Mübahilə günü nələr baş verdi?
Qədir-Xum gününü arxada qoyduq. Dinin kamilləşməsinin, nemətlərin tamam olmasının simvolu olan bu tarix barədə kifayət qədər danışdıq. İndi isə zilhiccə ayında olan digər əlamətdar tarixə nəzər salaq. Bu günün adı “Mübahilə günü”dür. Bu gün, öz əhəmiyyətinə görə İslam tarixində özünəməxsus yerlərdən birini tutur.
NƏCRAN HEYƏTİNİN GƏLİŞİ Öncə “Mübahilə günü”nün əsasında olan məfhumla bağlı bir qədər aydınlaşdırma aparaq. “Mübahilə”nin mənası - qarşı tərəfə nifrin, lənət deməkdir. Ümumi halda, mübahilə ən son vasitə kimi tanınır. Yəni, qarşı tərəf dəlil, sübut qəbul etməkdən imtina etdikdə, yalan danışana İlahi lənətin nazil olması barədə birgə dua etmək məna daşıyır. Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Məlum olduğu kimi, Peyğəmbərimiz (s) hansısa ayrıca millətə, qövmə deyil, bütün bəşəriyyətə İlahi Elçi olaraq göndərilmişdir. Bundan irəli gələn məsələlərdən biri də, Peyğəmbərimizin (s) öz missiyası barədə mesajları dünyanın hər yerinə göndərməsi idi. Bu sırada hökmdarlar, qəbilə və tayfa başçıları, digərləri var idi. Hicrətin 9-cu ilindən etibarən, bu dəvətlərə ciddi reaksiyalar gəlməyə başladı. İslama kütləvi surətdə gəlişlər prosesi getdi. Belə dəvətlərdən biri də Nəcran məsihilərinə çatdırılmışdır. Yəmənlə sərhəddə yerləşən Nəcran məntəqəsinin əksəriyyəti məsihilərdən ibarət idi. Həzrət Rəsuli-Əkrəmin (s) dəvəti onlara çatdıqda, 14 nəfər nüfuzlu xristiandan ibarət heyətlə Peyğəmbərimizin (s) mübarək hüzuruna gəldilər. Qeyd edək ki, öncə göndərilmiş təbliğatçılar Nəcran əhalisinin bir hissəsinin hidayət olunmasına səbəb olmuşdular. Xeyli sayda nəcranlı insan Peyğəmbərimizin (s) dəvətinə cavab verərək, İslama gəlmişdi. Lakin, keşişlər tərəfindən idarə edilən böyük bir qrup, bu dəvəti cavablandırmaqla bağlı tərəddüddə idi. Eyni zamanda, Həzrət Rəsulallah (s) barədə xristian dininə aid müqəddəs kitablarda məlumatların olması məsələsi də gündəmdə idi. Belə olan halda, nəcranlılar Peyğəmbəri-Əkrəmin (s) yanına böyük səlahiyyətlərə malik bir heyəti göndərib, məsələni yerində tədqiq etməyi qərarlaşdırdılar. Müəyyən vaxtda heyət Mədinəyə, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. 14 nəfərlik bu heyətə 3 nəfər ən nüfuzlu keşiş başçılıq edirdi. HƏZRƏT ADƏMİN (ə) MİSALI Sözügedən heyət Rəsuli-Əkrəmin (s) hüzuruna gəlir. Peyğəmbərimizə (s) İslam dininin mahiyyəti barədə suallar verməyə başlayırlar. Peyğəmbərimiz (s) xaçpərəst heyətinə, təkallahlığın mahiyyətinini çatdırmaqla bağlı öz mübarək missiyası başa salır. Bir çox dəlillərin gətirilməsinə baxmayaraq, keşişlər inadkarlıq edirlər. Onlara öyrəşdikləri konstruksiyalardan imtina etmək, bütün ömürləri boyu inandıqları mövzuları buraxaraq, İlahi təlimə iman gətirmək çətin gəlirdi. Peyğəmbərimiz (s) onları Allahın təkliyinə - Uca Rəbdən başqa ibadət ediləcək məbudun olmadığına və özünün peyğəmbərliyinə şəhadət verməyə dəvət etdikdə, onlar bunun cavabında Həzrət İsa (ə) ilə bağlı İslamın münasibətini öyrənmək istədilər. Rəsuli-Əkrəm (s) Nəcran xaçpərəstlərinə çatdırdı ki, Xanım Məryəmin (s.ə.) oğlu Həzrət İsa (ə) – Allah Təalanın bəndəsidir, Allah tərəfindən xəlq olunmuş insandır və Allahın rəsuludur, İlahi dinin elçisidir. Nəcran keşişləri İslamın bu nəzərini qəbul etmədilər. Onlar bildirdilər ki, Həzrət İsa (ə) – Tanrıdır (nəuzubillah!). Buna dəlil kimi, onlar Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini göstərdilər. Bu zaman Allah Təaladan Həzrət Peyğəmbərə (s) vəhy nazil oldu. Vəhy olunan bu ayə, Həzrət İsanın (ə) məsəlinin Həzrət Adəmin (ə) misalı kimi olmasını açıqlayırdı: “Həqiqətən, Allah yanında İsanın hekayəti (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “(canlı insan) ol!” dedi, o da oldu (... onların hər ikisi Allahın əzəli əmrilə, atasız insan oldular. Əgər belə bir iş ilahlığa dəlalət edirsə, gərək onların hər ikisi ilah olsunlar”. (“Ali-İmran” surəsi, 59-cu ayə). Beləliklə, xaçpərəst keşişlər Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini rəhbər tutaraq, onun (nəuzubillah - Allaha sığınırıq bu ibarədən!) Tanrı olmasına israr edirdilər. Lakin, Allah Təala Peyğəmbər (s) vasitəsilə onlara bəyan etdi ki, bu məntiqlə Həzrət Adəmə də həmin vəziyyət aiddir. Həzrət Adəm (ə) vasitəsiz, hətta nəinki atasız, eləcə də anasız dünyaya gəlmişdi (hansı ki, xaçpərəstlər də bunu qəbul edirlər). Bəli, Həzrət İsa (ə) vasitələrdən biri olmadan (atasız) dünyaya gəlmişdir. Əgər atasız dünyaya gəlmək tanrılıq ələmətidirsə, onda niyə bu, tək Həzrət İsayla (ə) məhdudlaşır? Həzrət İsa (ə) vasitələrdən biri olmadan, yəni atasız olaraq dünyaya gətirilmişdir. Nəcran xaçpərəstlərinə çatdırıldı ki, əgər atasız dünyaya gəlmək tanrılıq əlamətidirsə, bu, nə üçün yalnız Həzrət İsaya (ə) aid edilir, ata-anasız dünyaya gələn Həzrət Adəmə (ə) isə aid edilmir?! Əgər xəlq olunmuşlardan kimsə, Allah Təalanın hikməti üzündən, fərqli olaraq dünyaya gəlirsə, məgər bu onun ilahlığının göstəricisidirmi?! Lakin Nəcran keşişləri bir daha inadkarlıq göstərərək, bu danılmaz dəlili qəbul etmək istəmədilər. MÜBAHİLƏ VAQEƏSİ Nəcran məsihilərinin bu məntiqi qəbul etməməsinin səbəbi – onların üzərinə bununla bağlı düşən vəzifələrdən irəli gəlirdi. Onlar vərdiş etdikləri sxemlərdən imtina etməli və dünyagörüşləri ilə bağlı araşdırmalar, tədqiqatlar aparmalı idilər. Bundan əlavə, indiyədək olan vəziyyətlə bağlı öz camaatlarına aydın bir izahatlar verməli idilər. Belə olan şəraitdə Nəcran keşişləri zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, gerçəkdə iman gətirməyiblər. İslamı ürəklə qəbul etmək – müsəlman olmağın ümdə şərtidir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə). Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər. NECƏ HEYƏTLƏ GƏLƏCƏK? Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır. Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək? Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir. Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar. Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, - deyə buyurur. Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə - nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə). Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu. Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, noların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər. ALİ-ƏBA (ə) HADİSƏSİ Bəli, Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni - övladları, Həzrət Fatiməni – xanımların nümayəndəsi və Həzrət Əlini öz canı kimi götürüb “mübahilə”yə, yəni, ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı. Amma bundan öncə, mübahiləyə getməzdən əvvəl, bir əbanı çiyninə saldı və Həzrət Əlini (ə), xanım Fatiməyi-Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) əbanın altına salıb, dedi: “İlahi, hər peyğəmbərin əhi-beyti olmuşdur ki, ona insanların arasında ən yaxınları olmuşlar. İlahi, bunlar da mənim əhli-beytimdir (ev əhlimdir). Onlardan şəkk və günahı uzaqlaşdır. Onları bütün pisliklədən paklandır”. Bu zaman Həzrət Cəbrayıl nazil oldu və onlar haqqında İlahi vəhyi gətirdi: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Әhli-beytdən(əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində - pak etmək istəyir”. (“Əhzab” surəsi, 33-cü ayə). Mübahilə hadisəsi tarixi baxımdan çox önəmli hadisədir. Amma onun əsas önəmliliyi təkcə tarixi fakt olmaqlığı ilə bitmir. Bəlkə də bundan daha artıq əhəmiyyətliliyi – müsəlmanlara Peyğəmbirimizin (s) haqq yolunu tapmaqda yardım etməkdir. Belə ki, insanlara Peyğəmbərin (s) ən yaxın insanlarının kim olduğunu bildirməklə, yəni, dini təmsil edən bir məsələdə, peyğəmbərlik iddiasını təsdiqləyən bir missiyada özü ilə götürdyü insanları tanıtdırmaqla, müsəlmanlara haqq yolunun təqdimatı edilir. Kimlərdən Rəsuli-Əkrəmin (s) mənəvi irsini öyrənməli olduqlarını iman əhlinin diqqətinə çatdırır. “Öğullarımız” dedikdə, Həsən və Hüseyni təqdim edir ümmətə Rəsuli-Əkrəm (s). “Qadınlarımız” deyiləndə, Həzrət Fatiməni (s.ə.) tanıtdırır ümmətə. Bütün möminə qadınların, İslamı təmsil edə biləcək qadınların ünvanı qismində tanıtdırılır Həzrət Zəhra (s.ə.). “Biz özümüz” dedikdə, “canımız” deyildikdə - Həzrət Əlini (ə) təqdim edir bəşəriyyətə. Və bu nuraniyyəti təsdiqləyən nəcranlılar geri çəkilir və bu mənəvi cəmin bütün təbərrüklüyünü bir daha təsdiqləyirlər. RÜKU HALINDA SƏDƏQƏ Zilhiccə ayının 24-də digər bir əlamətdar hadisə də baş verib. Həmin gün Həzrət Əli (ə) namaz qıldığı zaman, məscidə dilənçi daxil olub, sədəqə istəyir. Həzrət Əi (ə) namazın rükusunda olan bir vəziyyətdə mübarək əlini dilənçiyə tərəf uzadır və işarə ilə barmağındakı qiymətli üzüyü götürməyi bildirir. Dilənçi həmin üzüyü götürür. Bu zaman ayə nazil olur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi Allah, onun Peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılıb rüku halında zəkat verirlər”. (“Maidə” surəsi, ayə 55) Hər 2 məzhəbin alimləri bu ayənin şərhində nəql edilən hədislərdə təsdiq etmişlər ki, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi - Həzrət Əlidir (ə) və onun rüku halında üzük bağışlama hadisəsidir. Nəql edirlər ki, bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb, barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur”. Zilhiccə ayının 24-də bir neçə bəyəilən əməl var. O cümlədən, müstəhəb qüsl almaq, oruc tutmaq, 2 rükətli namaz qılmaq. Bu namazın hər rükətində «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq lazımdır. Eləcə də, həmin gün “Mübahilə” duasını oxumaq bəyənilmişdir. Həzrət Əlini (ə) bu gün ziyarət etmək də çox bəyənilmişdir. Bilavasitə ziyarət edə bilməyənlər, müvafiq ziyarətnamə oxumaq kimi imkanlardan yararlana bilirlər. Bundan əlavə, həmin gün fəqir insanlara sədəqə vermək çox bəyənilmişdir. Əlbəttə ki, sədəqə vermək İslam dini tərəfindən hər zaman bəyənilir, amma xüsusi günlər var ki, bunlarda əməllərin savabı daha çoxdur. Uca Allahdan duamız budur ki, bizləri bu günün bərəkətini dərk edənlərdən qərar versin! Amin! Oxşar xəbərlər
|