Niyə Yer üzü adil İmamsız qala bilməz?
Bəşər yarandğı gündən indiyə qədər yer üzündə kamil insan mövcud olmuşdur ki, bütün insani, mənəvi dəyərlərə malikdir. Heç bir əsr Yer kürəsi Allahın vəlisindən boş olmamışdır.
Bu kamil insanın Allah yanında məqamı o qədər böyükdür ki, zehnlərimiz onu dərk edə bilməz. Bu kamil insan bütün insanların ruhları üzərində hakim olar və onlara rəhbərlik edər. “Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır”. (“Rəd” 7). Süleyman ibni Cəfər deyir ki, İmam Rzaya (ə) sual verdim: “Yer üzü hüccətdən boş olacaqdırmı?”. İmam (ə) buyurdu: “Əgər yer üzü bir göz qırpımında hüccətdən boş olarsa, əhlinin üzərinə tökülər”. İmam Sadiq (ə) buyurur: “Əgər yer üzünün insanları iki nəfər olsa, onlardan biri o birisinə İmamdır”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Əgər dünya insanları ancaq iki nəfər olsa, onlardan biri İmamdır və dünyadan gedən sonuncu insan İmamdır”. İmam Sadiq (ə) buyurur: “Yer üzü İmamdan heç bir zaman boş olmaz, ona görə ki, əgər möminlər bir şeyi artırsalar (üsuliddindən və ya füruiddindən) – onu qaytararlar, əgər nəyisə azaltsalar – onu təkmil edərlər”. Həzrət Sadiq (ə) buyurur: “Allah ondan da böyükdür ki, yer üzünü adil İmamdan boş qoysun”. İmam Baqir (ə) buyurur: “Əgər İmam yer üzündən götürülərsə, yer öz əhlini pərişan edər, necə ki, dəniz öz əhlini pərişan edər”. İmam Əli (ə) Kumeylə buyurur: “Yer üzü heç bir zaman İlahi hüccətlə qiyam edən kəsdən boş olmaz. İstər zahirdə olsun, istərsə də gizlində”. Qurani-Kərim imaməti insan təkümülünün son mərhələsi hesab edir ki, ancaq ulul-əzm peyğəmbərləri o məqama çata biliblər. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim»”. (“Bəqərə” 124). Bu ayədən göründüyü kimi, imamət və vilayət məqamı nübuvvət məqamından daha üstün hesab olunur. Ola bilsin ki, bir insan həm imam olsun, həm də nəbi. Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Həzrət Muhəmməd (ə) kimi. Əhli-beyt (ə) məktəbinin nəzərinə görə, İmam Allah tərəfindən təyin edilməlidir və həmin o səlahiyyətləri vardır, necə ki, peyğəmbərlərin var idi. Onun işi ancaq hökumət və dini mərcəlik deyildir. Fəaliyyətinin əsl hədəfi – İlahi dini qoruyub saxlamaqdır. Necə ki, İmam Rza (ə) xütbəsində buyurmuşdu: “İmamət – dinin rəhbərliyi, müsəlmanların dünyalarının islahı və möminlərin izzətidir. İmamət – İslamın kökü və uzun budağıdır. İmamla namaz, zəkat, oruc, həcc, cihad kamil olar. Beytul-mal və yoxsullara infaq çox olar. Əhkamın icra olunması, ölkənin sərhədlərinin qorunması İmamın vasitəsilə olar. İmam – Allahın halalını halal, Allahın haramını haram hesab edər. İlahi həddi bərpa edər və Allahın dinini qoruyar. Elmi, gözəl nəsihətləri, möhkəm dəlilləri ilə Allah yoluna dəvət edər”. Beləliklə deyə bilərik ki, İmamlar (ə) yer üzündə olan peyğəmbərlərin canişinləridir. Onlar Allah tərəfindən təyin olunar və yer üzünün var olması üçün varlıqlarının var olması vacibdir. Əgər yer üzü hüccətdən boş qalarsa, hədislərimizin buyurduğu kimi, yer öz əhlinin üstünə dağılar və insanlar məhv olar. Ona görədir ki, bu dünyadan son gedəcək olan insan – məhz İlahi hüccət olan İmamdır. İmamın (ə) varlığının zəruriliyini hər bir müsəlman dərk etməli və onu Həzrət Peyğəmbərin (s) canişini kimi qəbul etməlidir. Əks halda dininin ona faydası olmaz. Hər nə qədər namaz qılsa da, gecə oyaq qalsa da, oruc tutsa da, vilayət olmadan o biri ibadətlərin təsiri və faydası olmaz. /Deyerler.org/ Oxşar xəbərlər
|