Nə cür qadınla evlənmək məsləhətdir?
Nə cür qadınla evlənmək məsləhətdir? (hədislər əsasında) SUAL-CAVAB Nə cür qadınla evlənmək məsləhətdir? Bazar günü, 13.12.2015, 02:25pm (GMT+4) Nə cür qadınla evlənmək məsləhətdir? (hədislər əsasında) Müsəlman Şərq xalqlarının, o cümlədən, Azərbaycan xalqının izdivacla bağlı qədim adət-ənənələri çoxdur. Bunların bir qismi tərəf-müqabilini seçməklə bağlıdır. Keçmişdə bir qayda olaraq ana öz oğlu üçün həyat yoldaşı seçirdi. Bu zaman ana öz gələcək gəlininin həm zahiri görünüşünü, həm xasiyyətini, həm də evdarlıq vərdişlərinə nə dərəcədə bələd olmasını əyani olaraq müşahidə edə bilirdi. Bəzən isə oğlanla qızın bir-birini görüb bəyənmələri üçün onları guya təsadüfi bir şəraitdə (məsələn, qohumlardan birinin evində) görüşdürürdülər. Hal-hazırda gənclərin əksəriyyəti bu cür adətləri geriliyin qalığı kimi qəbul edir. İndi cavanlar özləri tanış olub görüşməyə və bir-birinin xasiyyətini yaxından öyrənməyə üstünlük verirlər. Təbii ki, bu zaman onlar əslində çox böyük bir məsuliyyəti öz üzərlərinə götürmüş olurlar. Çünki əvvəla, tərəf-müqabilini düzgün seçməyin və səhvə düçar olmamağın cavabdehliyi gənclərin öz öhdəsinə düşür, artıq onlar bu məsələdə öz valideynlərini günahlandıra bilməyəcəklər. İkincisi, cavanlar diqqətli olmalıdırlar ki, tanışlıq zamanı günaha yol verməsinlər, şəriətin nəzərdə tutduğu normaları pozmasınlar. Bəs, oğlanlar ailə qurmaq üçün özlərinə tərəf-müqabili seçərkən, hansı şərtlərə əməl etsinlər? Nə cür qızlarla (qadınlarla) evlənmək məsləhətdir? Aşağıda bu barədə dini mətnlərimizdə rast gəlinən bir neçə hədisi diqqətinizə təqdim edirik. Əvvəlcədən qeyd edirik ki, bunlar danışılan mövzu haqqındakı hədislərin yalnız bir qismidir. İkincisi, burada deyilən məsələlərlə razı olub-olmamaq ixtiyarını oxucuların öhdəsinə buraxırıq. Çünki burada deyilənlərin heç birinə əməl etmək vacib deyil. Bunları müqəddəslərimizin izdivaca hazırlaşan şəxslərə yalnız bir tövsiyəsi kimi qəbul etmək lazımdır. Həzrət Mühəmməd Peyğəmbər (s) öz gələcək həyat yoldaşları ilə evlənmək istəyəndə, bir qadın göndərib tapşırardı ki, ona baxıb gözəlliyini qiymətləndirsin. Həmçinin ona tapşırardı ki, evlənmək istədiyi qadının boynunun qoxusuna diqqət yetirsin. Qadının boynundan xoş ətir gəlməsi onunla ünsiyyəti xoşagələn edir. Burada bir məqamı qeyd edirik ki, əvvəla, Həzrət Mühəmməd Peyğəmbərin (s) bu hərəkəti heç də o həzrəti şəhvətpərəst qəbul etməyə əsas verməz. Tarixdən məlumdur ki, Peyğəmbərin evləndiyi bütün xanımlar yaşlı və dul olmuşlar (yəni ya onların əvvəlki həyat yoldaşları vəfat etmiş, ya da boşanmışdılar). Yalnız ümmül-möminin Aişə peyğəmbərimizə ərə gedən zaman cavan və bakirə idi. Sadəcə olaraq, Peyğəmbərimiz ailəyə böyük əhəmiyyət verir və səmimi, problemsiz ailə həyatını insana psixoloji və bioloji rahatlıq gətirən əsas amillərdən hesab edirdi. Ona görə də o həzrətin evlənməzdən əvvəl özünü gələcək xoşagəlməz hallardan sığortalamaq istəyini tam normal qəbul etməliyik. İkincisi, Peyğəmbərin bütün hərəkətləri və kəlamları yalnız o həzrətin özünə aid deyil, bütünlükdə İslam ümməti üçün əhəmiyyətlidir. Peyğəmbər hər bir hərəkəti və sözü ilə müsəlmanlara yol göstərir, öyrədirdi. Məhz bunun sayəsində indi bizim Quranla yanaşı sünnə kimi zəngin irsimiz var. Ona görə də Peyğəmbərin qadın seçimində tövsiyə etdiyi yuxarıdakı şərtləri yalnız o həzrətin şəxsi həyatı ilə məhdulaşdırmağımız düzgün olmazdı. İmam Zeynül-abidin (ə) tövsiyə edirdi: "Hər kim evlənmək istəsə, qadının sifətinin gözəlliyi barədə soraqlaşdığı kimi, saçları barədə də soruşsun. Çünki saç - gözəlliyin iki qismindən biridir (yəni yarısıdır)". Həzrət Əli ibn Əbu Talib (ə) isə aşağıdakı xüsusiyyətlərə malik olan qadınlarla evlənməyi məsləhət bilirdi: "İrigözlü, qaraşın, ortaboylu qadınla evlən. Əgər narazılıq hiss etsən, mehriyyən mənim boynuma". Sonuncu ifadə simvolik məna daşıyır. İmam bildirmək istəyir ki, bu cür qadınla evlənən kişi peşman olmaz və onu boşamaq istəməz; əgər peşman olub boşamaq istəsə, bunun cəzasını o həzrət özü çəkməyə hazırdır. Həzrət Mühəmməd Peyğəmbər (s) özünə həyat yoldaşı axtaran kişilərə tövsiyə edirdi: "Mavi gözlü qadınlarla evlənin ki, onlarda bərəkət var". (Məqalədə istifadə edilmiş hədislər "Məkarimül-əxlaq" kitabındandır). Oxşar xəbərlər
|