Quran oxumaq – ürəyin dərmanıdır. Quran oxuyanda riayət edilməli məqamlar
Quran şəfaətdir, yəni ürəyi xəstəliklərdən və çirkinliklərdən pak edər. Ancaq pak və təmiz etmək məgər kifayət edirmi? Ürəyin yenilənməsi də lazımdır. Allah Quranda buyurur: “Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. (“İsra” 82). Bəli, bu ayədən də göründüyü kimi, Quran bütün dərdlərin və xəstəliklərin şəfasıdır. İnsan iki hisssədən təşkil olduğu üçün bəzən cismi xəstələnir, bəzən də ruhu. Cismi xəstəliklər üçün dərman olduğu kimi, ruhi xəstəliklərinin də dərmanı vardır. Quran bütün xəstəliklərin o zaman şəfası olur ki, insan mömincəsinə onun əmrlərinə boyun əyir. Quran – qəlbin də şəfasıdır. Ürəkdə olan nifaqı, küfrü, təkəbbürü, həsədi, şəkki müalicə edər. Ancaq qəlbin paklanması kifayət deyildir, qəlb eyni zamanda yenilənməlidir. Ona görə Quran həm də rəhmətdir. Yəni, onu təmizlədikdən sonra doğru yola tərəf hidayət edir, gücləndirir. Qəlbə İlahi mərifəti, imanı və sevgini daxil edir. İnsan Quran oxuyan zaman gərək qəlbi buna hazır olsun. Quranı imanla, təqva ilə oxumaq lazımdır. Bu zaman qəlbin bağlanmış qapıları Quranın üzünə açılar və insan Qurandan bəhrələnmiş olar. Quran oxuyan zaman qəlb hüzuruna yardım edən amillərdən biri münasib zamanın və məkanın seçilməsidir. Allah Təala bəzi məkanları bəzilərindən üstün etmişdir. Eyni zamanda bəzi zamanları da qalan zamanlardan üstün etmişdir. Daha üstün zaman və məkanın seçilməsi, Quranın qəlb hüzuru ilə qiraət olmasına təsir göstərər. Yaxşı olar ki, Quran qarisi bu şərtlərə əməl etsin: 1. Quran oxumaq üçün təmiz və pakizə yer seçsin. 2. Quran oxuyan zaman üzü qibləyə əyləşsin. 3. İnsanın Quran oxumaq üçün seçdiyi məkan elə olmalıdır ki, insanı xarici amillərlə məşğul etməsin və insan qəlb hüzuru ilə Quranı oxuya bilsin. Quranı oxumaq üçün seçdiyiniz zaman axşamüstü, ya axşama yaxın və ya səhərə yaxın olsa, daha fəzilətli olar. Əlbəttə, bu, o demək deyildir ki, gündüz Quran oxumağı tərk edəsiniz. Axşamüstü ona görə tövsiyə olunur ki, dünya işləri daha az olur və insanı daha az məşğul edir. “Ey libasına bürünmüş. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə ikisini), Qur’anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!”. (“Muzzəmmil” 1-4). Qəlbin paklanması və yenilənməsi, İlahi nura boyanmasına səbəb olar və insanı Allaha yaxınlaşdırar. Sağlam qəlb – o qəlbdir ki, öz vəzifəsini ən gözəl şəkildə yerinə yetirir. Allahdan qeyrisi üçün orada yer yoxdur. Allaha şərik qərar verməz. Bütün sevgi və nifrəti Allaha görədir. Ancaq Allaha təvəkkül edir və ümid bəsləyir. Qorxusu ancaq Allahdandır. Allahın əmrlərinin mütisidir. Bunlar – qəlb sağlamlığının nişanələridir. Ona görə də qəlbimizin sağlam olmasına səy göstərək və Quranı oxumaqdan qafil olmayaq ki, o, hər dərdin davasıdır. “Həqiqətən bu, (göndərənin və onu qəbul edənlərin yanında) kərim (çox gözəl, təriflənmiş, qiymətli və əziz) bir Qur’andır”. (“Vaqiə” 77). Oxşar xəbərlər
|