Yaxşı işi gizlətməyin mükafatı 70 həccə bərabərdir – İmam Rzadan (ə) səxavətlilik nümunəsi
Əsi ibni Həmzə nəql edir: “Həzrət İmam Rzanın (ə) məclisində idim və bu məclisdə çox sayda insan var idi. Onlar Həzrətə (ə) sual verir və halal və haramın əhkamlarını soruşurdular. İmam Rza (ə) da onların cavabını verirdi. Bu zaman ucaboylu bir nəfər məclisə daxil oldu və salam verdi. İmama (ə) dedi: “Mən sizin, atalarınızın, babalarınızın dostlarındanam. Həcc səfərində pulum qurtardı və vətənimə qayıtmaq üçün pulum qalmadı. Əgər imkan varsa, mənə vətənimə qayıtmaq üçün pul verin. Allah məni nemətlərindən bəhrələndirmişdir. O zaman ki, vətənimə çatacağam mənə verdiyiniz məbliği sizin tərəfinizdən sədəqə verəcəyəm. Çünki özüm sədəqəyə layiq deyiləm”. İmam (ə) ona buyurdu: “Əyləş, Allah sənə lütf etsin”. Sonra İmam (ə) üzünü insanlara çevirdi və onların suallarını cavablandırmağa başladı. Bir müddət sonra bütün insanlar getdilər və bu müsafir, mən, Süleyman Cəfəri və Xəsimə İmama (ə) xidmət etmək üçün qaldıq. İmam (ə) bizə buyurdu: “İcazə verirsinizmi ki, otağa gedim?”. Süleyman dedi: “Allah sizin izn və əmrinizi bizdən üstün qərar vermişdir”. Həzrət (ə) ayağa qalxdı və hücrəsinə daxil oldu. Bir neçə dəqiqə sonra geri qayıtdı və qapının arxasından buyurdu: “O xorasanlı kişi haradadır?”. Həmin şəxs ayağa qalxdı və dedi: “Buradayam”. İmam (ə) qapının üstündən əlini ona tərəf uzatdı və buyurdu: “Bu dinarları al və yol xərcini onunla təmin et. Bu məbləğ sənin malın olsun. Lazım deyildir ki, mənim tərəfimdən onu sədəqə verəsən. Get ki, nə mən səni görüm və nə də sən məni görəsən”. Həmin şəxs pulu alıb getdi. Süleyman İmamdan (ə) soruşdu: “Qurban olum, əta etdin, mehribanlıq etdin, bəs niyə pul verən zaman özünü göstərmədin?”. İmam (ə) buyurdu: “Ondan qorxdum ki, hacətini yerinə yetirdiyim üçün xəcaləti onun üzündə müşahidə edəm. Məgər Peyğəmbərin (s) bu kəlamını eşitməmisiniz ki, buyurub: “O kəs ki, yaxşı işini gizlədər onun mükafatı 70 həccin mükafatına bərabərdir. O kəs ki, aşkarda günah edər, Allah tərəfindən rədd olunar. O kəs ki, günahlarını gizlədər, tövbə edən zaman Allah tərəfindən bağışlanar””. /Deyerler.org/ Oxşar xəbərlər
|