyyətinin formalaşmasında və cəmiyyətə yararlı, faydalı, istedadlı, savadlı, gözəl əxlaqlı insan kimi təqdim olunmasında əsaslı rol oynayır. Bu sahədə, birinci növbədə əsas vəzifə valideynin öhdəsinə düşür.

Valideyn həm uşaqla davranışında, həm də, bir-birilərilə, digər ailə üzləri ilə rəftarında gözəl əxlaq nümayiş etdirməlidir ki, bu uşağın beyinaltı qavramına həkk olunsun.

Uşağı təhqir etmək, döymək, kobud davranmaq, onu dinləməmək, təklikdə və cəmiyyət içərisində daim tənqid atəşinə tutmaq olduqca təhlükəli və yanlış rəftarlardır.

Belə davranışlar onun psixoloji gərginlik keçirməsinə, özünə inamsızlığına, şəxsiyyət əskikliyinə, qəddarlığına, amansız xüsusiyyətlərə malik olmasına və onlarla adını çəkmədiyim mənfi xüsusiyyətlərə sahib olmasına gətirib çıxarır.

Buna görə də, uşaq tərbiyəsi zamanı çox diqqətli və səbirli olmaq lazımdır. Əks təqdirdə, gələcəkdə övladlarımızın zərəri təkcə cəmiyyətə deyil, bizə də çatacaq.

Necə ki, dini mənbələrimizdə gələn hədislərdə dəfələrlə buna işarə edilir. Allahın elçisi (s) bu barədə belə buyurur: "Allah-taala, övladlarını onların üzünə ağ olmağa məcbur edən, ata-anaya nifrin edər."


Ümumiyyətlə, uşaq tərbiyəsi ya ata-ana tərəfindən, yaxud da, müəyyən bir tərbiyəçi tərəfindən həyata keçirilir. Hər bir sistemdə tərbiyənin özünəməxsus yol və üslubları olduğu kimi, islamda da, uşaq tərbiyəsinin özünə məxsus yol və üslubları vardır. Burada həmin üslublardan bir neçəsinə işarə edirik:

Uşağı həvəsləndirmək

Uşaq tərbiyəsində valideyn və tərbiyəçi üçün təsirli amillərdən biri uşağı həvəsləndirməkdir. Bu, həm sözlərlə, həm də, müəyyən bir əməllə yerinə yetirilə bilər. Sözlə həvəsləndirməyə misal olaraq, "çox sağ ol", "təşəkkür edirəm", "böyüyüb böyük şəxsiyyət olasan" və sairə işarə etmək mümkündür.

Əməllə həvəsləndirmək, məsələn: hədiyyə, oyuncaq, paltar, ayaqqabı almaq, qucaqlamaq, öpmək və sair. Ümumiyyətlə, cəmiyyətdə insanların yaxşı əməlləri təriflənərək, həvəsləndirilməlidir.

Xüsusilə də, uşaqlar. Allah-taala Quranda, həmişə iman əhlini cənnət və onun nemətləri ilə həvəsləndirir və onlar haqda belə buyurur: "(Ya Məhəmməd) Müjdə ver iman əhli və saleh əməl görənlərə, onlar üçün altından çaylar axan cənnət (bağlar) (veriləcəkdir...)".

Lakin, uşaqları təşviq etdiyimiz zaman ifrata yol verməməliyik. Uşağı həddindən artıq həvəsləndirib, ona daim minnətdarlığımızı bildirsək, onu həmişə təşəkkür intizarında qoymuş olarıq. O, böyüdükdə, həmişə başqalarına nisbət tələbli olacaq və daim ona nəyinsə verilməyini gözləyəcəkdir. Deməli, uşağı belə mənfi təsirlərdən qorumaq uşun, bir neçə nöqtəyə diqqət etmək lazımdır:

Uşaq yalnız yaxşı iş gördükdə həvəsləndirilməlidir. Anlamalıdır ki, onu yaxşı işinə görə təşviq edirlər. Bu həvəs və tərif onun özünə görə deyil.

Uşağı həmişə deyil, bəzi vaxtlarda tərifləməliyik.

Tərif etdiyimiz zaman hədd və əndazəni gözləməliyik.

Tərif etdiyimizdə, yalan təriflərə yol verməməli və uşağın yanında tərifin dəyərini kiçiltməməliyik.

İmam Əli (ə) bu haqda müxtəlif hədislərdə belə buyurur: "Əgər bir nəfəri tərifləyirsənsə, tərif həddini aşma... Heç vaxt, bir şəxsi onda olmayan xüsusiyyətə görə tərifləmə, çünki sənin onu (onda olmayan xüsusiyyətə görə) tərifləməyin, onun özünü təsdiqləməsi və səni isə yalana çıxarmasına səbəb olar."

Uşağı tənbeh etmək

Tənbeh, yəni; bir şəxsi yerinə yetirdiyi pis işə görə cəzalandıraraq, agah etməkdir. Tənbeh (cəzalandırmaq) etmək iki cürdür:

Bədənin tənbeh və cəzalanması.

Bəzən uşağı vuraraq, işgəncə vasitəsi ilə tərbiyə edirlər. Amma bu növ tərbiyə islam dinində qəbul olunmazdır.

Qeyri-fiziki tənbeh və cəzalandırma.

Bu üslubda, uşaq fiziki işgəncə görmür. Uşağı cəzalandırmaq üçün küsmək, danlamaq, azacıq əsəbiləşmək, hədiyyə almamaq və sair kimi əməllərdən istifadə olunur.

Bu növ tərbiyə islam dinində müəyyən normal bir həddə qəbul olunur. Bir nəfər İmam Kazimə (ə) uşağının dəcəllik etməsi haqda şikayətlənərək soruşduqda, İmam Kazim (ə) onun cavabında belə buyurdu: "Onu vurma, ondan qısa bir müddət küs! Amma küsülü olmağını çox uzatma."

İmam Əli (ə) bu haqda buyurur: "Pis iş sahibini (yanında), yaxşı iş sahibinə hədiyyə verməklə cəzalandır (yaxşı işə yönəlt)."

Hədislərdən də məlum olduğu kimi, dinimizdə yalnız müvəqqəti şəkildə qeyri-fiziki tənbeh və cəzalandırma üslubu tövsiyə olunur ki, uşaqlarda mənfi təsir qoymasın.

Uşağa məhəbbət göstərmək

Valideyn uşağa məhəbbətini göstərməlidir. Çünki uşaq hiss etməlidir ki, valideyni onu sevir və onunla səmimi və mehribandır. Valideyn uşaqla məhəbbət və səmimiyyətlə rəftar etməlidir.

Bu, onun gələcəkdə hətta problemlərini valideynləri ilə məsləhətləşib, həll yolunu tapmasına kömək olar. Valideynlərin məhəbbət və səmimiyyətindən məhrum olan uşaqlar, evdə özlərini narahat və həyatda isə ümidsiz hiss edirlər.

Amma valideynlərindən qayğı və səmimilik görən uşaqlar, özlərini evdə və cəmiyyətdə şad və rahat hiss edirlər. Həmçinin, məhəbbət və yaxşılıq etmək uşağın nadincliyinin qarşısını alır, onu məntiqli insana çevirir.

İmam Əli (ə) buyurur: "Yaxşılıq (məhəbbət) etməklə qəlblər ələ alınar."

Məhəmməd peyğəmbər (s) uşaqlara məhəbbət haqda belə buyurur: "Uşaqları sevin və onlarla mərhəmətlə davranın. Hər zaman onlara vədə və söz verdikdə, vədə və sözlərinizə əməl edin."

Məhəmməd peyğəmbər(s) başqa bir hədisdə uşaqlar haqda belə buyurur: "Hər kəs uşağını ağlayan halda görüb, onun qəlbini şad edib sakitləşdirsə, Allah ona cənnətdə o qədər cənnət nemətləri verəcək ki, orada şad olacaqdır."

Uşağı əzizləmək və ehtiram etmək

İslamın uşaq tərbiyəsində tövsiyə etdiyi üslublardan biri də, ona ehtiram etməkdir.

Allah-taala Qurani-kərimdə buyurur: "Doğurdan da biz, Adəm övladına ehtiram qoyduq."

Həm böyüklər və həm də uşaqlar ehtirama layiqdirlər. Amma uşaqların məsumluğu və təmiz fitrətli olması, onlara ehtiramı daha da artırır.

İnsanlara, xüsusən uşaqlara ehtiram qoymaq və əzizləməyin özünə məxsus üslubları aşağıdakılardan ibarətdir:

Uşağa salam vermək.

Uşaq məclisə girdikdə ayağa qalxmaq.

Uşaqları qonaqlığa dəvət etmək.

Xəstə uşaqların görüşünə getmək.

Camaat namazında uşaqlara da yer vermək.

Onları ehtiramla səsləmək.

Onlara qəzəblənməmək.

Onların oyununda iştirak etmək.

Amin demək üçün dua məclisində uşaqlardan istifadə etmək. (Çünki uşaqların dua və aminləri tez qəbul olur.)

Unutmayaq ki, Məhəmməd peyğəmbər (s) buyurur: "Övladlarınıza ehtiram edin və onlarla layiqli şəkildə davranın."

Uşaqla oyun oynamaq

Diqqət etmək lazımdır ki, oyun oynamaq uşağın ətraf mühitlə tanışlığı və dünya görüşünün formalaşması üçün böyük əhəmiyyət daşıyır. Buna görə də uşağın hansı oyunla oynaması da, valideyn tərəfindən diqqət olunmalı bir məsələdir.

Burada uşağın oyun oynamasının bir neçə hədəf və təsirlərinə işarə edirik:

Yaşadığı mühitlə tanışlığı.

Yaşayışı üçün təcrübə əldə etməsi.

Rusi cəhətdən həzz alması və başını oyunla qatması.

Tənbəllik və yorğunluğunun aradan getməsi.

İctimai əlaqələrlə tanışlığı.

Artıq olan cismi və psixoloji enerjisini ataraq, mənən rahatlaması.

İctimai və fərdi məsuliyyətlərlə tanışlığı və ...

Bütün bu məsələlərə görə, dinimizin buyuruğuna əsasən, valideyn uşağı ilə yeddi yaşınadək, oyun oynayıb və oyununa şərik olarsa, onun övladına psixoloji baxımdan gözəl təsir bağışlayar.

İmam Əli (ə) bu haqda buyurur: “Uşağı olan hər kəs, gərək uşaqla uşaq kimi rəftar etsin.”

Həmçinin, İmam Sadiq (ə) da yenə bu haqda buyurur: “Uşaqla yeddi yaşınadək oyun oyna! Yeddi il sonra onun tərbiyəsi ilə məşğul ol! Yeddi il sonra isə bir yerə getdikdə özünlə apar."

Sonda, bunu da qeyd edək ki, hər bir valideyn və tərbiyəçi, uşaqla uşaq kimi rəftar etməli və sanki özlərini böyüklük məqamından uşaqlıq məqamına endirməlidirlər.

Əlbəttə, bu məsələdə də, müəyyən əndazə və hədd gözlənilməlidir. Sağlam ruhlu cəmiyyətin, sağlam üzvlərə ehtiyacı vardır.

Bunun üçün uşaqlarımızın ruhi və cismi sağlamlığına diqqət yetirməliyik. Bu, hər bir valideynin və tərbiyəçinin borcudur.


Günay Rəcəbova

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930