İMAM MEHDİNİN (Ə) HƏYAT TƏRZİ
On ikinci imamımız İslam Peyğәmbәrinin (s) son canişini imam Mehdi (ә) 255-ci һicri-qәmәri ilinin Şəban ayının 15-də cümә günü İraqın Samirra şәһәrindә dünyaya gәlmişdir və hal-hazırda yaşayır. Adı “Mühəmməd”, künyəsi “Əbülqasim”, ləqəbi “Mehdi”, “Sahibəzzaman” və “Qaim”dir. O həzrət həyatda olduğu halda, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır. Һörmәtli atası on birinci imamımız imam Həsən Əskəri (ə), anası isə Rum imperatorunun oğlu Yəşuanın qızı Nərgis xatundur.
İmam Zamanın (ə) həyat tərzi ilə bağlı ustad Məhəmmədrza Həkiminin “Qərbin Günəşi” adlı dəyərli əsərində rəvayətlərə istinadən qələmə aldıqlarını əziz oxucularımızn nəzərinə çatdırırıq: a) Əməli rəftarları: İmam Mehdi (ə) ədalətli, müqəddəs və məsumdur. Haqqı zərrə qədər danmayacaq və Allah onun əli ilə İslam bayrağını dalğalandıracaqdır. Onun hökumətində heç kimə zülm edilməz, amma ilahi hədlər icra edilər. İmam Mehdi (ə) səbir və təmkin sahibidir. Onun elm və biliyi hamıdan çoxdur, Peyğəmbərin (s) adını daşıyır və əxlaqı da o həzrətin (s) əxlaqına bənzəyir. O həzrət hidayət nuru ilə insanları haqqa yönəldəcək və Allahın saleh bəndələri kimi həyat sürəcəkdir. O həzrətin zühur və qiyamı dostluq və bərabərlik üzərində qurulacaq; hər kəs ehtiyac duyduğuna maneəsiz çatacaqdır. O həzrətin zamanında möminlər bir-birilə ticarətdən qazanc götürməyəcəklər. Ürəklərdəki kinlər dağılacaq, hər yerdə dinclik və təhlükəsizlik hökm sürəcəkdir. İmam Mehdi (ə) səxavətli, istəklərə cavab verən və mal-dövlət bağışlayandır. O həzrət dövlət rəhbərləri və məmurları ilə ciddi, gücsüzlər və kasıblarla mehriban davranacaqdır. O həzrət (ə) kasıblarla elə davranacaq ki, sanki öz əli ilə onların ağzına yağ-bal qoyacaq, özü isə eynilə imam Əmirəlmöminin Əli (ə) kimi yaşayacaq və quru çörək yeyəcək. (“Biharul-ənvar”, c.52, s.359.) b) İnqilabi rəftarları: İmam Mehdi (ə) bütün haqq sahiblərinin haqqını alıb özlərnə qaytaracaq, hətta birinin haqqı başqasının dişləri arasında qalsa belə, onu haqsızlıq edən şəxsin dişləri arasından çıxaracaq və haqq sahibinə çatdıracaqdır. O, insanları Allahın dininə dəvət edəcək, itaətsizlik edənlərin və İmamla (ə) döyüşənlərin boynunu vuracaqdır. İmam Mehdi (ə) Kufə şəhərinə girərək münafiqləri öldürəcək, sarayları dağıdacaq və orada yerləşmiş ordunu qılıncdan keçirəcək. Allah razı olana qədər zalımları və onların köməkçilərini öldürəcəkdir. İmam Mehdi (ə) zəkatı mənimsəyənləri, “möhsin” (evli) zinakarları şahidsiz daş-qalaq edərək öldürəcəkdir. (“Biharul-ənvar”, c,52, s.353.) Zürarə ibn Əyən deyir: Bir gün imam Baqirdən (ə) soruşdum: “Həzrət Qaim (ə) xalqla Peyğəmbər (ə) kimi davranacaqmı?” Buyurdu: “...Peyğəmbər (s) din uğrunda xalqın məhəbbətini qazanmaq və qəlbləri birləşdirmək üçün onlarla mülayim davranırdı. Lakin Qaim (ə) qılıncla xalqın qarşısına çıxacaq. Allah ona əmr etmişdir ki, itaətsizlik edənləri öldürsün və heç kimin tövbəsini qəbul etməsin. Mehdi (ə) ilə müxalifət və düşmənlik edənin vay halına!” Allahın hökmünü icra və dinini möhkəmlətmək uğrunda İmam (ə) kimsənin sözünə qulaq asmayacaq və kimsənin qınağını eşitməyəcək. (“Biharul-ənvar”, c.52, s.353.) c) Siyasi rəftarları: İmam Mehdinin (ə) hakimiyyəti zamanı zalımlar və diktatorların hakimiyyəti, münafiq və xainlərin siyasi nüfuzu aradan qalxacaq, müsəlmanların qibləsi Məkkə şəhəri o həzrətin inqilabi hərəkatının mərkəzi olacaq, onunla birgə qiyam edən ilk kəslər həmin şəhərdə bir yerə yığılıb ona qoşulacaqlar. O həzrət yəhudi və xristianların dünyamiqyaslı nüfuzlarına son qoyacaq. Tövrat və İncilin əsl nüsxəsi ondadır, Tövrat əhli arasında Tövratla, İncil əhli arasında da İncillə hökm verəcək, onları özünə tabe olmağa dəvət edəcək və onlardan bəziləri ona inanacaqlar. O, dəvəti qəbul etməyib müxalifətçilik edənlərlə döyüşəcək, (kitab əhlindən və ya digər məktəblərdən) Allahın höccəti müqabilində haqq İslam hakimiyyəti və ədalətli Quranın siyasətindən başqa, dünyada heç bir siyasət və hakimiyyət baqi qalmayacaq və beləcə, imam Mehdinin (ə) rəhbərliyi aləmin şərq və qərbini əhatə edəcəkdir. Həzrət İsa (ə) səmadan enəcək, o həzrətə iqtida edərək namaz qılacaq, “Beytül-Müqəddəsin qapısını açın!” – deyə fəryad edəcək və qapını açacaqlar. Bu vaxt Dəccal yetmiş min silahlı yəhudi ilə meydana çıxacaq. İsa (ə) Dəccalı öldürmək istədikdə, Dəccal qaçacaq və İsa (ə) onu tutub öldürəcək. O həzrət qiyam etdiyi zaman yer üzünün hər yerindən “Əşhədu əlla ilahə illəllah və əşhədu ənnə Muhəmmədər-Rəsulullah” səsi ucalacaq. (“Biharul-ənvar”, c.52, s.340.) ç) Tərbiyəvi rəftarları: İmam Mehdinin (ə) hakimiyyəti dövründə hər kəsə elm və hikmət öyrədiləcək. O dövrdə xalq kütləsinin şüur və dərrakəsi artacaq. O həzrət Allahın izni ilə insanların ağlını təkamülə çatdıracaq və hər kəsin qəlbinə nur bəxş edəcək, öz dövlətində şiələrdən naqislik və bəlanı aradan qaldıracaq, onların qəlbləri polad parçası kimi möhkəm və hər biri qırx adamın gücünə sahib olacaq, yer üzünün rəhbərliyi onların ixtiyarında qoyulacaqdır. (“Biharul-ənvar”, c.52, s.317-335.) d) İctimai rəftarları: İmam Mehdi (ə) qiyam etdiyi zaman – çətinliklər aradan qaldırıldıqdan və döyüşlər qurtardıqdan sonra – zülm və haqsızlığa son qoyacaq və yer üzünü haqq-ədalətlə dolduracaqdır. Yer üzündə onun ədalət və bərəkətindən faydalanmayan bir yer qalmayacaq, hətta heyvanlar və bitkilər bu bərəkət, ədalət və yaxşılıqdan bəhrələnəcək. O həzrətin hakimiyyəti zamanı hər kəs zəngin və ehtiyacsız olacaq. İmam Mehdinin (ə) ədalətli hakimiyyətində heç kimə və heç bir şeyə haqsızlıq edilməyəcək. Onun ədalətinin ilk əlaməti bu olacaq ki, onun carçıları Məkkədə uca səslə belə deyəcəklər: “Hər kim vacib namazını “həcərül-əsvəd”in (qara daş) kənarında və təvaf yerində qılmışsa və müstəhəb namaz qılmaq istəyirsə, kənara çəkilsin ki, başqasının haqqı tapdanmasın və vacib namaz qılmaq istəyən şəxs gəlib namazını qılsın.” (“Kafi”, c.4, s.427.) e) İqtisadi proqramları: Dünyanın bütün yeraltı və yerüstü sərvətləri imam Mehdinin (ə) ixtiyarında olacaq, tarlaların məhsulu artacaq, mal-dövləti insanlar arasında bərabər böləcək və kimsəni başqasından üstün tutmayacaq. Onun dövründə hər kəs rifah içində olacaq, bolluqda yaşayacaq, hətta heyvanlar belə çoxalacaq və bir-birinin kənarında dinc yaşayacaqlar. Yer üzü yaşıllaşacaq, çayların suları artacaq, yeraltı xəzinələr, sərvətlər və digər mədənlər rahatlıqla əldə ediləcək. ə) İslahat proqramları: İmam Mehdi (ə) insanların imdadına çatacaq. O həzrətin rəhbərliyi dövründə fitnə-fəsadlara son qoyulacaq, zülmlər, haqsızlıqlar, basqınlar və s. aradan qalxacaq. O həzrət insanları böyük bəla və kor fitnələrdən qurtaracaq. Dünyada xarabalıq qalmayacaq və imam Mehdi (ə) hər yeri abad edəcək. O həzrətin dostları dünyanın hər yerinə ayaq basıb qüdrətə sahib olacaq, hamı onlara itaət edəcək... İmamın (ə) saleh və ədalətli nümayəndələri dünyaya elə bir sevinc gətirəcəklər ki, o həzrətin səhabələrinin ayaq basdıqları yer başqa yerlərə qarşı iftixar edəcək. f) Qəzavət proqramları: Mühakimə edilən kəsə iynə ucu qədər də zülm və haqsızlıq edilməyəcək və kimsə təhqir olunmayacaq. O həzrət xalis dini hökmlər əsasında hökm verəcək. Xalq arasında ədalət tərəzisini quracaq və beləcə, kimsəyə zülm edilməyəcək. O həzrət yeni mühakimə və qəzavət sistemi təşkil edəcək, kimsədən şahid və dəlil istəməyəcək. Şeyx Müfid yazır: “Ali-Mühəmmədin (s) Qaimi qiyam etdiyi zaman eynilə həzrət Davud kimi mühakimə yürüdəcək və şahidə ehtiyac duymadan hökm verəcək. Allah-Taala hökmü ona ilham edəcək və o da ilahi ilham əsasında hökm verəcək. İmam Mehdi (ə) hər dəstənin gizli planlarından xəbərdar olacaq, planlarını özlərinə söyləyəcək və baxışı ilə dost və düşmənini tanıyacaq.” (“Əl-irşad”, Şeyx Müfid, s.365-366.) Bəli, dünyanı fitnə-fəsad bürüdüyü, hər yerə zülm və haqsızlıq hakim kəsildiyi zaman zəlalət və inhiraf qalalarını dağıtmaq, qaralmış və daşlaşmış ürəkləri tövhid, insaniyyət və ədalət nuru ilə işıqlandırmaq üçün Allah böyük xilaskarını və islahatçısını göndərəcək. İlahi! Bizim gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandır və bizi onun vəfalı dostları, fədakar əsgərlərindən qərar ver! Amin! Rza Şükürlü maide.az Oxşar xəbərlər
|