Allah dostlarının ilahi əzəmət qarşındakı qorxuları
Axirət əhli hər zaman Allahdan qorxurlar və bu xüsusiyyət onların ən əsas sifətlərindəndir. Onların Allahdan qorxmalarının səbəbi etdikləri işlər, səhvlər, qəflətdə olmalarına görədir. Keçmişdə etdiklərinin ona mane olmasından qorxurlar. Allahdan qorxmalarının bir başqa səbəbi isə Onun böyüklük və əzəmətini xatırlamalarıdır. İnsan çox böyük bir şeylə qarşılaşdığında, istər istəməz onun qarşısında öz kiçikliyini və zillətini görərək, boyun əyib ondan çəkinər. O varlığın əzəməti və görkəmi nə qədər çox olsa, onun qarşısında insanın kiçikliyini hiss etməsi və qorxması da çox olar. Heç şübhəsiz Allahın əzəmətini dərk etməyimiz qeyri-mümkündür, Onun ucalığını əsla anlaya bilmərik, lakin Onu azca dərk edənlər, qorxarlar. Allahdan qorxmaq, Onu tanımağın təbii nəticəsidir. Özüm şəxsən bir çox alimlərdən eşitmişəm ki, Axund Kaşi (r) Allahın əzəməti qarşısında o qədər çox qorxurdu ki, rükuda özünü idarə edə bilməyəcək qədər titrəməyə başlayardı. Əvvəlcədən də qeyd etdiyimiz kimi axirət əhli olanlar müxtəlif dərəcədədirlər. Hamısı eyni məqama sahib deyillər. Buna görə də Allahdan qorxmalarının dərəcəsi də bərabər deyil. Allahı tanıma çoxaldıqca, qorxu da çoxalır. İnsan nə qədər kamil olsa, bu xüsusiyyət də onda o qədər kamil olacaq. İnsan həyatda müxtəlif hadisələrlə qarşılaşır. Ümumiyyətlə, hamı gözləmədiyi bir vəziyyətlə qarşılaşdığı zaman dərhal soyuqqanlılığını itirir. Qarşıya çıxan hadisələr bəzən qorxulu, bəzən kədərli, bəzən də sevindirici ola bilər, bu vəziyyətlər qarşısında insan bütün diqqətini hadisəyə istiqamətləndirib, hər şeyi unudur. Axirət əhli isə belə deyil. Onlar istər sevincli, istərsə də acı bir hadisə baş verən zaman olsun hər vəziyyətdə soyuqqanlılıqlarını qoruyarlar və Allahdan qafil olmazlar, hər hallarında Ona yönələrlər. “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”. (“Nur” surəsi, ayə 37) 11. Hər zaman şükür edərlər: İnsan davamlı olaraq Allaha diqqət etsə, onu unutmayacaq. Axirət əhli də hər zaman Allahı düşündüklərinə görə, bir nemət əldə etdikləri zaman bunu Allahdan bilib, dərhal Ona şükür edərlər, o nemətdən faydalandıqdan sonra da yenə Allaha şükür etməyə davam edərlər. Dünyapərəst insan isə Allahdan qafil olduqları üçün nemət əldə edərkən onu özlərindən bilərlər. Təbii ki, nemətin əvvəlində şükür etməyən sonunda da şükür etməyəcək. - Duaları Allahın dərgahına yüksələr, sözləri onun yanında eşidilər, mələklər də onlarla sevinərlər. İslamda, "Dua Allaha doğru yüksələr" təbirində məqsəd, Allahın ucalığın, ululuğun və mənəvi yüksəkliyini izah etmək üçündür. Yoxsa, haşa, Allah cisim deyil ki, göylərdə yeri olsun. Başqa bir deyimlə, Allah sərhədsiz mülk sahibi, insan isə heç bir şeyi olmayan yoxluqdur. İlahi məqam, insanın ağılının zərrə qədər belə qavraya bilməyəcəyi bir ucalığa malikdir. Elə isə insanın duasının Allaha çatması üçün aşağı mərtəbədən, Allahın olduğu yüksək mərtəbəyə doğru yüksəlməsi lazımdır. “Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər).” (“Fatir” surəsi, ayə 10) Rəvayətlərdə, qəbul olunmuş əməl üçün, "O əməl Allaha yüksələr" və qəbul edilməyən əməllər üçün də, "O əməl sahibinə doğru geri qayıdar" təbirləri istifadə edilib. Axirət əhlinin sözləri də insanların səviyyəsindən çıxaraq Allahın uca məqamına doğru yüksələr və orada qəbul olunar. - Onların dua səsləri pərdə arxasına çatanda ana övladının səsini eşidəndə sevindiyi kimi Allah onların sözlərini eşitməkdən ləzzət alar. Dini təlimlərdə ərşin xaricində digər bir çox nurdan hicablar var. Rəvayətlərdə söylənilən bu cür deyimlər bizə ağılımızla Allahın əzəmətini dərk etməyimiz arasında sərhədsiz bir məsafənin olduğunu izah etmək üçündür. Başqa bir nöqtə isə insanın Allahı həqiqi mənada tanıması üçün nə qədər çox maneəsi olmasını bilməsidir. Əlbəttə, bu hicab və maneələr də Allahın yaratdığıdır. Allahın qullarını sevməsi ilə, qulların da Allahı sevməsi əsla müqayisə edilə bilməz. Ananın balasını sevməsini, hətta aləmin yaradılışından bəri yaranan və meydana gələcək bütün sevgiləri, Allahın qullarına olan sevgisinin yanına qoyduğumuzda okeandakı bir damla kimi qalacaq. Çünki Allahın sevgisi sonsuzdur, amma başqalarının sevgisi məhduddur. Yəni Allahın qulunu sevməsi aləmdəki bütün sevgi və eşqlərdən daha çoxdur. Rəvayətdə buyurulur ki, səhrada yuxuya gedən biri oyandığı zaman dəvəsinin və dəvənin üzərində olan bütün azuqəsinin itdiyini görər, sonra onları axtarmağa başlayar, bütün səylərinə baxmayaraq, dəvəsini tapa bilməz. Ac və susuz bir halda, tamamilə ümidini itirər, bir azdan öləcəyini gözləyər. Amma birdən dəvəsini, azuqəsini və suyunu tapdığında sevinər, görəsən bu adamın o andakı sevinci nə qədərdir? Bax Allah da qulu tövbə etdiyi zaman bu adamdan daha çox sevinər. Mömin bəndələrin duaları ərşin üstündə olan hicabların altında dayanar, çünki sonsuz lütf və mərhəmət sahibi Allah, o bəndəsinin səsini eşitməkdən xoşu gələr. Cabir ibni Abdullah Ənsari Rəsulullahdan (s) belə nəql edir: "Allahın sevdiyi bir bəndə dua etdiyi zaman O Cəbrayıla belə buyurar: “Bəndəmin ehtiyacını qəbul etdim amma dərhal verməyin, gecikdirin, çünki mən onun səsini eşitməyi sevirəm. Amma əgər Allahın qəzəbləndiyi və sevmədiyi bir bəndəsi dua edərsə, Cəbrayıla buyurar: Dərhal onun istədiklərini verin çünki mən onun səsini eşitmək istəmirəm.” - Onlar bir an Allahı zikr etməkdən qafil olmazlar. Çox yeməyi və gözəl geyinməyi sevməzlər. Oxşar xəbərlər
|