İmam Həsən Əskərinin (ə) şəhadəti və faydasız kələklər
Mьəllif: admin1
Tarix: 4-10-2022, 10:59
İmam Həsən Əskərinin (ə) şəhadəti və faydasız kələklər
İmam Həsən Əskərinin (ə) şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır.

İmam Həsən Əskərinin (ə) cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir.

Şiə aləminin görkəmli alimi Təbərsi yazır: “Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki, ata-babası və ümumiyyətlə, bütün İmamlar şəhid olduğu kimi İmam Həsən Əskəri (əleyhissəlam) da zəhərlənmə nəticəsində şəhid olmuşdur. (Əlamül-vəra, səh.367.)

Tanınmış şiə alimi Kəfəmi yazır: “Onu (İmam Əskəri əleyhissəlamı) Mötəmid zəhərləmişdir.” (Əl-ənvarül-bəhiyyə, səh.162.)

Dördüncü əsr (hicri tarixi ilə) şiə alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri (ə) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur. (Dəlailül-imamə, səh.223.)

İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.

Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: “... İmam Həsən Əskəri (ə) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi.

Biz onun bu halından təəccübləndik, (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (ə) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir.

Xəlifə onlara tapşırır ki, İmam Əskərinin (ə) evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir.

Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin.

İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskərinin (ə) halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin.

Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (ə) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskərinin (ə) şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır.

Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu.

İmam Həsən Əskərinin (ə) cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir.

Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara, yazıçı və şahidlərə göstərərək deyir: “Bu, İmam Həsən Əskəridir (ə). O, təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.”

Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir...” (Əl-füsulül-mühimmə, səh. 307–308.)

Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskərinin (ə) cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (ə.f) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır. (Kəmalüddin, səh.475.)



nur-az.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031